Birinin həbsinə, o birinin xəstəliyinə sevinirlərsə….
Həqiqətən də həyat ibrətlərlə doludur. İnsan nəticə çıxarmaq istəsə, pis əməllərdən imtina etmək üçün xeyli səbəblər var. Əlbəttə ki, biz kiminsə həbs olunmasına, ağır xəstəliyə tutulmasına görə sevinmirik. Amma son zamanlar müşahidə etdiyimiz bir maqam xeyli mətləblərə aydınlıq gətirir. Birmənalı şəkildə aydın olur ki, pis əməllərin sahibi olanlar həbsxanaya düşəndə də, ağır xəstəliyə yoluxanda da insanlar sevinir.
MTN generalı Akif Çovdarovun həbs olunması və hakim Ənvər Seyidovun beyninə qan sızması cəmiyyətdə birmənalı sevinclə qarşılandı. Bir nəfər tapılmadı ki, bu adamlar haqqında “ Allah qapısın açsın”, “Allah şafa versin” söyləsin.
Hamının yanaşması budur ki, bu admalar törətdikləri əməllərin cəzasını alır. Hamı bu şəxslərin üzləşdiyi faciələri “ilahi ədalət” kimi qiymətləndirir. İnsanların qiymətləndirməsi budur ki, lənlətlər, qarğışlar, ah-nalələr bu adamları hədəfə çevirdi.
Akif Çovdarov insanlardan şantaj etməklə, işgəncə verdiməklə, “haqq” almaqla məşğul idi. Ənvər Seyidov isə günahsız insanlara ədalətsiz hökmlər oxuyurdu. “Heykəl məhbusu” Qiyasi İbrahimə 10 il həbs hökmü oxuduqdan sonra bu adama qarşı ümummilli nifrət yarandı. Sosial şəbəklərdə minlərlə vətəndaş onun ünvanına təhqirlər, lənətlər, qarğışlar yağdırırdı.
İnsanlar bu adamlara qarşı o qədər qəzəblidilər ki, onların həbsdə olmağı, ağır xəstəliklə boğuşmağı təsəlliyə çevrilib, rahatlıq yaradır.
Məncə insan üçün bundan ağır cəza, bundan ağır dərd yoxdur. 50-60 il ömür sürəsən və nəticədə ümumxalq nifrətini qazanasan. Bundan sonra heç vaxt Ənvər Seyidov ədaləti təmin edən hakim kimi yaddaşlarda qalmayacaq, ədalətsizliyə haqq qazandıran insan kimi xatırlanacaq. Ənvər Seyidov, Akif Çovdarov və bu qəbildən olan adamlar öz tərcümeyi-hallarını yandırmaqla məşğuldular.
Bəli, uzun ömür yaşamaq, var-dövlət sahibi olmaq mümkündür, amma ictimai rəyi dəyişdirmək, insanların yaddaşında şərəfli adam kimi qalmaq çətindir.
Ona görə də şərin əlaltısına çevrilmiş adamlar Akiflərin, Ənvərlərin taleyindən dərs çıxarmalıdır. Bu adamlara lənət yağdıranlar, təhqir yazanlar, qarğış edənlər 5-10 nəfərdən ibarət deyil. Əgər 5-10 adamın münasibətindən söhbət getsəydi, hansısa qərəzdən danışmaq olardı. Amma minlərlə insan bu şəxslərin ünvanına nalayiq ifadələr işlədir. Hətta onların ölüm xəbəri yayılanda hamı toy-bayram kimi qeyd edir.
Bəli, hamı öz cəzasını alır. Həm də o dünyada deyil, bu dünyada. İndi bu adamalrın yaxınları, doğmaları da utanır. “Mən filankəsin qohumuyam” deməkdən çəkinirlər.
Allah heç kimə belə ömür qismət eləməsin. Əgər “Allah sənə şəfa versin”, “Allah sənə rəhmət eləsin”, “Allah qapını açsın” deyən yoxdursa, yaşmağın nə mənası var?
Həyat çox amansızdır. Bəzən bir gəncə oxunan hökm, bir insanın bütün həyatını darmadağın edir. Cəzalandırılan bütün dünyada hörmətlə, cəzalandıran nifrətlə anılır.
İlham