Yaxud, bütün problemlərin açarı xalqdır
Uzun illərdi hökumət xalqın susqunluğundan ən yüksək səviyyədə yararlanır. Talançılığa, yalançılığa, ədalətsizliyə, kobud rəftara qarşı xalqın susqunluq həmrəyliyi göstərməsi, hökuməti çox ürəkləndirib.
Bu susqunluq, biganəlik o həddə çatdı ki, təyinatlı deputatlar vətəndaşa ağızlarını gələni dedilər və heç bir məsuliyyət hissi keçirmədilər. Biri soğan əkməyə çağırdı, biri müəllimləri fəhləliyə səslədi, biri yorğan məsləhəti gördü, biri az yeməyi tövsiyə etdi və nəhayər deputat Astan Şahverdiyev vətəndaşalrı təhqir etdi. İşıq pulunu ödəyə bilməyən vətəndaşların etirazını Astan Şahverdiyev belə qiymətləndirdi: “burda sərxoş, nəşəli adamlar var. Onlar cəmiyyətin tör-töküntüləridi. Rusiyada bizim haqqımızda pis fikirdədilər, çünki ölkənin tör-töküntüləri ora gedir, bazarda işləyir. İndi burda da etiraz edənlər cəmiyyətin “otxod”larıdı”.
Bəli, Astan Şahverdiyev özündən əvvəlki mandatlıların “rekord”unu qırdı və özünə misli görünməmiş “hörmət” qazandı. Artıq neçə gündür ölkənin gündəmini bu adamın “repertuar” ı tutub. Sosial şəbəkələrdə hamı eyn imövqedən çıxış edərək, bu adamı təhqir edir, ölkənin hər yerində bu adam haqqında ən ağır ifadələr işlədilir, hətta ölkə xaricindən də böyük təpkilər gəlməkdədir. Adam uzun illər deputat olsa da cəmiyyətdə tanınmırdı, səsini eşidən olmamışdı. Amma uzun illərdən sonra bir dəfə danışdı, “quş” buraxdı və “məşhur”laşdı.
Mübaliğəsiz demək olar ki, bugünə qədər heç bir məmura, deputata qarşı bu qədər etiraz, aqressiya olmamışdı. Astan Şahverdiyevin səsləndirdiyi fikirlər gündəmdən düşmədi və qəzəb dalğası artmaqda davam etdi. Hətta bu adamın qardaşı oğlu da əmisinin həmin vaxt sərxoş olduğunu, onun dediklərinə görə Şahverdiyevlər nəslinin məsuliyyət daşımadığını bildirdi.
Bəli, dünənə qədər tənqid diliylə danışan adamlar, bu hadisədən sonra açıq şəkildə təhqirə keçdilər. Vəziyyət o həddə çatdı ki, Astan Şahverdiyev xalqdan üzr istədi. Prezidentin köməkçisi Əli Həsənov
“Azərbaycan prezidentinin və dövlətinin xaricdə yaşayan soydaşlarımızla bağlı mövqeyi birmənalıdır və bu yanaşmada həmvətənlərimizin fəaliyyətinə yüksək qiymət öz əksini tapıb. Prezident İlham Əliyev də ümummilli liderin xaricdə yaşayan soydaşlarımızla bağlı həyata keçirdiyi siyasətə həmişə sadiqliyini nümayiş etdirir. Hər hansı şəxsin xaricdə yaşayan azərbaycanlılarla bağlı fikirləri yalnız onun öz düşüncəsinin məhsulu olub fərdi mövqeyini ifadə edir. Bununla bağlı məsuliyyəti də bilavasitə o özü daşıyır” açıqlamasını verdi.
Əslində, bu yazının yazılmasında əsas məqsəd də məhz bu məqamı önə çıxarmaqdı. Bir daha aydın oldu ki, ictimai rəyin basqısı, insanların birmənalı etirazı deputatı geri çəkilməyə, hökuməti açıqlama verməyə məcbur etdi. Deməli, xalqın mövqeyi həlledicidir, xalq ayaqda olsa heç kim onu təhqir edə bilməz, haqqına girməyə cəhd etməz.
Bəli, Astanların xalqı təhqir etməsinin əsas səbəbi susqunluq, biganəlikdir. Vəziyyətin bu həddə çatmasında bizim də günahmız var və bu böyük günahdır. Səsimiz oğurlananda, korrupsiya tüğyan edəndə, monopoliya meydan sulayanda etiraz edə bilsəydik, bu gün heç bir deputat vətəndaşı “otxod” adlandıra bilməzdi.
Nə qədər ki, bu susqunluq davam edəcək, o zamana qədər də xalqı sayan olmayacaq. Ölkədə həqiqi islahatların aparılması da, qiymətlərin ucuzlaşması da, ədalətli məhkəmənin, keyfiyyətli təhsilin olması da xalqdan asılıdır. Xalq yoxa çıxanda, bütün pisliklər üzə çıxmağa başlayır.
Susqunluq yolunun sonunda təhqir var. Səsimizi çıxarmalıyıq ki, sonda hörməti, qayğını, qiyməti görək. Bəli, Astanın “otxod” kəlməsi nəticə çıxarmaq üçün böyük örnəkdir.
İlham