Milli Şura “Nardaran işi” məhkəmənin gedişi ilə bağlı bəyanat verib. Bəyanatda deyilir:
“Nardaran işi” üzrə məhkəmə prosesi görünməmiş ədalətsizlik və pozuntu ilə davam etdirilir. Artıq neçə vaxtdır ki, məhkəmə iclasları iş üzrə təqsirləndirilən şəxslərin – Müsəlman Biriliyi Hərəkatının sədri Tale Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digər 16 nəfərin iştirakı olmadan keçirilir. Bundan başqa, təqsirləndirilən şəxslər prosesin belə davam etdirilməsinə etiraz olaraq vəkillərindən imtina etsələr də, hakimlər bunu qəbul etmir və vəkillərə təzyiq göstərərək, onları prosesə çıxmağa məcbur edirlər.
Təqsirləndirilən şəxslər prosesə buraxılmamaqla yanaşı, qeyri-insani rəftara da məruz qalırlar. Onları hər dəfə məhkəmə iclası olanda təcridxanadan gətirib məhkəmə binasının soyuq zirzəmisində saxlayır və “proses” başa çatandan sonra geri qaytarırlar. Bunun özü “Nardaran məhbusları”na istintaq dövründə verilən işgəncələrin indi də başqa formada davam etdirilməsidir.
Məhkəmə iclaslarına təqsirləndirilən şəxslərlə yanaşı, onların yaxınları və ailə üzvləri də buraxılmır. Hazırda “Nardaran məhbusları” özlərinə qarşı bu faktiki işgəncə və misli görünməmiş ədalətsizliyə etiraz olaraq aclıq aksiyasına başlayıblar.
Milli Şura Azərbaycan ictimaiyyətini və beynəlxalq birliyi bu 18 nəfər təqsirləndirilən şəxsə qarşı törədilən haqsızlıqlara, onlara verilən mənəvi-fiziki işgəncələrə biğanə qalmamağa çağırır.
Milli Şura bəyan edir ki, “Nardaran işi” üzrə məhkəməni təqsirləndirilən şəxslərin iştirakı olmadan davam etdirmək hakimiyyətin bu prosesdə sonadək ifşa olunmasının qarşısını almaq üçündür. Belə ki, bu məhkəmə prosesi siyasi hakimiyyəti və hüquq-mühafizə orqanlarını tamamilə ifşa etdi. Hər məhkəmə iclasında təqsirləndirilən şəxslərin günhasızlığı, hakimiyyətin Nardaranda sırf siyasi maraqlar naminə qanlı əməliyyat keçirdiyi, Milli Şura və AXCP-ya qarşı əlavə və daha genişmiqyaslı repressiyaya üçün bundan yararlanmaq istədiyi bütün çılpaqlığı ilə üzə çıxdı. DİN əməkdaşlarının Nardarandakı əməliyyat zamanı və ondan sonra törətdiyi dəhşətli qəddarlıqlar, ağılasığmaz işgəncə halları, istintaq zamanı törədilmiş qanunsuzluqlar və zorakılıqlar, cinayət işinin tamamilə qurama olduğu prosesin ilk günlərindən cəmiyyəti şoka salan faktlar kimi ifşa edildi.
Hiss olunurdu ki, hakimiyyətin bütün bu ifşa prosesinə və təqsirləndirilən şəxslərin hər çıxış zamanı səsləndirdikləri ittihamlara əsəbləri dözməyəcək. Məhkəmənin gedişinə polis vasitəsilə müdaxilə cəhdləri də bundan xəbər verirdi. Belə ki, prosesin gedişində şahidləri və “Nardaran məhbuslarını” müdafiə edən ictimaiyyət nümayəndləri polis hədəsinə məruz qaldı. İstintaqda zorla boyunlarına qoyulan ifadələrdən məhkəmədə imtina edib, əsl gerçəkləri açıqlayan şahidləri sonradan hədələdilər, bu nəticə verməyəndə tutub işgəncə verdilər, yenə də nəticə olmayanda qurama cinayət işlərilə həbs etdilər. İclaslara gəlmiş ictimaiyyət nümayəndələri sonradan incidildi, polislə hədələndi, hətta sutkalıq həbslərə də məruz qaldı. “Nardanar məhbusları”na dəstəyini ifadə edən onlarla tanınmış ictimai-siyasi xadim, o cümlədən Milli Şuranın Koordinasiya Mərkəzinin üzvləri polisə çağırılaraq xəbərdar edildi. Təqsirləndirilən şəxslərin hüquqi müdafiəsini zəiflətmək üçün vəkillərə təzyiq göstərildi.
Bütün bunlar ona görə edilirdi ki, “Nardaran əməliyyatı” ilə bağlı başdan-ayağa qanunsuzluqlarla tərtib edilərək, özü ən ağır cinayət əməlinə çevrilmiş qondarma cinayət işini məhkəmədə rahatlıqla “sübuta yetirmək” mümkün olsun. Ancaq bütün bu tədbirlərin heç biri effekt vermədi – nə vəkillər müdafiə işini zəiflətdi, nə şahidlər həqiqətləri açıb deməkdən çəkindi, nə təqsirləndirilən şəxslərin ictimai müdafiəsi zəiflədi, nə də onların özləri hakimiyyəti ifşa edən çıxışlarını səngitdi. Belədə məhkəmə prosesləri yarımqapalı keçirməyə, iş üzrə əsas şahidləri dindirməkdən yayınmağa, müdafiə tərəfin vacib vəsatətlərini qəbul etməməyə və bütün sifarişli məhkəmələrdəki kimi, ədalətin üzə çıxarılması yox, sifarişə uyğun don biçilməsi üçün atılan başqa addımları atmağa başladı. Kulminasiya isə təqsirləndirilən şəxsləri onların iştirakı olmadan mühakimə etmək və vəkilləri, onların xidmətindən imtina olunmasına baxmayaraq, zorla prosesə çıxmağa vadar etmək oldu. Məhkəmənin bu qərarları həm də Cinayət Prosessual Məcəllənin kobud şəkildə pozulması deməkdir. Təəssüf ki, nə aidiyyatı nəzarət orqanları məhkəmənin bu hərəkətinə qiymət verdi, nə də Vəkillər Kollegiyası hətta müraciət olunsa da, vəkillərin müdafiəsində durdu. Hərçənd həmin orqanlardan bunun əksi də gözlənilmirdi və gözlənilmir.
Milli Şura Azərbaycan tarixində dərin izlərlə qalacaq bu məhkəmə prosesinin belə absurd məcrada aparılmasına etirazını bildirir və vəziyyətin dəyişilməsini tələb edir. Milli Şura tələb edir ki, “Nardaran məhbuslarına” verilən mənəvi-fiziki işgəncəyə son qoyulsun, məhkəmə prosesi təqsirləndirilən şəxslərin iştirakı ilə, hərtərəfli araşdırmalarla, siyasi sifariş və polis təzyiqinin müşaiyəti olmadan keçirilsin, həqiqətlərin üzə çıxarılması və ədalətin bərpa olunmasına xidmət etsin.
Milli Şura siyasi hakimiyyətdən məhkəmənin işinə müdaxiləni dayandırmağı tələb edir, eyni zamanda hakimlər heyətini qanunlar və mənəvi öhdəliklər qarşısında məsuliyyətini dərk etməyə çağırır. Bu gün törədilən qanunsuzluq və haqsızlıqların hər bir səbəbkarı yaxşı bilməlidir ki, vaxt gələcək, ədalət mühakiməsi qarşısında cavab verməli olacaq.