İtkin ölkəm

ilham-huseynİlham Hüseyn

Bu ölkənin taleyi belə olmamalıydı. Allah bu ölkəyə qiymətli cehizlər vermişdi.  Sərvətimiz, təbiətimiz, gözəl adət-ənənələrimiz var idi. Bu xalqın xoşbəxtliyi üçün bu ölkənin varlığı yetərliydi. Amma biz bu ölkəni qoruya bilmədik. Biz  Alahın Azərbaycan adlı əmanətinə sahib çıxa bilmədik. Çoxdandır ki, ölkəmiz itkin düşüb. Bu bəxtsiz ölkəni tapanlara mükafat vəd edən də yoxdur.  Faciə ondadır ki, biz yavaş-yavaş bu itkiylə barışırıq. Bu ölkə haqqında keçmiş zamanda danışmağa başlamışıq. Əslində, bu ölkəni itirməklə, öz taleyimizi, arzularımızı, sabahımızı, qürurumuzu da itirməyə başlamışıq.

Biz uzun illərdi ki, itkinlər diyarında yaşayırıq.1 manat pulumuz itəndə gecə-gündüz axtarırıq, amma bu ölkəni axtarmağa həvəsimiz yoxdur. Gözümüz cibimizdən düşəni axtarır, amma taleyimizdən düşüb gedənə qarşı biganəyik. Biz bu ölkəni axtarmalı olduğumuz halda, bəhanə axtarırıq.

Bəzən düşünürəm ki,ölkəmizi itirdiyimiz pulumuz kimi axtarsaydıq, bugün başqa Azərbaycanda yaşayardıq. Cibimizdəki manatı qoruduğumuz kimi  yaşadığımız ölkəni də qorusaydıq, bugün ərazimizin 100 faizi işğalda olmazdı.

Bu ölkədə seçkilərin saxtalaşdırılmasına görə , Konstitusiyaya mürtəce dəyişiklik edildiyinə görə, təhsilin iflic vəziyyətə düşdüyünə görə neçə nəfər başağrı dərmanı atıb? Neçə nəfər ölkənin dərdinə görə  infarkt keçirib?  Neçə nəfər  məhkəmə sisteminin bərbad vəziyyətə düşdüyünə görə iştahdan kəsilib? Yəni, bu ölkənin dərdinə biganə qalmışıq. İndi bizi vətəndaşlıq borcu yox, kredit borcu narahat edir. İndi bizi insan haqları yox, təhsil haqqı düşündürür.  Hansıki, ölkənin dərdinə dərman axtarsaydıq, ölkəni itirməmək üçün səy göstərsəydik, bu gün xırda problemlər dərdə çevrilməzdi.

Bəli, biz uzun illərdi ki, itkin ölkənin vətəndaşlarıyıq. Bu ölkənin axtarışna çıxmadığımız hər gün özümüz də itirik. İtirməyi həyat tərzinə çevirmişik.  Ölkəmizin axtarışına çıxmadığımız üçün  bizə yaltaqlıq, saxtakarlıq, xəstəlik, ədalətsizlik tapırlar.

Vətən boyda ərazini itirmişik, amma bu ərazini tapmaq, samanlıqda iynə tapmaqdan çətin olub. Yerini bilmədiyimiz üçün yox, yanına getmək istəmədiyimiz üçün tapa bilmirik.

İtki həqiqətən də pis şeydi. Ölkəmizi itirdiyimizə görə rəngarəng pisliklərlə əhatə olunmuşuq.

Bu ölkəni tapmaq lazımdır. Bu ölkənin daha dərində basdırılmasına imkan vermək olmaz. Bu ölkəni oğurlayanlar,  izini itirməyə davam edəcəklər.  Əlimizə vətəndaşlıq fənəri götürüb, ayağımıza əzmkarlıq ayaqqabısı geyinib axtarışa getməliyik.

Hələ də ümid var. Bu ölkəni tapıb, özümüzü xilas edə bilərik. Bundan yaxşı ölkə axtarışına çıxmaqdansa,  öz itirdiyimizi axtaraq.  İtkin ölkənin insanları xoşbəxt ola bilməz.