Bu gün bir qrup gənc tərəfindən Güney Azərbaycanlı fəal, insan hüquqları müdafiəçisi “Murteza Muradpurun simasında insan hüquqlarına dair ictimai dinləmələr” adlı tədbir keçirilib. İctimai müzakirə bir qrup fəal gənc tərəfindən təşkil edilib.
İctimai dinləmənin məqsədi İranda insan hüquqları ilə bağlı dünya ictimaiyyətinin məlumatlandırılması, insan Hüquqları təşkilatları və vətəndaş cəmiyyətlərinin iştirakı ilə dialoqların təşkili, ictimaiyyətlə məsləhətləşmələrin keçirilməsi, Murtaza Muradpura edilən ədalətsizliyin dünya ictimaiyyətinə çatdırılması idi.
Murtaza Muradpur etnik azlıqlar haqqında hazırkı qanunvericiliyin təkmilləşdirilməsi və mövcud qanunvericilikdə boşluqların aradan qaldırılması üçün keçirilən aksiyaları dəstəklədiyi üçün İran hökuməti tərəfindən həbs edilmiş Güney Azərbaycanlı gənc fəaldır. Onun istəyi də bir çox soydaşları kimi İran İslam Respublikasının vətəndaşları olan Güney Azərbaycanlılar (və ya İran Türkləri) üçün Azərbaycan dilində təhsilə nail olmaq idi.
Gənc fəal həm də Urmiya gölünün səhralaşması ilə bağlı etiraz səsini ucaldan şəxslərdən biridir. İran cəza məcəlləsinin 134-cü bəndinə əsasən onun cəza müddəti 2 ildən çox olmamalıdır. Buna baxmayaraq, İran hökuməti 134-cü bəndin həyata keçirilməsini təmin etmir və onu qanunsuz olaraq həbsdə saxlamaqda davam edir.
Özünün ədalətsiz həbsinə etiraz olaraq gənc fəal aclıq aksiyasına başlamışdır. O, İran hökumətindən İran cəza məcəlləsinin 134-cü bəndinin həyata keçirilməsini və azadlığa buraxılmasını tələb etməkdədir. Həbs olunmuş Azərbaycanlı hüquq müdafiəçisi Murtaza Muradpur azadlığa buraxılana qədər davam etməyə and içmiş 57 günlük aclıq aksiyası nəticəsində 44 kiloqram çəki itirmiş eləcə də bunun nəticəsində yaranmış böyrək xəstəliyindən əziyyət çəkməkdədir.
Bu günə qədər yalnız İranda insan hüquqlarına dair beynəlxalq kampaniya, “Amnesty İnternational” beynəlxalq agentliyi, HRANA insan hüquqları aktivistlərinin xəbər agentliyi, BBC və Amerikanın Səsi bu ədalətsiz həbsə münasibət bildirmişlər. Təşkil edilmiş ictimai dinləmələr də İranda insan hüquqlarının vəziyyəti və Murtaza Muradpur üçün ədalət, o cümlədən İranda yaşayan bütün Azərbaycanlıların hüquqlarının vəziyyəti haqqında beynəlxalq aləmin məlumatlılığını artırmaq məqsədi daşıyır.
Tədbir zamanı Murtaza Muradpurun vəziyyətinin öyrənilməsi məqsədilə qardaşı Fərdin Muradpurla video-zəng vasitəsilə əlaqə yaradılmış və Azərbaycanda Murtaza Muradpurun dəstəklənməsi haqqında Fərdin Muradpura məlumat verilmişdir.