“Yox”un oxuduğu ölüm hökmü

zumrud-yagmur-yeniZümrüd Yağmur

Ərtafda nə varsa, sadəcə yola verməyin, ya da bəlkə ümidsizliyin qəlbimizə yüklədiyi həvəssizliyin ağırlığı altında məhv olub gedir. Buna rəğmən yaşaya bilməyəndə yaşayırmış kimi davrandığımız tək, gələcəyə də bir ümidimiz varmış kimi davranırıq.

Amma  yaşadığımız  indinin gətirəcəyi gələcək elə böyük dəyişikliklərə yol açmayacaq. Axı təxminən on il öncə gözlədiyimiz gələcək indiyə çevriləndə gördük, sən demə, heç nə dəyişməyib.

Çünki bu ölkənin gələcəyini müəyyən edənlərin düçüncəsindəki tıxac gözəl ola biləcək hər şeyin qarşısına divar hörüb.

Çırtdanın divə inanması nə ilə nəticələnə bilərdisə, Məlikməmmədin qara qoyuna güvənib işıqlı dünyaya gedəcəyinə ümid bəslədiyində nələr olduysa, bu ölkənin də gələcəyini güya inşa edənlərə etibar etməyin sonu da o olacaq.

Bu gün susqunluğumuzla o etibarnaməni istəsək də, istəməsək də bizi idarə edənlərə qızıl sinidə öz əllərimizlə təslim etmişik.

Bu ölkənin gələcəyini siyasətin “yorğanşünasları”, inkişaf nağılları qura bilən nağılbazları, qəhrəmançılıq oynayan vətənşüvənləri inşa edir.

Xalqsa kütləvi intihar psixikasına tabe edib özünü…

Yaponiyada intihat meşəsi var… Orda intihar edirlər, bu günə ümidini itirənlər, ya da yeniyetməlik dövrünün çalxantılarında sürüklənənlər…

Bu ölkə də kütləvi intiharlar məmləkətidir, çünki yetkinliyə heç çata bilmədi. Tarixin hər dönəmində sözdə vətən sevgisinin keçici həyacanını yaşayıb, bir şəkildə yeniyetməlikdən xilas ola bilmədik.

Bu an belə indimizi qətl edənlərin gələcəyə saldığı ölüm körpüsünü görmək istəmirik. Bəlkə ona görə ki, ölkənin gələcəyinə ümumiyyətlə inanmırıq?!

Az qala hər gün damla-damla öz kimliyini onu baş üstündə belə deyil, ayaqları altında edam edənlərə təslim edən bir xalq necə gələcəyin varlığına inana bilər ki?

Bu ölkənin dar ağacları belə ən aşağıda qurulub, hansısa uca, hündür ağaclarda yox, ən ucuz ölümləri, ən xırda oyunları rəva biliblər bu xalqa…

Xalqsa o ucuz dar ağaclarından asılan cəsarətin ölümünə oynanılan şəbehin ritminə uyğun əl çalır.

Bu ölkənin gələcəyinə bir ümidsizlik gülləsi açılıb…

Və mən o gün, adını bilmədiyim, ancaq yaşını soruşub öyrəndiyim 23 yaşlı, bir az tənbəl, bir az güvənsiz, dırnaqlarını didə-didə, sanki kimsənin diqqətini çəlb etməmək üçün asta yerə basdığı addımlarının halı ilə özü belə anlamadan bu ölkənin gələcəyinə bir kəlimə ilə ölüm hökmü oxuyan o qızı, bu ölkənin gəncliyini, gələcəyini gördüm. Biri  ona xoş olsun deyə

– Hər şey yaxşı olacaq, – dedi.

– Yox, olmayacaq… – təmiz təbəssümlə cavab verdi.

Və o “yox” bu ölkənin gələcəyinə oxunan ən səmimi ölüm hökmü idi əslində…