İran və Ermənistan azad ticarət zonası yaratmaq istəyir

ruhani-serkisyanİran prezidenti Hassan Rouhani dünən – dekabrın 21-də Ermənistana səfər edib. O, Yerevanda erməni həmkarı Serzh Sarkisian və baş nazir Karen Karapetian-la görüşüb, Ermənistan-İran biznes forumuna qatılıb.

AzadlıqRadiosunun erməni xidmətinin yaydığı məlumata görə, prezidentlərin görüşündə regional təhlükəsizlik, xüsusilə Qarabağ məsələsi müzakirə olunub. İran prezidenti tərəfləri münaqişəni sülh yoluyla həll etməyə çağırıb.

SÜLH MARAĞI

«Azərbaycanla Ermənistan bizim tərəfdaşlarımızdır və biz Qarabağda sülhə danışıqlarla nail olmağın mümkünlüyünə inanırıq. Bütün region ölkələri belə sülhün marağındadır. Münaqişənin hərbi yolu yoxdur». H.Rouhani mətbuatla görüşündə belə deyib.

Ermənistan prezidenti S.Sarkisian Tehranın Qarabağ məsələsində «tarazlı» mövqe tutmasını yüksək qiymətləndirdiklərini söyləyib, Yerevanın da Qarabağ münaqişəsinin sülhlə həllinə tərəfdar olduğunu deyib.

İran və Ermənistan prezidentləri ticarət, energetika, nəqliyyat, təhlükəsizlik sahələrində əməkdaşlığı gücləndirməyin vacibliyini vurğulayaraq, bir neçə sənədə imza atıblar.

Qərb mətbuatı prezidentlərin nəqliyyat marşrutlarını genişləndirmək, təhlükəsizlik sahəsində əməkdaşlıq təşəbbüslərini vurğulayır.