İlham Əliyev üçün “Zalımın dükanı” hekayəsi

melahat_agacanqiziMəlahət Ağacan Rübabə

Bütün gecəni yatmayan Nargilə havanın azca işıqlandığını görüb tez pəncərənin qabağına qaçdı və pıçıltı ilə dua etməyə başladı: ”Ay Allah, nə olar, qurban olum, bu gün Zaur gəlməsin, Əminə gəlsin, yoxsa uşaq öləcək acından”. Əlindəki  siyahını həyəcandan əzir, cırır və tez yenisini yazırdı: “un, qənd, çay, yağ, makaron, kartof, soğan…” İstədi “toyuq” da yazsın, əli əsdi, yaza bilmədi. Fikirləşdi, lap Əminə gəlsə də  ondan da çox şey istəməyə üzü gəlməyəcək, çünki borcu çox idi dükana.

Evləri ilə üzbəüz dükanın üstündə  “Zaur market” yazılsa da  məhəllədə hamı ona “Zalımın dükanı” deyirdi. Ər-arvad dükanı birlikdə işlədirdilər. Ər dükanda olanda heç kim ürək edib dükana getmirdi, bilirdilər ki, əlli manatdan çox borcu olana nisyə heç bir çörək də verən deyil. Amma arvadı insaflı idi, o, dükanda olanda heç kim əliboş, qanıqara evinə getməzdi.

Nargilə dükanın qapısını Zaurun açdığını görəndə “vayyy, balam bu gün də ac qaldı“ inildəyib, əlindəki siyahını ovcunun içində əzik-əzik etdi. Yerindən tərpənə bilmirdi, pəncərənin qabağında donub qalmışdı. Göz yaşları yanaqları ilə sakitcə əlində saxladığı siyahının üstünə süzülürdü, qorxudan hönkürə də bilmirdi ki, qızı oyanar. Hıçqırıqlarını içində boğan Nargilə qızının səsindən diksindi:

– Ana, bu gün dükana gedəcəksən?- Nargilə üzünü qızına çevirmədən yavaşdan

– həə – dedi.

– Dünən də dedin gedəcəyəm, amma getmədin.

– Yoox, bu gün mütləq gedəcəyəm…

– Gedəndə mənə kişmişli bulka alarsan?

– Hə, alaram…

– Bulkanın arasına yağ qoyub, mənə şirin çay edərsən?

– Həə, edərəm…

kozetta_viktor_hugo

Qızının şirin səsi, şirin sifarişləri ananı necə ovsunladısa qaça-qaça məhəllədəki dükana necə çatdığını özü də bilmədi. Dükanda Zaurdan başqa heç kim yox idi, yəqin hamı qapı-pəncərədən  arvadının dükana gəlməsini güdürdü. Nargilə qorxa-qorxa əzilmiş siyahını ona acıqla baxan dükançıya uzatdı.

– Bunları istəyirəm, bir də bir dənə kişmişli bulka…- Dükan sahibi hirslə kağıza baxdı, hündürdən deyinməyə başladı:

-Vəssalam, səhər tezdən siftə nisyə ilə başladı, axşama kimi də belə olacaq. Elə bil mən bu məhəllənin prezidentiyəm, naziriyəm, meriyəm, deputatıyam. Sanki mənim un-yağ zavodum, qənd-çay fabrikim, kişmişli bulka  bişirən sexim var… Ay Allah, hara çıxım gedim bu ac millətin əlindən?.. – Bir xeyli deyinəndən sonra siyahını almadan Nargilədən soruşdu:

– Borcun nə qədərdir?- Nargilə bilmədi nə cavab versin, çünki Əminə hər dəfə ona nisyə mal verəndə tapşırırdı ki, ərimə demə ha, nə qədər borcun olduğunu.  Zalım dükan sahibi bu dəfə bağıraraq soruşdu:

– Səninlə deyiləm, nə qədər borcun var?

– Maaşlarımızı iki aydı vermirlər, ona görə borcum… – Nargilə kəkələyərək borcunu dedi , – yüz doxsan yeddi manat əlli qəpik olub…

– Nəəəəə… Vayyy, evim yıxılıb,  vayyy, xəbərim yoxdur? dükanı yeyiblər … – Bir xeyli baş-gözünə döyəndən sonra, donub yerində qalan Nargiləyə var gücü ilə bağırdı:

– Cəhənnəm ol, dükandan!..

Axşam Nargilənin balaca qızı ilə qara yaylıqlı yad bir qadın dükana gələndə Zaurun qorxudan rəngi ağardı. Yad qadın un, yağ, şəkər tozu aldı və Nargilənin dükana olan borcunu verdi. Balaca qızın , “xala, mənə kişmişli bulka ala bilərsən?” sözünü dükan sahibi “xala, anamın ürəyini bu kişi partlatdı, bilirsən?” eşitdi…