Tale Bağırzadə,
Kürdəxanı təcridxanası
Həqiqi müsəlman öz həyatını İslam mədəniyyətinin mənəvi saflıq aşılayan dəyərlər sistemi əsasında tənzimləməlidir. İslam mədəniyyətinin gücünü, mənəvi-tətbiyəvi təsirini, həmişəyaşarlığını, dəyərlər sisteminin dayanıqlı və yenilməz olduğunu dərk etmək üçün əziz İslam Peyğəmbərinin mübarək həyatına qısaca da olsa, nəzər etmək kifayətdir. Belə ki, əziz İslam Peyğəmbərinin zamanında Ərəbistan yarımadasında cəhalət, səfillik, mədəniyyətdizlik, barbarlıq, qəbilələrarası savaşlar, qız uşaqlarının diri-diri torpağa basdırılması – bir sözlə, insanlıqdan uzaq olan bir durum hökmranlıq etməkdə idi. Çoxları üçün belə cahil, azğın, xəstə cəmiyyətin islahının qeyri-mümkün göründüyü bir zamanda əziz Peyğəmbərimiz İslamın dirilik mədəniyyəti sayəsində qeyri-mümkünləri mümkün edərək, mənəvi cəhətdən ölmüş ərəb cəmiyyətinə yeni bir izzət bəxş etdi. Şübhəsiz ki, bu böyük mədəni inqilabın başlanğıc nöqtəsində, İslam dininin mənəvi göstərişləri əsasında tərbiyə olunan güclü mənəviyyata sahib həqiqi müsəlman şəxsiyyətinin qurulması dururdu. İslamın bu mənəvi dirilik konsepsiyası insan oğlunun ruhuna işıq salaraq, onu öz eqo və mənlik dairəsindən çıxardaraq, özündən başqalarını sevməyi, paylaşmağı, yardımlaşmağı, hətta lazım gələrsə ali dəyərlər uğrunda canından belə keçməyi bacaran mənəvi şəxsiyyətini formalaşdırdı.
Əziz bacı və qardaşlarım, əgər 1400 il bundan qabaq İslam mədəniyyəti ərəb cəmiyyətini düşdüyü o ağır durumdan xilas edə bildisə, onda bu mədəniyyət müasir dövrümüzdə cəmiyyətin yaşadığı ciddi mənəvi problemlərin həllində də misilsiz islah gücünə malikdir. Çünki İslam dini öz dirilik konsepsiyasını həyat reallıqları üzərində qurur. Bu isə o deməkdir ki, İslam mədəniyyəti həmişəyaşar mahiyyətə malik olaraq, xalqların həyatında zaman və məkanından aslı olmayaraq, mənəvi həyat bəxş edən missiyasını həyata keçirmək gücündədir. Yetər ki, biz bu mübarək İslam mədəniyyətini öz həyatımızda olduğu kimi yaşaya və yaşada bilək.
Bu yazının sırf dini mövzuda yazılmadığını nəzərə alaraq, İslam mədəniyyətinin yığcam şəkildə insan şəxsiyyətinin mənəvi quruculuğunda mühüm olan bəzi məqamlarınaa işarə edirik:
İslam dininin müqəddəs dəyərlər sisteminin zirvəsində tək olan Allaha güclü iman və sevgi durur. Bu yüksək zirvəni fəth etmək istəyən insan oğlu ilk öncə Allaha olan mərifətini inkişaf etdirib gücləndirməlidir. Çünki bəndə öz Allahını nə qədər yaxından tanıyarsa, Ona qarşı olan sevgi və imanı daha da təkmilləşəcəkdir. Allaha mərifətin, Onu tanımağın ən gözəl yollarından biri də Onun mübarək kəlamları üzərində dərindən düşünməkdir. Allah Təala bəndələrini düzgün yola hidayət etmək üçün öz mübarək kəlamı olan Qurani Kərimi nazil etmişdir. Əsl həqiqətdə Qurani Kərim Allahla bəndələri arasında bir eşq və hidayət kitabıdır. Mümkün deyildir ki, bir şəxs Allahı səmimi qəlblə sevə, ancaq Onun eşq və hidayətlə dolu mübarək kitabına etinasız qala! Heç mümkündürmü ki, bir şəxs ən çox sevdiyi kəsdən məktub ala və o məktuba etinasız qala?! Aşiq oz məşuqundan məktub alarsa, o məktubu ilk öncə ehtiram məqsədilə öpüb gözü üstünə qoyar, sonra məktubu açıb onun mətnini qəlb döyüntüləri ilə oxuyar ki, məşuqunun fikirlərini, istəklərini, sevgi ilə dolu ismarıclarını dərk etsin. Əgər məktubun mətni onun başa düşmədiyi bir dildə yazılıbsa, onda dərhal çalışacaq ki, ya özü o dili öyrənib məktubun orijinal mətnini oxusun, ya da məktubun mətnini tərcümə etdirib bu yolla öz məqsədinə çatsın. Görəsən, biz müsəlmanlar sevdiyimiz Allahın bizlərə göndərdiyi eşq kitabı Qurani Kərimlə necə rəftar edirik? Rəbbimizin müqəddəs kitabına necə yanaşırıq? Məgər vaxtı gəlib çatmayıbmı ki, gizlətdiyimiz, qorxduğumuz, yuxarı yerlərdə tozlu halda saxladığımız Allahın mübarək kəlamı Qurani Kərimə AZADLIQ verək?! Onu həyatımızın ayrılmaz hissəsinə çevirək, oxuyaq, anlayaq, dərk edək və ən əsası Qurani Kərimin həyat bəxş edən ecazkar ayələrinin işıq saçan mənalarını öz ruhumuza, canımıza hopduraraq, uca Allaha olan sevgimizi, imanımızı daha da gücləndirək.
Allah Təala Qurani Kərimdə bəndələrinə çox yaxın olduğunu, bəndələr Onu görməsə də, Onun bəndələri gördüyünü, günahlardan tövbə edib Allaha qayıdan bəndələri çox sevdiyini elan etmişdir.
Qurani Kərim müsəlmanlar üçün islami dünyagörüşün formalaşmasında mükəmməl, canlı bir möcüzə abidəsidir. O insana haradan gəldiyini, harada olduğunu və ən nəhayət, son mənzilinin hara olacağını dəqiq və dolğun izah edən bir hidayətçidir. Quran, sözün həqiqi mənasında, insan övladına əsl düşüncə azadlığı təqdim edir. O, düşüncə azadlığının mahiyyətini dünya həyatı ilə məhdudlaşmayan, sərhədsiz azad düşünmək qabiliyyətinin olmasında görür. Onun məntiqində dünya həyatı ilə sərhədlənən düşüncə heç vaxt azad düşüncə ola bilməz. Məhz bu prinsipal dünyagörüşü əsasında, qərb mədəniyyəti ilə islam mədəniyyəti arasında ciddi fərqlər mövcuddur. Bu əsasla, qərb dünyası insan xoşbəxtliyini dünya həyatı ilə məhdudlaşdıraraq, yalnız onun ictimai yönünü hüquqi normativlər əsasında tənzimlədiyi halda, islam dini bundan fərqli olaraq, insan həyatının dünya ilə bitmədiyini, mütləq qarşıda onu əbədi axirət həyatının gözlədiyi və bu əbədi axirət həyatında insan övladının xoşbəxt, firəvan həyat sürməsinin birbaşa dünya həyatı ilə əlaqəli olduğunu nəzərə alaraq, insanın yalnız ictimai həyatını deyil, bütün həyat sferasını əhatə edə biləcək əqidəvi, hüquqi və əxlaqi normalarla müəyyən etmişdir. Beləliklə, bu ali ideyanı həyatının mənasına çevirən hər bir şəxs dünyanı öz həyatının sonu yox, bəlkə gələcək axirət həyatı üçün bir körpü olduğunu və bu dünyanı sözün hər cür mənasında, insanın xoşbəxtliyi üçün yalnız bir imtahan və mübarizə meydanı olduğuna qətiyyətlə inanacaqdır.