“Pullar Əli Abbasovun göstərişi ilə ayrılırdı”

vidadi zeynalov

“Əli Abbasovun xalası oğlu ifadə verdi”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq Aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, həmçinin Emin Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, “Optik Qurğular” İdarəsinin rəisi Namazəli Məmmədov və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Adil Qasımov ifadə verib.

O, təqsirləndirilən şəxslərdən heç kimi tanımadığını, “Yeni Həyat” MMC-nin direktoru olduğunu deyib. İstintaqa verdiyi ifadəni təsdiq etdiyini bildirən A.Qasımov tikinti üçün 80 min manat ayrıldığını söyləyib: “Həmin pulun 40%-ni isə “Aztelekom” MMC-nin işçisi Həsənalı vasitəsilə onların rəhbərliyinə qaytarırdım. Pulun kimə verildiyini konkret olaraq bilmirəm. Bir sözlə, heç nə qazanmırdıq, hamballıq edirdik”.

Təqsirləndirilən “Aztelekom” MMC-nin baş mühasibi O.Rüstəmov bildirib ki, şahid A.Qasımov bütün işləri Vidadi Zeynalovla həll edib.

Daha sonra A.Qasımovun istintaqa verdiyi ifadəsi elan olunub. O, ifadəsində O.Rüstəmovu tanıdığını, geri qaytardığı məbləği ona çatdırıldığını qeyd edib. Bundan sonra A.Qasımov məhkəməyə verdiyi ifadəsini təsdiq etdiyini vurğulayıb.

“Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş direktor müavini Əhməd Mehdiyev dindirilərkən I Avropa Oyunları ilə bağlı kabelləşmənin 200 km məsafəni qovşaqlar, qalan hissəsini isə özəl şirkətlərin çəkdiyini bildirib. Onun sözlərinə görə, müqavilə özəl şirkətlərlə bağlanılıb.

Təqsirləndirilən B.Hüseynov I Avropa Oyunları ilə bağlı işlərin görülməsi üçün 10 milyon manat vəsait müəyyən olunduğunu deyib.

“Qafqaz İnşaat” MMC-nin rəhbəri Qorxmaz Həziyev ifadəsində rayonlarda tikinti işlərində çalışdıqlarını, şirkətin gördüyü işlərin ümumi həcmi təxminən 20 milyon manatdan ibarət olduğunu deyib. Q.Həziyev Elçin İbrahimovun onun dostu olduğunu söyləyib: “Bunu hamı bilir ki, Elçin keçmiş nazir Əli Abbasovun qaynıdır. Elçinə usta, texnika lazım olanda mənə deyirdi. Mən də onun üçün göndərirdim”.

V.Zeynalov “Qafqaz İnşaat” MMC-yə pulların göndərilməsinə sabiq nazir Ə.Abbasovun göstərişi ilə özünün nəzarət etdiyini bildirib. O, şişirdilmiş rəqəmlərin özlərinə aid olduğunu vurğulayıb.

Günün ikinci yarısında davam etdirilən prosesdə şahid Vüqar Əfəndiyev dindirilib.

O, “Azərpoçt”da baş mühasib olduğunu deyib. Şahid rəhbərlikdən pul aldığını etiraf edib: “Bağlı şəkildə şirkətlərdən alıb, Vidadi Zeynalova aparıb vermişəm”.

Şahid qismində “Aztelekom” MMC-də şöbə rəisi olmuş Həsənqulu Qurbanov ifadədəsində əsasən binaların eskiz layihələrini hazırladıqlarını söyləyib. O, sabiq nazir Əli Abbasovun xalası oğlu olduğunu deyib.

Daha sonra H.Qurbanovun ifadəsinin ibtidai istintaqla ziddiyyət təşkil etdiyi açıqlanıb. Onun ifadəsi elan olunub. Şahid ifadəsində göstərilib ki, “Aztelekom” MMC-də alınacaq tikinti materiallarının qiyməti yüksək göstərilib və buna görə dövlətə külli miqdarda ziyan dəyib.

H.Qurbanov isə bu ifadəsindən xəbərsiz olduğunu bildirib.

Şahid İlqar Hüseynov isə ifadəsi zamanı “Təmir Təchizat Servis” MMC-də anbardar vəzifəsində çalışdığını söyləyib. O, tikinti materiallarının qiymətləri cəmiyyətin mühasibatlığında bir neçə dəfə artıq göstərildiyini vurğulayıb.

Məhkəmənin növbəti icladı dekabrın 23-nə təyin edilib. (report)