Bizləri və həyatı üç il öncə (20.12.2013) tərk etmiş Nənəmin əziz adına…
Mənim Gülşən Nənəm, Ana kimi Ana. O, övladlarına sevgisiylə kifayətlənməyən, Analıq borcunu artığıyla ödəyən qəhrəman Analar sırasında duranlardan olub. Ömrünü övladlarına verən, öz sözüylə desək, “fədakar Ana” olub. Yaşadığı dövrün çətinliklərinə sinə gərib, məqsədinə gedən yolda, inamından aldığı gücə dayanaraq bütün əngəlləri aşa bilib. O illərin hər əzabına qatlanaraq altı övlad böyüdüb və hər biri üçün ayrıca mücadilə edib. Çünki o, “Ana” olub, əsl Ana! Məşhur deyimdəki mənaya baxın: – “Hamı dünyaya uşaq gətirə bilər, lakin hamı “Ana” ola bilməz”. Bu deyim sanki onun yaşadığı, örnək göstəriləcək həyatına əsaslanır.
Övladlarına olan sevgisindən nəvələrinə də saxlamışdı. Bizi, özü demiş, “Şamilin balaları”nı daha çox sevirdi. Bizə göstərdiyi sevgi və diqqətini heç kimə göstərməzdi. Mənim yadımdan çıxsa da, Nənəmin yadından çıxmayan – orta məktəbdə oxuyanda, birincilik qazandığım yarışmadan fəxrlə danışması elmə sevgisinin sonsuz olduğunu göstərirdi. Qocaldığına baxmayaraq, güclü yaddaşı, elmə marağı vardı. Amma heyf ki, təhsili yox idi. Elə buna görə həmişə valideynlərindən gileylənərdi. Onu oxutmaqları bir yana, düz-əməlli kitab-dəftər almadıqlarına görə qınayırdı valideynlərini. Bəlkə də, övladlarının təhsilli olmasının səbəbi, bu yolda olmazın əzablara qatlaşması, onları savadlı görmək istəyi özünə yaradılmayan imkandan irəli gəlir, həyatındakı o boşluqdan qaynaqlanırdı. Özünün dediyi kimi, ən böyük və sonuncu arzusu Rahim əminin (Rahim Hacıyev) oğlunu görməsi idi. Ondakı güclü inam və sonsuz sevgi, ölümündən bir il öncə arzusunun gerçəkləşməsinə səbəb oldu. Görürsünüzmü, dəfələrlə vurğuladığım “inam” nələrə qadirdir? Həyatdakı uğurlarının əsl səbəbi durmadan qarşısındakı məqsədə çatmaq, övladları üçün “yaşamaq” olub. Təbii ki, bu uğurların qazanılmasında babamın – Bahadır babamın da rolu çox olub, lakin yazını Nənəmə həsr etdiyimdən yalnız onun haqqında danışmaq istədim.
Sonda isə yorulmadan, əzmlə çalışıb, yolundan dönmədiyi üçün həyat onu ən çox qorxduğu övlad itkisiylə sınamadı, onlardan rahatlıq hissilə, xoşbəxt ayrılmaq və gözünü arxada qoymamaqla mükafatlandırdı… Ruhun şad olsun, hamının sahib olmadığı, fəxrlə danışa biləcəyimiz, özünü yaddaşlara qəhrəman Ana kimi yazdıran və bizi sonsuz sevgisiylə tərk edən əziz Nənəm!
Nəvən Altunaydan…