Rusiyanın Türkiyədəki səfiri Ankarada qətlə yetirildi FOTO VİDEO

rus-sefir-turkiyeRusiyanın Türkiyədəki səfiri Andrey Karlov dekabrın 19-da Ankarada iştirak etdiyi bir sərgidə güllələnərək qətlə yetirilib. Polisin həyata keçirdiyi əməliyyat zamanı isə qatil öldürülüb. Hadisə barədə məlumatları təqdim edirik. Ən yeni məlumat ən üstə olandır.

AXCP sədri Əli Kərimli facebook səhifəsində Rusiya səfirinin öldürülməsinə münasibətini paylaşıb:

“Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsi terror aktıdır. Bu terror aktını qəti şəkildə pisləyirəm. Öldürülən səfirin yaxınlarına baş sağlığı verirəm. Elçiləri öldürmək hətta qədim zamanlarda da insanlıq əleyhinə cinayət sayılıb. Motivi nə göstərilirsə göstərilsin, terrorun hər cürünü birmənalı şəkildə pisləmək lazımdır”.

***

Rusiya preidenti Putin də, ölkəsinin Türkiyədəki səfirinin öldürülməsini təxribat kimi dəyərləndirib:

“Rus səfirinə hücum, Türkiyə və Rusiyanın Suriyadakı müsbət addımlarına istiqamətli bir provokasyondur”,- deyə Putin bildirib.

***

Prezident Ərdoğan baş verənlərə münasibət bildirib.

Ərdoğan səfirin qətlini “təxribat” adlandırıb: “Putinlə bu hadisəni istisi-isti qiymətləndirdik. Ölkəm və millətim adından bütün dost Rusiya xalqına üzüntümüzü çatdırmaq istəyirəm. Bu Türkiyə-Rusiya əlaqələrinin normallaşmasını pozmağa istiqamətli bir təxribatdır”,-deəyə Ərdoğan bildirib.

***

Rus xəbər agentliyi “İnterfaks”,  Karlova qarşı sui-qəsdin arxasında FETO-nun ola biləcəyi haqda məlumat yayıb.

“HADİSƏNİN ARXASINDA FETO VAR”

Dövlət televiziyası Russia 24 isə hadisənin arxasında Fətullahçı Terror Təşkilatının olduğu məlumatlarına yer verib.

***

Səfir Andrey Karlovu qətlə yetirən Mevlüt Mertin anası, atası və bacısı həbs edilib.

***

Rus səfiri Karlovu qətlə yetirən və sonradan təhlükəsizlik qüvvələri tərəfindən öldürülən şəxsin kimliyi məlum olub. Məlumata görə, səfiri öldürən Mert Altıntaş adlı polis əməkdaşıdır.

***

Baş verənlərlə bağlı Kremldən ilkin açıqlama gəlib. Kreml rəsmisi Dmitri Peskov hadisə ilə bağlı Rusiya prezidenti Putinin məlumatlandırıldığını bildirib.

Peskov Rusiya Xarici İşlər Nazirliyinin də  Türk səlahiyyətlilərlə sıx  təmasda olduğunu açıqlayıb.

***

Son məlumata görə, Rusiya səfiri yaralı olaraq yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

***

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov Ankarada güllələnib. Onun ağır yaralı olaraq xəstəxanaya yerləşdirlidiyi deyilir.

Hadisə Ankara Çağdaş Sənətlər Mərkəzində baş verib. Səfir Mərkəzdə bir rəsm sərgisinin açılışında iştirak edirmiş.

Silahlı şəxs atəş açmazdan öncə “günahsız insanları öldürdünüz, ya Allah, bismillah” deyə qışqırmağa başlayıb. O, daha sonra bunları deyib:

“Hələbi unutmayın, Suriyanı unutmayın. Bəndələrimiz güvəndə olmayınca, sizlər güvənin nə olduğunu dadmayacaqsınız. Məni burdan yalnız ölüm ayıra bilər. Bu zülmdə payı olan kim varsa, hamısı tək-tək hesabını verəcək”.

https://www.youtube.com/watch?v=QhspMwHxUZY

Açılış mərasimindən sonra çıxış etmək üçün kürsüyə qalxan Karlov qəfildən odlu silahla hücuma məruz qalıb. Rusiya səfirliyinin rəsmiləri jurnalistlərə deyiblər ki, hücumu “radikal İslamçı terrorçular” həyata keçirib.

https://www.youtube.com/watch?v=zhO7y32mpDI

Türkiyənin “Hürriyet” qəzetinin hadisə yerində olan fitimüxbiri deyib ki, silahlı şəxs əvvəlcə havaya atəş açıb. Sonra səfiri kürəyindən güllələyib. Daha sonra salondakı adamları oradan çıxmağa məcbur edib və içəridə qalan səfirə əlavə güllələr vurub. İddialara görə silahlı şəxs salona polis vəsiqəsi göstərərək girib. Əynində kostyum və qalstuk olub.

Yenilik olduqca məlumata əlavə ediləcək.