Ailələri saxlanılanlarla görüşə bilmir

qacqin-etirazBiləsuvar rayonunda yaşayan məcburi köçkünlərin etirazından sonra həbs edilənlərin valideynləri onlarla görüşə bilməməkdən şikayətçidir.

Saxlanılan 3 nəfərdən biri, Cəlal Quliyevin anası Hüsniyyə Məmmədova BBC Azərbaycancaya bildirib ki, o niyə məhz oğlunun saxlanılması səbəbindən hələ də “xəbərsizdir”. Ana deyir ki, onu “oğluna baş çəkməyə qoymurlar”.

“Deyirlər İmişlidə idi, Bakıya aparıblar, amma dəqiq xəbərimiz yoxdur. Ona verilən maddəyə görə, guya mənim oğlum çevriliş edib. Guya yeyiblər içiblər, narkomandırlar. Mənim uşağım içki içən deyil ki, nə isə də etsin”, ana deyir.

Baş prokurorluq sözçüsü Eldar Sultanov BBC Azərbaycancaya “onların istintaq təcridxanasında saxlanıldığını” bildirib və əlavə edib ki, “onlar mürəciət etsinlər, narahatçılığa əsas yoxdur”.

22 dekabr tarixində Biləsuvar rayonunda Cəbrayıl rayonundan məcburi köçkün düşmüş insanalr üçün tikilmiş qəsəbələrdə yaşayan sakinlərin bir qrupu istifadə etdikləri elektrik enerjisi haqqının ödənilməməsi tələbi ilə Cəbrayıl Rayon İcra Hakimiyyətinin inzibati binasına doğru yürüş edib.

Yürüş zamanı polislə toqquşma baş verib və hadisə ilə bağlı Cəlal Quliyev, İlkin İsgəndərov və Gülağa Alməmmədov saxlanılıb.

Baş Prokurorluq hadisə zamanı etirazçı və polis arasında yaranmış qarşıdurma nəticəsində 9 polisin yaralandığını bildirib.Rəsmi məlumata görə, polislərə “daş və ağac parçaları ilə müxtəlif dərəcəli bədən xəsarətləri” yetirilib və həmçinin bir xidməti avtomobilin şüşəsi sındırılıb.

Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair işlər üzrə İstintaq idarəsində cimayət məcəlləsinin əmlakı qəsdən məhv etmə və ya zədələmə, ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və hakimiyyət nümayəndəsinə təhlükəli zor tətbiq etmək maddələri ilə cinayət işi başlanıb.

Hüquq müdafiəçiləri ittihamda irəli sürülən bəzi maddələri “siyasi motivli” adlandırır və əlavə edir ki, ittihamlar “kifayət qədər ciddi sual doğurur”.

Baş Prokurorluq konkret maddələrin ictimaiyyətə açıqlandığını deyir və maddələrin siyasiləşdirməsini rəsmi olaraq qəbul etmədiyini bəyan edir.

Hadisə necə baş verib?

Qəsəbə sakinlərindən biri deyir ki, hadisə baş verən gün minə yaxın sakinin işığı kəsildiyindən onlar yola yığılıb. Yola yığılan sakinlərlə ilk əvvəl polis danışıqlara başlayıb və sakinləri 7-ci qəsəbədə yerləşən kluba toplayıb.

Klubda toplanan sakinlərlə “icra hakimiyyətinin birinci müavini və bir nəfər icra nümayəndəsi” gəlib və sakinlərə “vəd” ediblər ki, işıq pulu yığılacaq və işıq sönməyəcək.

“Elə bu dəmdə işıq yenidən sönüb” və camaat bu dəfə rayon rəhbərinin onlara “söz verməsini istəyib” və bu məqsədlə polislərlə birlikdə icra hakimiyyətinə doğru addımlayıblar.

“7-ci qəsəbədən çıxıblar 4-cü qəsəbəyə qədər. İcra hakimiyyətinin qabağında olanda heç bir rayon rəhbəri millətin qarşısına çıxıb deməyib ki, sizin işığınız keçməyəcək. Heç kim kabinetindən çölə çıxmayıb. Sonra polislə qarşıdurma yaranıb”, deyə sakin hadisəni nəql edir.

Sakinlər bildirib ki, qəsəbəyə 10 ildən çoxdur qazın çəkilməməsi səbəbindən işıqdan çox istifadə edilib və yaranmış borca görə işığın tez-tez sönməsi ilə bağlı icra hakimiyyətinə müraciət etsələr də rayon rəhbərliyi reaksiya verməyib.

Cəbrayıl rayon icra hakimiyyətinin özünü təqdim etməyən nümayəndəsi səsləndirilən iddiaları təkzib edib:

“Camaat içində deyilik, hardayıq biz? Əlbəttə, görüşürük” deyən icra nümayəndəsi “sən Allah, vaxtımız yoxdur” deyib telefon dəstəyini asaraq BBC Azərbaycancanın hadisə ilə bağlı digər suallarını cavablandırmaqdan imtina edib.

Hüsniyyə Məmmədova BBC Azərbaycancaya müsahibəsində deyib ki, “deyilənə görə, polislər nə isə partlayıcı maddə atıblar” və bundan sonra camaat “geri çəkilib”.

“Geri çəkiləndə görüblər ki, o partlayıcı nədirsə atırlar, bunlar da daş götürüb başlayıblar daşlamağa. Bundan sonra da polislər qəsdən özləri vurub. Biləsuvar, İmişli, Beyləqan, Cəbrayılın polisləri tökülüb deyirlər. Camaatın qabağına gələn maşınla da necəsini dubinka ilə döyəcləyiblər”, xanım Məmmədova “bir neçə nəfəri yaralayıblar” deyir.

Baş Prokurorluğun sözçüsü Eldar Sultanov deyir ki, hadisə vaxtı xəsarət alan sakin varsa o, aidiyyatı üzrə istintaqa müraicət edə bilər.

“Məhkəmə tibbi ekspertiza təyin olunmaqla həmin şəxs və ya şəxslərə dəyən xəsarətin ağırlıq dərəcəsi müəyyən edilə bilər”, o əlavə edib.

Siyasi motiv

Hüquq müdadiəçisi Rəsul Cəfərov deyir ki, ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə ilə irəli sürülən maddə “nəinki Azərbaycanda, bütün dünyada siyasi maddə kimi qəbul olunur”.

“Kifayət qədər ciddi sual doğuran məsələdir ki, [ictimai qaydanı pozma] hansı şəraitdə baş verib. Bizdə sadəcə hüquq mühafizə orqanları kütləvi həbs aparır, ondan sonra müəyyən edirlər ki, hansı şəxs hansısa bir hərəkətdə iştirak edib ya etməyib. Amma polisin özünün, hüququ mühafizə orqanlarının və ya icra strukturlarının, digər dövlət qurumları nümayəndələrinin həmin hadisədə davranışı, onların hərəkətləri araşdırılmır”, deyə hüquq müdafiəçisi Quba və İsmayıllı hadisələrində baş verən həbslərdən ixtibas edərək “hadisəyə səbəb olan məsələnin kökü araşdırılmır” deyə sual edir.

Cənab Sultanov deyir ki, maddələrdə qeyd edilən hadisələrin həmin şəxslər tərəfindən törədilməsində “əsaslı şübhələr” olduğundan, onlara həmin ittihamlar irəli sürülüb.

“Hardadır orda siyasi motiv?”, deyə qurum rəsmisi suala sualla cavab verir.

“13 il qazsız qəsəbə”

Məcburi köçkünlərin sözlərinə görə, 2003-cü ildən salınan 11 yaşayış məntəqəsindən ibarət qəsəbədə bu günə qədər qaz xətti çəkilməyib
Məcburi köçkünlərin sözlərinə görə, 2003-cü ildən salınan 11 yaşayış məntəqəsindən ibarət qəsəbədə bu günə qədər qaz xətti çəkilməyib

Sakinlər deyir ki, qaz olsaydı işıqdan bu qədər çox istifadə etməzdilər.

Onların sözlərinə görə, 2003-cü ildən salınan 11 yaşayış məntəqəsindən ibarət qəsəbədə bu günə qədər qaz xətti çəkilməyib.

Qəsəbə sakinlərindən biri deyir ki, borcları ilə bağlı hər ay “Azərişıq” ASC-nin İmişli rayon şöbəsinin nümayəndəsi gəlib “onlardan pul yığır”, amma ödənişlə bağlı onlara qəbz “təqdim etmir”.

“Pulu gəlib yığırlar, nə bizə kart verirlər, nə də bir şey verirlər ki, siz bu qədər pul ödəmisiniz. Bir dənə gəlib sayğacdakı göstəricini yazıb gedirlər. Pul yığırlar, nə edirlərsə elə deyirlər ki, pul köçürülməyib”, xanım Məmmədova deyir.

Digər bir sakinin sözlərinə görə, qurum nümayəndələri işığa olan borcu ilə bağlı hər ay ondan “10-12 manat pul alır”.

“Borcumuz olanda bu haqda sənəd verirlər. Başqa heç nə, qəbz vermirlər. Pulu vermirsən, işığı kəsib atırlar yerə. Deyiriksə də ki, bizim borcumuzu ödəyirlər, amma nə fərqi var”, qəsəbə sakinlərindən biri deyir.

Qəsəbənin digər sakini isə deyir ki, ona ödədiyi pulun müqabilində qəbz veriblər, amma pul olmadığından borcunu tam ödəyə bilmir.

Səsləndirilən məsələlərlə bağlı “Azərişıq” ASC-nin mətbuat xidməti Tanrıverdi Mustafayev BBC Azərbaycancanın suallarını cavablandırmaqdan imtina edib.

“Azəriqaz” İstehsalat Birliyinin sözçüsü İbrahim Kərbəlayi deyir ki, qurum yalnız dövlət proqramında nəzərdə tutulan əraziləri qazlaşdırır və bunu “Azəriqaz” deyil, yerli icra orqanları müəyyən edir.

Cəbrayıl RİH-dən BBC Azərbaycancaya bildirilib ki, Cəbrayıl rayonu işğal altında olduğundan qəsəbəyə qaz çəkilişi ilə bağlı regionların sosial iqtisadi inkişaf proqramında heç nə nəzərdə tutulmayıb.

Buna baxmayaraq, icra nümayəndəsi qaz çəkilişi ilə bağlı SOCAR-a müraciətlər olunduğunu deyir.

“Bizim 2 kilometrlik kəndimizə qaz çəkilməyənə qədər bizə qaz addamayacaq. Bu ilin sonuna qədər 11 kəndə qaz çəkilən vaxta bizə də çəkilməliydi, amma maddi məslələr görə dayandı”, deyərək qurum rəsmisi “qəsəbəyə qaz çəkilməsi planda var” əlavə edib.