Eldəniz Quliyev
… O müthiş gecə mən də həmin estakadadaydım…
Fəhlələrlə birgə… Hadisə qəfl oldu. Bircə anın içində – bəlkə də heç bir an da çəkmədi – özümü aşıb-daşan və acığınnan öz quyruğunu sancan əqrəbə dönmüş qapqara su horrasında gördüm… Ruhum qan işində, canım taqətsiziydi… Qəribəydi, hadisə ildırım sürətiylə baş verdiyinnən, kimsə qorxmağa belə macal tapmamışdı.Mən də qorxmurdum – qorxunu öldürmüşdüm…
…Sözün əsl mənasında quduzlaşmış dalğalar bədənimi iti xəncər kimi doğrayırdı… Dənizin hirsil-hikkəli nəriltisinnən, dəli küləyin ölüm hökmü oxuyan vıyıltısınnan savayı bir səs eşidilmirdi… Yox, estakada dağılan məqamda, təmirsiz köşk param-parça olub dənizin çaynağına keçən anda, kimsə ancaq ” AY ALLAH! ” deyə qışqırmağa macal tapmışdı. Və bu ətürpəşdirici qışqırtı qulaqlarımda daha çox, yanıqlı “Ah” kimi əks-səda verir; üstəlik bütün səsləri batıraraq, sözün əsl mənasında su cəhənnəminə çevirilmiş dənizin başı üzərində asıla qalırdı…
Ağzımda təzə asvalt və göz yaşı tamı vardı və bu tamlar, az qala gözlərimə,burnuma, qulaqlarıma,ciyərlərimə dolur,dolurdu… Və bu tamlar ölüm rəngindəydi… Bədənim nəhəng dəyirman daş kimi ağırlaşırdı…
Bəs, o gün mən niyə ölmədim? Bəs, mən o ğün həmin o estakadakılara, qatil dalğaların baltalayıb-doğradığı həmin o köşkdəki neftçi-fəhlə qardaşlarıma,balalarıma qoşulub niyə məhv olmadım?..Bilmirəm… Bir də… kim deyir ki, sağam mən?..
Bəlkə mən də o gecə ölmüşəm,- xəbərim yox…