40 neftçinin ölümünün məsuliyyəti kimin üzərindədir?

neftci-xatire“Günəşli” faciəsinin günahkarları cəzalandırılmayıbsa…

Azərbaycanda birqayda olaraq  prinsipial əhəmiyyət kəsb edən cinayətlərin üstü açılmır. Hətta bu cinayətlərin səs-sədası ölkəyə yayılır, prezident bu işi nəzarətinə götürür, cinayət işi başlanılır, istintaq aparılır. Amma həmişə bu istintaq sonsuza qədər uzanır və nəticədə insanların qanı batır, hadisə unutdurulur.

Belə ki, ötən ilin dekabrında “Günəşli” yatağında dəhşətli yanğın baş verdi və 30 nəfər neftçi həyatını itirdi. Onlardan əksəriyyətinin cəsədi də tapılmadı. O zaman məlum oldu ki, bu 30 nəfər məsuliyyətsizliyin, biganəliyin qurbanına çevrilib. Yəni, neftçilərin əynində hidrokostyumlar olmayıb, platformalar sovet dövründən qalmadır, hava proqnozuna məhəl qoyulmayıb və.s

O zaman bu hadisə ölkənin gündəminə çevrildi və cəmiyyətdə böyük aqrsessiya müşahidə olundu. Bundan sonra hadisəylə bağlı cinayət işi açıldı, məsələnin ən yüksək səviyyədə nəzarətə götürüldüyü bildirildi, neftçi ailələrinə böyük diqqət və qayğı vədi verildi.

Amma qısa müddətdən sonra məlum oldu ki, həlak olan neftçilərin ailələri ARDNŞ rəhbərliyinin qəbuluna düşə bilmirlər, süründürməçiliklə üzləşirlər. Hətta ağır vəziyyətdə olan neftçilərdən biri söyləmişdi ki, kompensasiyanın istəmirəm, heç olmasa maaşımı verin ki, kreditimi ödəyə bilim.

Daha sonra məlum oldu ki, bu haqda yazanları prokuroluğa çağırıb hədələyirlər. Nəticə isə bundan ibarətdir ki, hadisənin üstündən 1 il ötsə də heç kim məsuliyyətə cəlb olunmayıb və 30 insanın həlak olması sıradan bir hadisə kimi qəbul edilib. Eyni hadisə Binəqədidədki facəli yanğınla bağlı da müşahidə olunmuşdu. 15 insan həyatını itirdi, prezident işi nəzarətə götürdü və “JEK” müdürünü həbs etməklə məsələ yekunlaşdı. Həqiqi cinayətkarlar isə azadlıqda meydan sulayır.

İ “Günəşli” yatağındakı faciədən bir ötdükdən sonra yeni bir faciə ortaya çıxdı və 10 nəfər həyatını itirdi. Məlum oldu ki, estakadalar bərbad vəziyyətdədir, 20 il əvvəl istismar müddəti bitib və bu 10 nəfər birbaşa məsuliyyətsiliyin qurbanı oldu.

Yenə də hökumət ötən il olduğu kimi süni canfəşanlıqla məşğuldu. Əvvəlcə hadisənin baş vermə səbəbini təbiətin üstünə atmağa çalışdılar. Sonra isə boş vədlər vermək mərhələsinə keçdilər. İndi də məlumat verirlər ki, neftçilərin axtarışına 44 gəmi, 8 helikopter, 700-dən çox canlı qüvvə cəlb olunub. Hətta prezident prokurorluğa tapşırıq verib, hadisəni öz nəzarətinə götürüb.

Göründüyü kimi, ənənə davam edir və faciə baş verəndən sonra əl-ayağa düşüblər.

Doğurdanda bu neftçilərin həyatı dəyərlidirsə, niyə onları ölümün qucağına atırdılar? Necə olur ki, bugün neftçilərin cəsədini axtarmaq üçün böyük bir qüvvə cəlb olunur, amma bu nöeftçilərin sağ qalamsı naminə bir neçə milyon vəsait xərcləmək istəmirlər?

Avropa çempionatına 120 milyon dollar xərcləyən, SOCAR-ın binasına 200 milyon manat xərcləyən qurum, estakadaların təmiri üçün pul ayırmır?

Azərbaycan hökumətinin yanaşması budur. Gərək, əvvəlcə insanlar faicənin qurbanına çevrilə, sonra hökumət tədbir görməyə başlaya.  Bir il ərzində 2 hadisə baş verir və hər iki hadisə də neftçilərin faciəli ölümüylə nəticələnir. Əlbəttə ki, bu insanların həyatına görə bütün səlahiyyətli şəxslər məsuliyyətə cəlb olunmalıdır. SOCAR-ı  ailə şirkətinə çevirənlər, neftçilərin sayəsində milyardlar qazanıb, neftçini ölümə itələyənlər cəzalandırılmaldır.

Amma təcrübə göstərir ki, yenə də bu cinayət işinin ömrü uzanacaq, neftçi ailələrinə quru təsəllilər veriləcək və heç kim məsuliyyətə cəlb olunmayacaq.

Hansıki, bu tipli işlərin illərlə uzanmasına ehtiyac yoxdur. Hadisəni doğuran səbəblər aydındır və bu səbəblərə görə kimlərin məsuliyyət daşımalı olduğu da məlumdur.

Bir halda ki, ölkə başçısı bu dəfə də məsələyə qarışıb, hər iki isitntaq işinin birləşdirilməsini təmin etsin. Cəmiyyət də görsün ki, hökumət həqiqətən də günahkarların cəzalandırılmasında maraqlıdır. Bəli, 40 neftçinin faciəli ölümünə görə bu neftçilərin haqqını oğurlayanlar cavab verməlidir.

Neçə helikopterin, neçə gəminin axtarışa cəlb olunması, ölkə başçısının hansı tapşğırığı verməsi önəmli deyil, önəmli olan nəticədir. Axırda bu adamların qanı batırılacaqsa, əvvəldə 700 canlı qüvvəni prosesə cəlb etməyin mənası yoxdur.

Samir