Xarabalıqların abadlaşdırılmasına xərclənən pullar estakadaların abadlaşdırılmasına xərclənsəydi…
Çoxdandır ki, bu ölkədə yaxşı xəbər eşitmək mümkünsüz olub. Hər gün intihar, yanğın, səfalət, tənəzzül xəbərləri eşidirik. Bu zəngin ölkənin vətəndaşlarına yalnız bədbəxtlik qonaq gəldi.
Bu gün isə daha bir faciəli xəbər eşitdik – 10 neftçi dənizdə itkin düşüb. Məlum olub ki, qəzanın baş verdiyi estakadanın üzərində adi kubikdən 2-3 köşk tikiblər. “Nərimanneft” 1969-cu ildə tikilib, istismarına 25 il müddət qoyulub. O müddət də 1994-cü ildə bitib. Amma hələ də istismar olunur. Bəli, 120 milyard neft pulundan bəhrələnənlər, normal estakada qurmağa ehtiyac duymayıblar. 30 neftçinin faciəli şəkildə həlak olmasından 1 il ötməmiş, dənizdə növbəti neftçi faciəsi baş verdi. O zaman da məlum olmuşdu ki, platformaların böyük əksəriyyəti sovet dövründən qalmadır və hökumət müasir standartlara uyğun platforma tikməyi ehtiyac bilməyib.
30 ailənin faciəsindən sonra daha 10 ailəyə faciə yaşadıldı. Əlbəttə ki, yenə də bu adamların ölümünü təbii fəlakət kimi qələmə verəcəklər, görüntü xatirinə araşdırmaya başlayacaqlar, itkin düşənlərin ailələrinə boş vədlər verəcəklər və nəticədə ölənlərin qanı batacaq. Məsuliyyət daşımalı olan, bu insanların təhlükəsizliyin təmin etməli olan adamlar isə qəhrəman kimi təqdim ediləcək.
Necə olur ki, SOCAR Avropa çempionatına 120 milyon dollar xərcləyir, amma estakada tikməyə pul tapa bilmir? Niyə, neft pullarını mənimsəyənlər neftçilərin həyatını qorumaq istəmir? Neftçilərin sayəsində milyardlar qazananlar onları niyə təhlükəyə atırlar?
Vətəndaşa qarşı bu qədər ögeyliyə, biganəliyə nə ad vermək olar? Niyə Avropada xarabalqıları abadlaşdıranla estakadaları abadlaşdırmırlar?
Estakadaların yenilənməsinə pul ayırmaq istəmirsiz, heç olmasa, belə ağır hava şəraitində neftçiləri işə cəlb etməyin. Keçən ilin sounda 30 ailə yasa batdı, bu ilin sounuda da 10 ailənin faciəsi baş verdi. Bu ölkənin vətəndaşı ölümdən qaça bilmir. Quruda da, suda da fəlakət insanları tapır. Çünki, ölkənin hər yerinə fəlakət toxumu səpilib. Çünki, bu ölkədə bütün fəaliyyətlər yaşatmağa yox, öldürməyə hesablanıb.
Beləliklə, yoxsulluğun yox, yoxsulların kökü kəsilir. Bu ölkədə insana dəyər verilmir. Bu ölkədə insan lazımsız əşya kimidir. Qırılması, itməsi, dağılması heç kimi narahat etmir.
Neftin sərvətindən bir qrup, neftin gətirdiyi fəlakətlərdən sadə vətəndaşlar bəhrələnir. Dənizdən çıxan sərvət bir qrup harının, dənizdən gələn bəla qara fəhlənin olur. Kimisi neft pullarında, kimiləri də dəniz sularında boğulur.
Bəli, 10 nəfər neftçi də neftə qurban verildi. Başda oturanların daha çox qazanması üçün neftçilər ən ağır vəziyyətdə də neft çıxarmalıdı. Neft pullarına görə neftçini qurban verməyə razıdılar. Amma neftçinin təhlükəsizliyi üçün neft pullarından biraz xərcləməyə razı deyillər.
Allah həyatını itirmiş neftçilərə rəhmət eləsin.
İlham