«İki gün öncə yığışdıq, getdik qaz idarəsinə, tələb etdik ki, bu idarənin yiyəsi çıxsın, bu qədər adamın qarşısında səbəb desin ki, «Qaçqınkom»un bizim üçün ödədiyi qazpulunu basıb yeyən «Azəriqaz» niyə bizi soyuqdan dondurur… O, qarşımıza çıxıb «Azəriqaz»ın bura təhkim olunmuş işçisi kimi cavab verməliydi, ancaq heç vecinə də olmadı. Deməli, qazpulunu alıb yeyirlər, qaz vermirlər, üstəlik, özümüzü adam yerinə də qoymurlar. Ən azı, mən ora əlil arabasıyla getmişdim, heç olmasa, buna görə qarşımıza çıxaydı».
Qaz tələbi Ağdamın Əlibəyli kəndində məskunlaşan köçkünlərdən gəlir. 1-ci qrup əlil Məhəmməd İsmayılov AzadlıqRadiosuna danışır ki, həftədə azı üç dəfə qonşuların köməkliyi ilə elə əlil arabasında rayonun qaz idarəsinin qabağına gəlir, tələblərini səsləndirir.
«HEÇ 2 MANATLIQ YANACAQ İŞLƏDƏ BİLMİRİK»
Əlibəyli kəndində qazlaşdırma və sayğaclaşma işləri 4 il öncə başa çatıb. Ancaq ötən 4 ildə sakinlər mavi yanacağın istisinə doyunca isinə bilməyiblər. Qaz gah aşağı təzyiqlə verilir, gah da yerli-dibli kəsilir.
Məhəmməd İsmayılov: «Köçkün kimi hər ay «Qaçqınkom» «Azəriqaz»a ailəmizin üzvlərinin sayına görə cəmi 14 manat 50 qəpik pul ödəyir. Əvəzində isə ay ərzində heç 2 manatlıq yanacaq işlədə bilmirik. Mən də təklif edirəm ki, «Qaçqınkom» o pulu versin özümüzə, gedək odun alaq, yandıraq, canımızı isidək».
Kənd sakini İdris Qurbanov deyir, onları mavi yanacağın olmamasından çox qaz idarəsində qarşılaşdıqları münasibət «dondurur»: «Gedirik, qaz idarəsinin işçiləri qapını arxadan bağlayırlar, sonra da pəncərədən bizə tamaşa edirlər. Deyirəm, ay başınıza dönüm, qapını arxadan niyə bağlayırsınız? Biz kosmosdan gəlməmişik ki, sizinlə bir rayonda yaşayırıq. Siz də işdən çıxıb gedib evdə yorğana bürünüb oturursunuz».
«PREZİDENT BİLSƏ…»
Səbuhi Səmədovsa düşünür ki, prezidentin Əlibəyli kəndinin qazsız qalmasından xəbəri yoxdur. Bilsə, tədbir görər: «Vallah, bu məmurlar İlham Əliyevi aldadırlar. O bilsə ki, biz özümüz soyuqdan donuruq, heç vaxt öz vətəndaşını soyuqdan dondurub erməni kilsəsinə pulsuz qaz verməz».
Ağdam rayon Qaz İdarəsinin rəisini heç AzadlıqRadiosu da tapıb danışdıra bilmədi. İdarədən gah ərazidə, gah da iclasda olduğunu bildirdilər. İdarə əməkdaşı qazın təzyiqinin aşağı olmasını ana xətdəki təzyiqin azlığı ilə əlaqələndirdi və bildirdi ki, bu məsələdə idarənin heç bir təqsiri yoxdur.
Əlibəylidə məskunlaşanların və yerli sakinlərin işini çətinləşdirən başqa məsələ də var – meşələrin qırılmasına görə cəzaların sərtləşdirilməsi. İndiyədək isinməkdən ötrü yaxınlıqdakı meşələrdən ağac qırıb yandırırdılarsa, cəzaların sərtləşdirilməsi indi bundan da çəkindirir.