“Cənab prezident…”

okamilO`Kamil

Hörmətli prezident! Bu məktubu Sizə Şahabad rayonunun saf qəlbli, xoş niyyətli bir zəhmətkeşi yazır. Mən Sizin xarici siyasətinizi də, daxili siyasətinizi də səmimi-qəlbdən bəyənir və dəstəkləyirəm. Hörmətli prezident, Siz ötən il rayonumuza təşrif gətirdiniz. Rayon rəhbərliyi bu məsələdən gəlişinizə üç gün qalmış xəbər tutmuşdu. Amma bu üç gündə rayonun nə qədər problemi həll olundu! Şəhərin mərkəzindəki beşmərtəbənin üstündəki «Sov.İKP-yə eşq olsun» şüarı kiril əlifbası ilə idi. Onu tezcə latınla əvəzlədilər. Yolları yudular, divarları kraskaladılar. Pompeyin Qafqaz səfəri zamanı dağıtdığı körpünü tezcə təmir elədilər. Monqollar gələndə uçurduqları türbəni düzəltdilər. Hələ icra başçısı kəndlərə metro çəkmək tapşırığı da vermişdi. Amma mərdimazar qlavnı injiner razı olmayıb, deyib, vaxt dardı, metro çəkməyə heç olmasa iki həftə vaxt lazımdı. Hörmətli prezident, gəlməsəniz də, noolar, arada bir qoy Sizin işçilər məlumat yaysın ki, bura gəlirsiniz. Və belə məlumat verilsə ki, Siz gəlib evlərin birində çay içəcəksiniz, lap yaxşı olar. Onda şəhərin bütün evlərinə su, qaz çəkiləcək, elektrik veriləcək.

Hörmətli prezident, Siz gələn günü adamlara təzə paltar geyindirdilər, düzdü, sonra geri aldılar, amma nə qədər adam fürsətdən istifadə edib pasport üçün şəkil çəkdirə bildi. Rayonda «demaqoq» kimi tanınan və Sizin cibinizə məktub qoymaq istəyən adamların hamısının cibinə konvert qoydular. Konvertdə nə vardısa, bir ayın içində Samaqon Səftər həm gədəsini tamojnıya işə düzəltdi, həm toy elədi, həm də qızına cehiz aldı. Özü də «samaqon» içməyi tərgizib, daha «Nemirov» içir, camaat daha ona Nemirov Səftər deyir. Səftər çox məşhur nəsildəndir. Onun ulu babası Pompey Qafqaza gələndə Pompeyin, bir qədər az ulu babası Sisiyanovun cibinə məktub qoyub. Samaqon, pardon Nemirov Səftər özü də uşaq döyül, Kirovun, Mircəfərin, Axundovun, Vəzirovun, Mütəllibovun cibinə məktub qoyub. Amma bu məktub söhbəti çıxandan camaatın arasında «demaqoq»ların sayı kəskin surətdə artıb. Onları qınamayın, cənab prezident, rayonda nə qədər pulsuzluqdan evlənməmiş oğlan, ərə getməmiş qız var. Hamısı Sizin yolunuzu gözləyir.

Siz gələndə, necə deyərlər, bir balaca qanqaraçılığı da oldu. Sizin ayağınızın altında qurban kəsmək Qoyun Əliyə tapşırılmışdı. O da, ayıb olmasın, su üstünə çıxıbmış. «Gəldilər» deyəndə əlində bıçaq cumub ki, cəld qoyunu kəssin, Sizin teloxranitellər, pis başa düşüb, elə biliblər Sizin üstünüzə cumur, kişini nə təhər vurublarsa, dili tutulub. Eybi yoxdu, dil onun nəyinə lazımdı, diktor işləyəsi deyil ki? Qəssab adamdı, mal-qoyun başı kəsir. Çox məşhur nəsildi. Lap ulu babası Varaz Qriqorun oğlu Cavanşirin, bir qədər az ulu babası Sisiyanov gələndə onun ayağı altda qoyun kəsib. Qoyun Əli özü də uşaq döyül: Kirovun, Mircəfərin, Axundovun, Vəzirovun, Mütəllibovun ayağının altında qurban kəsib.

Rayonda bircə qorxulu adam var, o da demaqoq Moşu müəllimdir. Bu adamın babası Pompey Qafqaza gələndə Pompeyə deyib ki, qonşunuzda itmi ölüb, burda nə ölümün var? Qılıncla parçalayıblar. Bir qədər az ulu babası Cavanşiri acılayıb, çarmıxa çəkiblər. O biri babasını Sisiyanov öldürtdürüb. Siz keçən dəfə rayona gələndə Moşu müəllim Sizə nəsə şikayət eləmək istəyirmiş. Şərləyib həbs elədilər. Prokuror 10 il iş istədi, hakim 15 il verdi.

Hə, yaxşı yadıma düşdü, xatırlayırsınızsa, Siz rayona gələndə Xaqaninin heykəlinin açılışı oldu. Heykəlin postamentinə «Müasir Şahabad cənab prezidentin şah əsəridir» yazılıb. Siz bu yaxınlara qonşu rayona gedəcəksiniz. İndi həmin qonşu rayonun icra başçısı heykəli aparacaq rayonlarına. Bunlar heykəli aparır, üstünə öz rayonunun adını yazır, geri qaytaranda təzədən usta çağırıb o yazını dəyişməli oluruq. Nə isə, bunu özümüz həll edərik.

Yeri gəlmişkən, cənab prezident, bir xahişimiz var: o bizdən seçilən deputatın mandatını geri oxutdurun, qoy başqa adam seçsinlər. Bu adam seçki vaxtı o bütün dükanlardakı nisyə dəftərlərini alıb cırmışdı. Dükançı yaramazlar yenə nisyə dəftəri tutur. Təkrar seçki olmasa, batdıq.

P.S. Heç kəs öz üzərinə götürməsin, obrazlar təxəyyül məhsuludur