Banklara dollar satılmasa manatı nə gözləyir?

 

bank-dollar-manatNemət Əliyev: «Hökumət ölkə iqtisadiyyatına və sosial həyata hazırkı münasibətini davam etdirsə, vəziyyət daha da ağırlaşacaq»

 

Bu gün Azərbaycan milli valyutası – manatın ikinci kəskin devalvasiyasından bir il ötüb. Dünya bazarında neft qiymətlərinin kəskin azalmasından sonra Azərbaycan manatı iki dəfə devalvasiya ilə üzləşib. İlk devalvasiya 2015-ci il fevralın 21-də, ikinci devalvasiya isə həmin ilin dekabrın 21-də baş tutub. Sonuncu kəskin devalvasiya zamanı manat dollara qarşı 47% ucuzlaşdırılıb və rəsmi məzənnə təxminən 1,05 AZN/USD-dən 1,55 AZN/USD-yə çatdırılıb.

Bundan sonra isə ötən müddət ərzində manat daha 13,4% ucuzlaşıb. Ümumilikdə, manatın sabit məzənnə dövründən, yəni 0,7850 AZN/USD səviyyəsindən etibarən milli valyuta 124% və ya 2,24 dəfə ucuzlaşıb.

İkinci devalvasiyadan sonra manat idarə olunan “üzən məzənnə” rejiminə keçib. Bu müddət ərzində rəsmi məzənnənin minimal həddi 25-26 may tarixlərində 1,49 AZN/USD səviyyəsində qeydə alınıb. Məzənnənin maksimal həddi isə bu günə olan 1,7575 AZN/USD-dir. (Report)
Hazırda dollar satışı ilə bağlı ciddi məhdudiyyət tətbiq olunur. Proseslərin bu cür davam etməsi manat üçün perspektivdə yaxşı heç nə vəd etmir. Bir müddət sonra manatın tam üzən məzənnəyə keçidi gözlənilir. Belə olan halda manat hansı reallıqlarla üz-üzə olacaq?

nemet-eliyev

İqtisadçı Nemət Əliyev bildirdi ki, manatın dəyərdən düşməsi Azərbaycan iqtisadiyyatı üçün ötən müddət ərzində böyük çətinliklər yaşadıb. İqtisadiyyata investisiya qoyluşunun, əhalinin gəlirlərinin kəskin şəkildə azaldığını deyən N.Əliyev vurğuladı ki, eyni zamanda xarici ticarət dövriyyəsində, makroiqtisadi göstəricilərdə böyük geriləmələr yaşanıb: «Ümumi geriləmələrin yaşanmasında neft gəlirlərinin azalması səbəb oldusa, başqa bir səbəb hökumətin manatın kəskin şəkildə dəyərdən salınması istiqamətində qəbul etdiyi qərar oldu. Şübhəsiz ki, bunun məsuliyyəti hökumətin üzərinə düşür. Baş verənlər göstərdi ki, hökumət heç bir halda ekstremal vəziyyətə hazır deyil. Yəni neftin qiymətlərinin aşağı düşməsinə görə, yaranmış vəziyyətə hökumət hazır deyildi. Elə bu hazırsızlığın nəticəsində mili valyutanın dəyərdən salınmasına qərər verdilər. Manatın dəyərdən salınması isə əhali, iqtisadi gəlirləri azaltdı, real sektorda tənənzülün daha da böyüməsinin əsasını qoydu. Ona görə növbəti ildə hökumət əgər ölkə iqtisadiyyatına və sosial həyata hazırkı münasibətini davam etdirsə, vəziyyət daha da ağırlaşacaq. Çünki hadisə və proseslər onu göstərdi ki, bu prosesin 2014-cü ilin sonlarından başlamasına baxmayaraq 2015-ci il ilə müqayisədə 2016-cı ildə vəziyyət daha da ağırlaşdı. Ona görə də növbəti ildə ölkə iqtisadiyyatına münasibətdə həyata keçirilən siyasət dəyişməzsə, vəziyyətin daha da ağırlaşacağı şübhə doğurmur».

Xəyal