Qulların azadlığa qarşı üsyanı

bayramBayram Məmmədova 10 il 6 ay həbs cəzası düşürsə….

Azərbaycanda müstəqil məhkəmənin olmadığını, günahsız insanların şərlənərək həbs edildiyini, ədalətsizliklərin sifarişinin yuxarılardan gəldiyini bilirik və hər gün bənzər hadisələrə şahidlik edirik.

Heykəlin üstünə “Qul bayramın mübarək” sözlərini yazan Qiyas İbrahimlə Bayram Məmmədova qarşı münasibət də göstərdi ki, bu ölkədə məkkəmə sistemi rejimin əhval-ruhiyyəsinə uyğun fəaliyyət göstərir. Bu gənclərə verilən cəza hökumətin hikkəsinin, qisas hissinin, düşmənçiliyinin göstəricisidir. Dəhşətli işgənclərədən sonra qisas hissi zəifləmədi və Qiyasa 10 il həbs cəzası verdilər.

Əlbəttə, cəmiyyətdən də, dünyadan da Qiyas İbrahimə dəstək gəldi. Bu gənci narkoman kimi yox, qəhrəman kimi qiymətləndirdilər. Ona hökm oxuyan hakimi, 9 il həbs cəzası istəyən prokuroru isə lənətlədilər.

Cəmiyyətin bu həbsə münasibətinə, prokurora, hakimə lənətinə baxmayaraq, Bayram Məmmədova qarşı da eyni ssenari davam edir. Prokuror Bayram Məmmədova 10 il  6ay həbs cəzası istəyib. Bunların söylməkdən, lənətlənməkdən, cəmiyyətin nifrətini qazanmaqdan qorxusu yoxdur. Deməli, insani hissləri, qürüru, mənəviyyatı tamam itiriblər. Bu gənclərin “cinayət”inin cəzası  hansısa miqdarda cərimə, sutkalıq həbs ola bilər. Amma heykələ yazı yazdığına görə işıqlı gənclərin həyatını zülmətə təslim etmək özlüyündə böyük cinayətdir.

Bayram Məmmədova 10 il 6 ay həbs cəzası istrəyən prokurorun məqsədi nədir? Şərin xoşuna gəlmək, karyera pilləkəninə dırmaşmaq, pul qazanmaq? Əslində, Bayrama 10 il 6 ay həbs cəzası istəməklə bu adam özünə ömürlük zərbə vurur, özündən sonra da doğmalarına ağır yük miras qoyur.  Onsuz da bu gənclər 10 il həbs həyatı yaşamayacaq, onsuz da onların günahasız olduğunu hamı bilir və tezliklə onlar bəraət alacaqlar.

Heykələ yazı yazanın cəzası 10 ildirsə, milyardları talan edənlərin, milyonlarla insanın haqqını oğurlayanların cəzası nədir?  Saysız cinayətlərdə ittiham olunan nazir azadlıqda gəzir, 15 insanın ölümünə səbəb olan yanğına görə məsuliyyət daşımalı olanlar azadlıqda gəzir, seçkini saxtalaşdıranlar, günahsız insanlara işgəncə verənlər azadlıqdadır, amma heykələ ürək sözünü yazan gənclərə 10 il həbs cəzası verilir.

Vətəndaşı təhqir edənlərə fəxri adlar, rejimi tənqid edənlərə ən ağır cəza verilir. Heykələ yazı yazan gəncə ağır cəza verilir ki, başqalarına ibrət olsun. Bəs, korrupsiya ilə məşğul olan, vəzifə səlahiyyətlərini aşan məmura niyə cəza verilmir ki, digərlərinə də ibrət olsun?

Əlbəttə ki, Azərbaycanda məhkəmələr, hakimlər, hüquq, qanun hökumətin cəza və qisas alətidir. Ölkəni bu qədər gözdən salmaq, bir gəncə qarşı bu qədər qisas hissiylə yanaşmaq olmaz.

Günahsız bir gəncə 10 il həbs cəzası istəyib, sonra evində rahat yata bilən adamlar, bu ölkə üçün böyük təhlükədir. Bu qədər iyrəncliklərdən sonra vicdan əzabı çəkməyən adamların səlahiyyət sahibi olması daha böyük böhrandır. Əslində, ölkənin bu gün ağır vəziyyətdə olmasının əsas səbəbi  ədalətsiz adamların iş başında olmasıyla bağlıdır.  Neft pullarını məhv etdilər, səhiyyəni, təhsili məhv etdilər, indi də işıqlı gəncləri, vicdanlı adamları məhv etməyə çalışırlar.

Bayrama, Qiyasa 10 il həbs cəzası  istənilməsinin səbəbi “Qul bayramın mübarək” sözləridir. Amma  onlara həbs cəzası istəyənlər, saxta hökm çıxaranlar öz  tərcümeyi-hallarına “mən qulam” yazıblar. Bunlar azadlığa üsyan edən qullardı. Ona görə də qul olmaq istəməyən azad insanlara qənim kəsiliblər.

Samir