“Aktyoru acından ölən baş direktor itinə ördək paşteti axtarırdı…”

dsc06771

Əvəz Zeynallının “Qaynar Qazan” layihəsinin budəfəki qonağı Ziyalılar Birliyinin sədri Eldəniz Quliyevdir.

I hissə

Eldəniz Quliyev müsahibəsində deyir ki…

Okeanda yaşayan elə bir balıq görmüsünüzmü ki, onun əti duzlu olsun?

– “Ziyalı” söhbəti mütəmadi olaraq hər zaman gündəmdə olur. Mənim aləmimdə ziyalı işıqlı olmaqla yanaşı, həm də Allaha inanan, xalqını çox sevən olmalıdır. Bir çox zamanlarda savadlı insanlara həm də ziyalı deyirlər, amma mənim anlamımda ziyalı savadlı olmaqla yanaşı, həm də ağıllı və müdrik olmalıdır. Belə insanlar doğrudan da azdır.

– “Ziyalı” işıqdan çox işığın fəaliyyəti deməkdir…

– Əvvəllər “su daşı”vardı və suyu süzgəcdən keçirmək üçün ondan istifadə edərdilər. Damcı-damcı su süzülərdi… Ziyalı cəmiyyətin həm də “su daşı”dır. Cəmiyyət ondan keçərək durulanır. Zaman keçdikcə “su daşı”nı da yuyardılar ki, məsamələri təmizlənsin. Çox təəssüf ki, bu gün “su daşı” təmizlənmir. Biz o mərhələdəyik. Ziyalı adına layiq insanlar cəmiyyətimizdə barmaqla sayılan qədərdir.

– İnsanlar alim də ola bilər, akademik də, siyasətçi də, məmur da, amma ziyalı olmaya bilərlər.

– Ziyalı saat mexanizmi kimidir – onu düzəltmək çətin, dağıtmaq asandır. Əgər ziyalı artıq hakimiyyətin səfində yer alıbsa, onu düzəltmək mümkün deyil.

– Cəmiyyətin maraqlarına xidmət etməyən, hakimiyyətə yaltaqlanaraq, qalstuk geyib gəzən bir adam özünü ziyalı adlandırırsa, demək, onun içindəki köz, qığılcım sönüb artıq.

– Hansısa ziyalının hər hansı bir siyasi qurumun yanında olmasını düzgün saymıram. Təbii ki, siyasət nəmənə şeydirsə, onunla məşğul olmalıdır, amma partiyalaşmamalıdır.

– Siz okeanda, dənizdə yaşayan elə bir balıq görmüsünüzmü ki, onun əti duzlu olsun? Ziyalı da siyasətin içində olmalı, amma “əti duzlu olmamalıdır”, siyasiləşməməlidir…

– Böyük şairlərdən Bəxtiyar Vahabzadə dedi ki, məni bağışlayın, uşaqlarımın işinə görə, mən bir az özümü başqa cür aparmalıyam…

– Sosial şəbəkələrdə bir çox tanınmış adamlar var ki, yazırlar, “mən siyasətə qarışmıram”. Bu necə ola bilər? Xalqın öndə gedən insanları, xalqın dərdini suçəkən kimi özünə çəkməlidir, öz dərdi bilməlidir, çünki xalqa dəyən hər bir zərbə sənə də dəyir. Ziyalı həm də xalqın “suçəkən”i olmalıdır.

Rüstəm və Maqsud İbrahimbəyovlar ona görə bir təyyarədə uçmurdular ki…

– Bizim bir çox ziyalı missiyasını daşımağa qadir olan adamlar özlərini Viktor Hüqodan üstün sayırlar…

– Moskvada ssenari və rejissorluq kurslarını bitirdim. Maqsud və Rüstəm İbrahimbəyovlar, Ramiz Rövşən, Ramiz Fətəliyev, Vaqif Mustafayev, Yuli Qusman kimi məşhur insanlar o kursları keçmişdilər. Valentin Yejov ssenari üzrə müəllimim olub. Dünyaca görkəmli rejissorlar Andrey Tarkovski və Otar İoseliani ilə çox yaxın münasibətlərim olub.

– Xalq hərəkatı dövründə kinostudiyada sənədli filmlər bölməsində baş redaktor işləyirdim və bir neçə sənədli və bəddii film çəkmişdik. Hesab edirəm ki, mən azadlıq hərəkatında fəal iştirak edənlərdən biri olmuşam. Biz – Rüstəm İbrahimbəyov da daxil olmaqla – bir sıra incəsənət adamları “Qayıdış”adlı hərəkat yaratmışdıq.

– Rüstəm İbrahimbəyovla Maqsud İbrahimbəyov çox mehriban qardaş idilər. Hətta onlar eyni təyyarədə səfər etmirdilər ki, qəza baş versə, biri sağ qalsın. Görünür, bir zaman gəldi ki, onların fikirləri arasında təzad yarandı. Maqsud rəhmətə gedəndə yenə də ilk addım atan, hətta özünü təhlükəyə ataraq onun dəfninə gələn Rüstəm İbrahimbəyov oldu.

– Bu gün siyasi əqidəmə görə, demək olar ki, kinonun qapıları üzümə bağlanıb. Ssenarilərimə filmlər çəkilmir, biri məni çox ağrıdır – Zeynalabidin Tağıyev haqqında 3 seriyalı film. Zeynalabidin Tağıyev kimi az şəxsiyyət var ki, xalqına nə qədər böyük dəyər versin. Onun haqqında filmin çəkilməməsinə imkan verilməməsi məni çox ağrıdır.

– Əlindən tutub kinoya gətirdiyim adamların əksəriyyəti fəxri adlar alıblar. Tək məndən başqa… Nə vaxt mənim adım təqdim olunubsa, siyahıdan adımı çıxarıblar… Nəyə görə? Mən hər zaman içimdə haqsızlığa qarşı vuruşmuşam.

– Bir çoxları məni “Don Kixot” adlandırır.

– Bizdə də istedadlı adamlar var. “Biləcəridən o tərəfə” keçən kinolar indi də çəkilir. Amma məmurlar imkan vermirlər…

– Ən çox sevdiyim rejissor və aktyor Çarli Çaplindir.

– Kino insanların vaxtı dondurma istəyindən irəli gəlib. Heykəllər, rəsm əsərləri də bu məqsədə xidmət edib.

Acından ölən aktyor və itinə ördək paşteti tapa bilməyən Azərkinovideo-nun baş direktoru…

– “Qaçaq Nəbi” və başqa bədii filmlərdə yadda qalan obrazları olan aktyor Gumrah Rəhimov rəhmətə getmişdi. Onun yas mərasimində həyat yoldaşı dedi, “bilirsiniz ki, o acından öldü?” Ondan dərhal sonra Azərkino-nun baş direktorunun otağında söhbət edəndə o dedi ki, “itim adi paştet yemir, gərək ona ördək paşteti verəm…” Adını çəkmək istəmirəm, amma o adam indi də itilə “qara ikra” yedirdənlərdəndir.

– Əsəbi halda kadrlar şöbəsinə gedib, işdən çıxmağımla bağlı ərizəmi yazdım və şələ-şüləmi yığıb işdən getdim.

– Yeni Azərbaycan Partiyasının bir sözcüsü var e, adı Siyavuş Novruzovdur-nədir…

– Sonradan məşhur olan aktyorlarla – Ələsgərlə, Mikayıl Mirzə, Hüseyağa Atakişiyev və s. ilə birlikdə kinostudiyada fəhləlik etmişəm.