Hüququn Qiyaməti!

yalcin3Yalçın İmanov

Nardaran məhbusları içərisində bir nəfər var: Abduləliyev Şamil Adil oğlu. Gömrük Komitəsində işləyib həbs olunandan az əvvələ qədər. Tale Bağırzadənin yanına gedib-gəldiyinə görə işdən çıxarılıb.

26 noyabr 2015-ci ildə güllələnib. Üç odlu güllə vurublar ona. Bir güllə dəyib çıxsa da, ikisi hələ də bədənində qalır. Baxmayaraq ki, heç bir tibbi əks göstəriş olmayıb, amma guya müalicə olunduğu 3 saylı şəhər Kliniki Xəstəxanasında onu əməliyyat edib, güllələri bədənindən çıxarmayıblar. Reanimasiyada olanda, narkoz altında Feliks Edmundoviçin nəvələri ona etirafedici sənədlərə qol çəkdiriblər. Məhkəmə-tibb ekspertizasının rəyinə görə, onda nazik bağırsağı və sidik kisəsinin ön divarını, qalça sümüyü və sağ bud sümüyünün boyunu zədələyən qasıqüstü nahiyəsinin bir ədəd kor odlu silah /güllə/ yaralanması, sağ baldırının yumşaq toxumasının bir ədəd kor odlu silah /güllə/ yaralanması, sağ baldırın yumşaq toxumasının bir ədəd kor odlu silah /güllə/ yaralanması, sol pəncənin yumşaq toxumasının bir ədəd dəlib-keçən odlu silah /güllə/ yaralanması (cəmi 3 ədəd) aşkar edilib. Yara kanalının istiqamətinə əsasən atəşlər, Şamilə arxadan önə, yuxarıdan aşağıya doğru açılıb.

Şamil məhkəməyə qoltuqağaclarının və iki konvoyun köməyilə gətirilirdi. İlk aylar onun salona gəliş-gedişi o qədər ağır olurdu ki, adamın qəlbi çəkilirdi. Qəfəslikdə oturanda da əziyyət çəkirdi. Dizi qatlanmadığından yaralı ayağını odun parçası kimi uzadıb, ağır keçən məhkəmə prosesi boyunca beləcə də saxlayırdı. Bu həmin vaxtlarıydı ki, təqsirləndirilən şəxslərin dindirilməsi prosesi gedirdi. İfadə verəndə, hamı, hətta məhkəməyə sədrlik edən hakim belə ona oturuqlu halda danışmağı təklif eləmişdi. Ancaq razılaşmamışdı. Simasında aşkar hiss olunan fiziki iztirabla ayağa qalxıb, qoltuqağaclarının köməyilə ifadə vermiş, dövlət ittihamçısı və müdafiəçilərin çoxsaylı suallarına dimdik cavab vermişdi. Onun bu məşəqqətli ayqqüstə dayanması prosesi, qururla yanaşı məhkəməyə, ədalət mühakiməsinə sonsuz ehtiramın əlamətiydi həm də. Sonrakı məhkəmə iclaslarında da məhkəməyə müraciət edəndə çətinliklə də olsa ayağa qalxır, hörmətlə ifadəsinə hansısa əlavə edir, vəkillərin çarpaz suallarına cavab verir, çıxarışlar verirdi. “Bandotdel”in üzünə at kimi duran ikiayaqlısına belə “siz”lə müraciət edir, suallarını verir, məhkəmənin diqqətini aşkar ziddiyyətlərə və nəticə etinbarilə günahsız olduğuna nəcib tövrlə, alicənab ədayla çəkirdi.

Bir sözlə, simvollara hörmətlə! Ədalət mühakiməsi simvollarına! Amma harda?!

Anası həbsinə dözməyib, xərçəng xəstəliyinə titulub, bugünlərdə vəfat edəndə də, eyni alicənablıqla davrandı.
Dövlət ittihamçısının çıxışı (jurnalist dostlarım demiş, “iş istəməsi”) məhkəmənin hökmü hesab edildiyindən, Şamilin, yəqin ki, həyatında ilk dəfə qarşılaşdığı məhkəmə sisteminə dərin ehtiramı qəribə, qarışıq ovqat yaradır adamda. Məhkəmə və prokurorluğun hüquqi insesti önündə qoltuqağaclarının köməyilə sonsuz fiziki iztirabla ayağa qalxan, izzətlə, inamla, hörmətlə danışan gəncin sadəlövh, amma tərtəmiz inamı.

Bu, Azərbaycan məhkəmə-hüquq sisteminin Qiyamətidi!

Lukanın “Müjdə”sində İsa deyir: Dağıdın bu məbədi!…