Paris məhkəməsində Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristin Laqardın işi üzrə yekun proses keçirilib.
Hakim Laqardın vəzifə səhlənkarlığına yol verdiyini elan etsə də, BVF sədri barədə hər hansı cəza tədbirinə qərar verilməyib.
Hazırda Vaşinqtonda olan Laqard özü prosesdə iştirak etməyib.
Bir neçə gün əvvəl isə açıqlama verərək ittihamı rədd edib və hər zaman düzgün işlədiyini deyib.
Laqardın vəkili məhkəmənin qərarından apelyasiya şikayəti verəcək.
Qeyd edək ki, Kristin Laqard Fransanın maliyyə naziri işlədiyi dövrdə (2007-2011) biznesmen Bernar Tapiyə dövlət büdcəsindən 400 milyon avro kompensasiya ödənilməsinə qərar verib.
90-cı illərin əvvəllərində Bernar Tapi «Adidas» firmasındakı payını «Credit Lyonnais» bankına satandan sonra dövlətdən kompensasiya tələb etmişdi. Biznesmen iddia edirdi ki, həmin vaxt dövlətə məxsus olan bu bank onu aldadıb.
Tapi bildirmişdi ki, maliyyə strukturu öz payını dəfələrlə artıq qiymətə satıb.
Tapi ilə «Credit Lyonnais» arasında mübahisə Fransa Maliyyə Nazirliyinin nəzarətində idi. 2008-ci ildə biznesmen
Arbitraj məhkəməsi vasitəsilə dövlət büdcəsindən pulunu ala bildi.
Sonradan məsələ qaldırıldı ki, Laqard kompensasiyanın verilməsi ilə bağlı qərar verərkən vəzifə səlahiyyətlərini aşıb və nəticədə dövlət vəsaitlərinin əsassız xərclənməsinə yol verilib.
BVF sədrinin təqsiri sübut olunacağı təqdirdə, onu 1 ilədək həbs cəzası və 15 min avro cərimə gözləməli idi.
Lakin göründüyü kimi, məhkəmə Laqardı təqsirli bilsə də, ona hər hansı cəza kəsmədi.
Gültəkin



