Eldar Sabiroğlu
Dünyanın fəlsəfi fikir tarixinə çox böyük töhvələr vermiş antik yunan filosofu Sokratın cəmiyyət və insani münasibətlərlə bağlı müdrik sözləri bu günün özündə də aktuallığını, ibrətamizliyini itirməmişdir. Adi daş- yonan oğlu olan Sokrat yazır: “ Hakimdə dörd zəruri keyfiyyət olmalıdır. O, səbr və nəzakətlə dinləməyi bacarmalı,ağıl ilə cavab verməli,soyuqqanlı düşünməli və qərəzə yol açmadan ədalətli qərar çıxarmalıdır”. İlk baxışda çox sadə təsir bağışlayan bu dərin hikmətdə günümüzün reallıqlarını axtararkən adam məyus olmaya bilmir. Azərbaycanın məhkəmə hakimiyyətində bu nəhəng filosofun qeyd etdiyi ahəngi tapmaq və haradasa ədalətli hakimi göz önünə gətirmək qeyri-mümkündür. Ola bilsin səhv edirəm, ancaq bir nümunə, müsbət mənada təsir bağışlayacaq hakimin fəaliyyətini göstərəcək misal gətirməkdə çətinlik çəkirəm. Yenə də hamının üzərinə ləkə atmaq düşüncəsindən uzağam. Cəmiyyət sözün həqiqi mənasında ədalətlə işləyən, qanunu üstün tutan hakimə təşnədir.
Günahsız təqsirləndirilən, xüsusuilə sərbəst mövqe ortaya qoyan, azad fikrə dayanan vətəndaşlarımızın hakimin dahi Sokrat demişkən, qərəzə yol vermədən ədalətli qərar çıxarmasının şahidi olmamışam. Demokratik dövlətin əsas üstünlüyü ondadır ki, orada müstəqil məhkəmə vardır və hakimlər yedək rolunda öz konstitusion fəaliyyətlərini icra etmirlər. Qanun hər şeydən əvvəl hakimin vicdan səsi olmalıdır. Bu səsi içində boğan və onu şəxsi maraqlarının qurbanına çevirən hakimin ədalətindən söhbət açmaq olduqca ağırdır. Müstəqil məhkəməsiz möhkəm dövlətin əsaslarından danışmaqla özünüzü aldatmayaq. Məhkəmənin asılı olmadığı sistemlərdə dövlətin başı həmişə uca görünür. Arxasını gətirmirəm. Yüksək dövlət məmuru yəqin etsə ki, vətəndaşın hüquqlarını tapdaladığı halda məhkəmə onun dərisini boğazından çıxarar, o zaman həmin məmur heç bir mənada bu addımı atmaz, saymamazlıqla, vətəndaşı aşağılamaqla, özbaşınalıqla məşğul olmaz. Bizdə isə məhkəmə hakimiyyətin yedəyində süründüyünə, sifarişli qərarlar çıxardığına görə öz konstitsion dəyər və əhəmiyyətinə sarsılmaz zədələr yetirmişdir. Yəni məhkəmələrimizə cəmiyyətin inam və ümidləri yüngül desəm, xeyli dərəcədə azalmışdır.
Nə qədər çətin görünsə də, deməliyəm ki, ölkəmizdə məhkəmə adı çəkiləndə insanlar öz kükrəyişini sadəcə gizlədə bilmirlər. Kimi dindirirsən gileylidir, ikrahla danışır. Niyə belə olmalıdır? Nədən məhkəmə sistemimizlə, yeri gəlmişkən, buraya prokururluğu da aid edə bilərik, vətəndaş münasibətləri arasındakı körpülərin dayaqları bu dərəcədə ovudulmuşdur? Bəyan ediriksə, ölkədə demokratik qaydalara,hüquq normalarına uyğun bir quruluş yaratmışıq, o zaman məhkəmə sistemimizdəki bu çatışmazlıqlar, mövcud qanunlardan kənar aparılan işləklər bəs haradan özünə yer tapır?. Ancaq təəssüflər olsun ki, tapır və hətta məhkəmələrimiz siyasi sifarişlərin, şəxsi tapşırıqların bir təkərinə,özü də yaman günlü bir təkərinə çevrilir. Acınacaqlıdır.
Son hesabla uduzan dövlətimizlə birlikdə cəmiyyətimiz olur.Hüquqlara dayanan ölkəni beləmi qururuq? Hər nə qədər qınansam da və qərəzli münasibət də suçlansamda içimdən keçən həqiqətləri gizlətməyi bacara bilmirəm. İnsanlarda məhkəmələrimizə inam hissini demək olar ki, öldürüb yerində də başdaşı ucaltmışıq. Digər tərəfdən bu cür anormal vəziyyət qoşulduğumuz beynəlxalq konvensiyalara da nə dərəcədə səmimi yanaşdığımızı parlaq şəkildə nümayiş etdirir.
Məhkəmə sistemində dəyişiklik etməyin vaxtı boşuna buraxılsa da,yenə də gec deyil. İnamı qayratmaq,məhkəmələrin yalnız və yalnız qanunlara istinad etməklə müstəqil fəaliyyətlərini bərpa etmək, onun üzünə qapanan qapıları açmaq üçün hakimiyyətin təxirə salmadan islahatlar aparmasına ciddi ehtiyac vardır. Bu yoldan çəkinəcəyiksə,problemləri getdikcə dərinləşdirməli olacağıq.
Hər şeyin normal olduğu barədə hakimiyyətin zirvəsinə çatdırılan yalan məlumatların üzərində düşünməyin zamanı çatıb,hətta deyərdim ki,xirtdəyə dirənib.Günahsız insanların təqibində məhkəmələrimizin bir növ qanundan kənar cəza mexanizminə çevrilməsinin önü kəsilməlidir. Belə vəziyyət ölkə vətəndaşlarında çarəsizlik əhval-ruhiyyəsi yaradır ki, bunu gizlətməyin artıq yeri yoxdur. Açıq danışanları və müxtəlif eybəcərlikləri ictimai fikrə daşıyan fərqli mövqe sahiblərini təzyiq və təqib altında saxlamaqdan geri durmalıyıq. Əks təqdirdə bu cür vəziyyətin hansı nəticələri meydana çıxaracağını dərindən düşünmək gərəkdir. Doğru söz deyən düşmən kimi qəbul edilməməlidir və belələrini qisas almaq üçün şərləyib, qondarma və qurama işlərə görə məhkəmə önünə çəkməməliyik.
Bu mənəda Zərdab rayon prokurorluğunun keçmiş müstəntiqi oğlum Rüfətin timsalında mən məhkəmələrimizin hansı durumda olduğuna şahidlik etdim.Rüfətə hakimiyyətin çox acıqlı olduğu hər kəsə məlumdur.Məhkəmələrdən də bir mərhəmət əvvəldən gözləmirdim.Çünki sabiq müstəntiq elə bir addım atmamışdı ki,ona yumşaq münasibət göstərilsin. Prezident İlham Əliyev hələ belə qurtardısa, buna şükür etməliyik. Rüfət bilavasitə onun tapşırığı əsasənda 9 il müddətinə azadlıqdan məhrum edilmişdir.
Rüfət bir məqamda hiss etmədi ki,hakimiyyəti tənqidə məruz qoymaq, ölkənin hüquq sistəmindəki rüşvətxorluğa,qanununsuzluğa etiraz əlaməti olaraq istefə verməyin bədəlini necə ödəyə bilər?! Hərdən qulağım eşidir ki,prezident bir dəfə öz yaxşılığını etdi, birinci dəfə Rüfəti ev dustaqlığına buraxdırdı,lakin o bunu qiymətləndirməyi bacarmadı, yenə yazılarını davam etdirməkdə israrlı olduğunu ortaya qoydu.Sözün doğrusu, əvvəllər bəzi məsələlərin üzərindən sükutla keçirdim, ancaq indi soruşmaq istəyirəm, yol vermədiyi cinayət görə onun barəsində nədən cinayət işi qaldırılır və beş gündən sonra ev dustaqlığına buraxılır?! Lakin Zakir Qaralov dayanmadan saxta şahidlər və teleqram şahidləri vasitəsi ilə Rüfətə torba tikməyi davam etdirdi.Birinci dəfə heç kimlə üzləşdirmə aparılmadan onu həbs etdilər. Belə səmimiyyət olmur.
Başqa bir məsələ də var ki, onu söyləməyi vacib sayıram.
Çünki hakimiyyətimiz üçün çox xarakterik cizgilərdir. Hakimiyyət ona müxalif olan və barəsində vaxtilə ən kəskin və təhqiramiz ifadələr işlədən, sonradan “ağıllanaraq” iqtidar tərəfə keçənləri bağışlayır və onlar üçün lazım olan şəraiti yaradır. Lakin içərisindən çıxıb,hakimiyyətə tənqidi münasibət göstərənləri isə ağır cəzalandırır. Mərkəzdənqaçma meyillərinin yaranacağından ehtiyat edərək belələrinə qarşı ən amansız təqbirlər həyata keçir. Rüfətin qismində bunu aydın görə bilərik. İndi bizi ata-bala satqın adlandırırlar,nədən ki, müəyyən, məsələlərlə barışmadığımızı aşkar meydana qoyduğumuza görə təqib altındayıq. Külli miqdarda dövlət malını mənimsəyənlər, korrupsiya ilə məşğul olanlar hakimiyyətə sadiq qismində tanınaraq yenə də öz dövləri vəzifələrini davam etdirilər. Sadiqlik və satqınçılıq bax bu dəyərlərlə ölçülür. Çox təəssüflər!
Mən Rüfətin şərlənərək həbsə atılmasını heç cür qəbul edə bilmərəm və bu yolda qanuni mübarizəmi davam etdirmək əzmindəyəm. Rüfət vicdan məhbusudur. Buradan beynəlxalq təşkilatlara səslənir,günahsız insanların, o cümlədən Rüfət Səfərovun müdafiəsi üçün səylərini əsirgəməmələrini xahiş edirəm. Son olaraq Rüfət Səfərova ölkə daxilində insanların verdiyi dəstəyi və xüsusən görkəmli ziyalımız Eldəniz Quliyevin rəhbərliyi ilə Müdafiə Komitəsinin dəyərli üzvlərinin,tanınmış vəkil Bəhruz Bayramovun çəkdikləri zəhməti təşəkkür və minnətdarlıqla anıram.
Yazı müəllifin facebook səhifəsindən götürülüb