Nemət Əliyev: «Böyük əksəriyyət sahibkarların bundan faydalana biləcəyinə inanmıram»
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dekabrın 13-də keçirilən hərracların nəticələri maraq doğurur. Rəqabətsiz keçən hərraclarda 7 kiçik dövlət müəssisə və obyekti, bir o qədər də istifadəsiz qeyri-yaşayış sahəsi, 11 nəqliyyat vasitəsi və 1 yarımçıq tikili özəlləşdirilib. Gəncə pambıqəyirici zavodunu naməlum investor alıb. Hərracdan dövlət büdcəsinə 5,5 milyon manat çatıb.
Artıq bununla neçənci dəfədir ki, özələşdirmə büdcəyə cüzi vəsaitin daxil olmasıyla yekunlaşır. Halbuki hərracda məqsəd büdcəyə vəsaitin cəlbi və bu yol ilə böhrandan çıxışdır. Amma keçirilən hərraclar da formal xarakter daşıyır və fürsət gözləyən məmurlar bu yol ilə dövlət əmlakını dəyər-dəyməzinə özələşdirirlər.
İqtisadçı Nemət Əliyev hesab edir ki, əslində bu cür yanaşma beynəlxalq təcrübədə geniş yayılan haldır. Bu iqtisadiyyata, sahibkarlara stimul yaratmaq üçündür. Sınaqdan çıxmış metod kimi bu təqdirəlayiqdir: «Bu metodu inkişaf etmiş ölkələrdə və ya 4-5 ay əvvəl Azərbaycanda tətbiq etmək bir fayda verərdi. Nisbətən maliyyə vəsaitləri normal olan sahibkarlar 30 faiz güzəştdən istifadə edəcəklər. Amma böyük əksəriyyət sahibkarların bundan faydalana biləcəyinə inanmıram. Çünki sahibkarların bu cür vəziyyətə salınmasının səbəbləri var. Bu mövcud iqtisadi şəraitlə bağlıdır. Zamanında sahibkarları «bandotdel» o qədər təzyiqə məruz qoydu ki, gözünün odunu elə aldı ki, sahibkarlar əmin deyil ki, borclarını ödəsələr, gələcəkdə onlara çətinlik törədilməyəcək».
N.Əliyev vurğuladı ki, eyni zamanda sahibkar ödədiyi məbləği Azərbaycanda bizneslə məşğul olmaq hesabına qaytara biləcəyinə də əmin deyillər.
Xəyal