Aşıqdan, toy parodiyaçısından, ayaqqabıya yamaq salan pinəçidən… almaq istədikləri qəpik-quruşları boşa verin, dostlar! Bu kateqoriya adamların vergi müfəttişlərinə verəcəyi, ən yaxşı halda Mollanın “sabah gələrsən!” cavabı ola bilər.
Bu biri yandan milyardlar əldən çıxır, dostlar! Ümumi iqtisadi gəlirlərimiz son iki ildə 34 milyard 500 milyon dollar azalıb. Faktiki bazar qiymətləri ilə hesablanmış 11 aylıq göstəricilərin (ÜDM) müqayisəsi belə nəticə ortaya çıxarıb. 18,5 milyardlıq itki qeyri-neft sektorunda, 16 milyardlıq itki neft sektorunda qeydə alınıb.
Azalmanın ağırlıq mərkəzi qeyri-neft sektoruna düşüb. Burada əmələ gələn ümumi itkilərin 37%-i ötən ilin, 63%-i bu ilin payına düşüb. Yəni, bu il vəziyyət daha acınacaqlı olub. Gələn il vəziyyət bu ilkindən də pis olacaq.
Əhalinin sosial vəziyyətinin qeydinə qalmaq hökumətin boynunun borcudur. Belə şəraitdə xırda sənət adamlarının qəpik-quruşunu hədəfə gətirməyin heç bir ağlabatan izahı ola bilməz, olmamalıdır! Mürəkkəb və çətin zamanda xırda sənətkarlıqla məşğul olanları rahat buraxmaq, onları hər cür gərəksiz təzyiqlərdən azad etmək daha doğru yoldur. Buradan bir şey çıxmaz! İri yeyintilərin yol verildiyi istiqamətlərə üz tutmaq daha əhəmiyyətlidir.
Yazı iqtisadçı-ekspertin facebook səhifəsindən götürülüb