Əliyev hansı təhlükəsizliklə öyünür?

aliyev-aspa-suÖlkə başçısı İlham Əliyev Milli Olimpiya Komitəsində 2016-cı ilin idman yekunları ilə bağlı keçirilən mərasimdə deyib ki, Azərbaycan dünyada təhlükəsizlik təmin olunmuş ölkə kimi tanınır. Maraqlıdır, görəsən ölkə başçısı təhlükəsizlik deyəndə nəyi nəzərdə tutur? Yəqin ki, Yaxın Şərqdə baş verən proseslərə söykənən fikirlərdir. Lap əvvəllər istifadə etdikləri əsas arqument müharibənin olmaması, sakitlik idi. Bir müddət bu fikir üzərində “propoqanda” aparandan sonra, indi də terror hadisələrinin ölkəmizdə baş verməməsinin arxasına sığınıblar.

Bütün növ terror hadisələrinin, müharibələrin nəticəsində geriyə insan ölümləri, dağıntılar qalır. Ölkəmizin gündəminə diqqət yetirsək, görəcəyik ki, gündə ortalama 5-6 intihar hadisəsi baş verir. Bir il ərzində təkcə 40 neftçi məsuliyyətsizliyin qurbanı olub. Birinci qəzadan sonra heç bir önləyici tədbirlər görülmədi. Budur təhlükəsizliyin təmin olunması? Avtobus qəzalarında həyatını itirənlər bir ara gündəmin əsas mövzusu idi. Pul verib sürücülük vəsiqəsi alanlara, ümumiyyətlə sürücülük vəsiqəsi olmayanlara insanların taleyini həvalə etməkdir təhlükəsizlik?

Bir bina yandı, xoşbəxtlikdən can itkisi olmadı. Yenə baş verənlər qulaq ardına vuruldu, nəticədə ikinci bina yanğını baş verdi, 15 nəfər dünyasını dəyişdi. MTN işi məhkəməsində ortaya kifayət qədər sübutlar qoyuldu ki, bina qəsdlə yandırılıb. Göz görə-görə məmurlar insanlara qarşı terror həyata keçiriblər.

Ölkənin səhiyyə sistemi elə bir biyabırçı vəziyyətə salınıb ki,chər dəfə baş verən həkim savadsızlığına, həkim diqqətsizliyinə təəccüb etməmək olmur. Yoxsa ölkənin təhlükəsizliyi üçün keşik çəkən əsgərlərin döyülərək öldürməsi, bunu edənlərin cəzasız qalmasıdır təhlükəsizlik?

Doğuş zamanı gənc anaların ölümləri, ölkədə 40 mindən artıq onkoloji xəstənin olmasıdır təhlükəsizliyin təmin edilməsi? Ölkədə ərzaq təhlükəsizliyindən söhbət belə gedə bilməz. Dənli bitkilərə qədər xaricdən ixrac edilir. İxrac edilən məhsulların keyfiyyətindən isə danışmağa ehtiyac yoxdur. Həyatını itirənlərin yaxınları üçün az önəmlidir ki, yaxınları terrorun qurbanıdır, yoxsa məmur özbaşınalığının, məmur məsuliyyətsizliyinin?

Azərbaycanda fərdi təhlükəsizliyə diqqət etsək, bu anlayışdan ümumiyyətlə əsər-əlamət yoxdur. İstənilən şəxsə qarşı zorakılıq, işgəncə, qanunsuz həbs halları tamamilə mümkündür. Təkcə MTN işi istintaqına diqqət etsək, görəcəyik ki, yüzlərlə iş adamı ilə hansı formada rəftar edilib. Təhlükəsizlik ölkədə o qədər fontan vurub ki, təhlükəsizlik orqanlarında bir az söz sahibi olan biri istədiyi insandan ürəyi istəyən qədər pul ala bilib. Müqavimətlə qarşılaşanda ona işgəncə verə, nəinki həbs, hətta öldürə də biliblər.

Vətəndaşın təhlükəsizliyi ölkədə o qədər qorunub ki, məhkəmələr istənilən insanı anındaca neçə il desəniz hökmlə “mükafat”landıra bilər. Mətbuat təhlükəsizliyi o qədər yüksək səviyyədə qorunur ki, kimsə aşırı tənqid edən kimi həbslə mükafatlandırır. Ölkədə azad söz adında bir iki mətbuat orqanından başqa demək olar ki, heç nə qoymayıblar.

Təhlükəsizlik istiqamətində bir analoqu olmayan hadisə isə sərbəst toplaşmaq azadlığı ilə bağlıdır. Mitinqlər üçün rəsmi icazə verib, mitinqlər zamanı vətəndaşların təhlükəsizliyini öz üzərinə götürüb, sonda iştirakçıları təqib və həbs edən bir anlayış dünyada başqa yerdə yoxdur.

Bir sözlə, ölkəmizdə hansısa terror dəstələrin törətdiyi partlayışlar şükür ki, yoxdur. Amma bu, ölkədə insan həyatının ucuz olması anlayışını dəyişdirmir – insanlar məsuliyyətsizliyin, özbaşınalığın qurbanı olmaqda davam edir. İkincisi də korrupsiyaya dayanan idarəçilik ölkədə, Allah eləməmiş, istənilən maraqlı qüvvənin terror törədə bilməsinə əlavə imkanlar yaradır. Odur ki, terror olmur deyib ortalıqda öyünə-öyünə gəzməyin. Bu ölkədə insanların başına gətirilənlər heç də terrorlardan geri qalmır…

Və nəhayət, hüquqsuzluq və səfalətin öldürdüyü azərbaycanlıları öz günlərinə şükür etdirmək üçün gözə soxduğunuz bugünün Yaxın Şərqi də bir zamanlar sizlərin tətbiq etdiyiniz qaydadada idarə olunub. Heç olmasa o gözü çıxmış dostlarınızın başına gələnlərdən nəticə çıxarın. Özünüzə də, bu xalqa da yazığınız gəlsin.

Aqil Məhərrəmov