Ataların yerinə düşən çox məsəli var; heç mətləbə dəxli olmayanı da az deyil. Bu da başadüşüləndir, hər cür ata var axı. Fərsiz oğul qoyub gedən atanın bizə yadigar saxladığı söz kimin nəyinə gərəkdir; özükimisi onu kitaba salsa belə…
Bu günlərin başlıca mövzusu “islahatçı atalar”ın xalqımıza sevgi və sayğıdan qaynaqlanan hədiyyə etməsi – qaz və işığın qiymətini qaldırmasıdır. Evdə, küçədə, avtobusda, metroda, televizorda… yox, televizorda belə söz danışılmaz, bir sözlə, hər yerdə mövzu qiymətlərdir. Həm də təkcə qiyməti qaldıranlar yox, onların bu dünyada olan və olmayan yaxınlarının xatırlanması da yaddan çıxmır. Birbaşa hamıya toxunur; istər varlı, istərsə də kasıb. İşığı, qazı daha çox yandıran varlılardır axı, bəzisinin sayı bilinməyən evləri, obyektləri, istixanaları var, fermaları var, bundan sonra xərcləri artacaq, üstəlik, neft milyardları kəsildiyindən “paket maaş”larda da problem yaranıb, ya azalıb, ya da tam kəsilib. Belə bir durumda arvad-uşaq saxlamaq, it saxlamaq, quş saxlamaq, delfin saxlamaq, məşuqə saxlamaq, bağban, qulluqçu, bir neçə sürücü saxlamaq çətin olacaq. İndi işıqpulu və qazpulu verməkdə çətinlik çəkəcəklər. Baxmayaraq ki, onlar kommunal xidmətlərin haqqını ödəməkdə bu çağa qədər maraqlı olmayıblar. Yadınızdadırsa, “Barmek” rəhbəri Hüseyn Arabulun işıqpulu yığmaq məsələsində başlıca problemi məmurlar idi. O deyirdi ki, sizin xalq işlətdiyi işığın pulunu verir, ancaq saysız villaları olan məmurlar vermir. Yeri gəlmişkən, elə məmurlar da onun axırına çıxdı; baş məmurla birgə…
Ancaq indi rəsmilər deyir ki, bu artımdan kasıblar ziyan çəkməyəcək, varlılardan (məmur-oliqarxlardan) yığılan pullar yoxsulların sosial problemlərinin həllinə yönəldiləcək, həm də bu tapşırığı İlham Əliyevin verdiyini bildirirlər. O pulun necə yığılacağını isə deyən yoxdur, indi Akif Çovdarov da görəv başında deyil axı. Deyirlərsə, yəqin yığacaqlar. Nə qədər uzaqgörən siyasət… humanizm yada düşəndə adamı lap ağlamaq tutur…
***
Sonda parlamentin axırıncı iclasından bir epizod yadıma düşdü. Oqtay Əsədov deputatların Milli Məclisdə danışmaq hüququna qoyduğu qadağadan ruhlanaraq onların şəxsi həyatına müdaxiləyə keçib. Kimə harda, necə danışmaq dərsi verir. Əlində daşdan keçən Hadı örnəyi də var: “Hadı Rəcəbliyə eşq olsun. Mən Hadı müəllimdən şəxsən xahiş etdim ki, müsahibə verəndə bilsin hara və necə müsahibə verir. Diqqətli olmaq lazımdır. Amma hamı bəhsə girib müsahibə vermək istəyir və nəticədə belə olur”.
Yüngülvari bir problem var. Hadı Rəcəbli Lənkəran çörək zavodunda 1963-cü ildə fəhlə işləyəndə Oqtay Əsədovun 8 yaşı olub. Hadı müəllim 1978-ci ildə “Bakraboçi” qəzetində xüsusi müxbir kimi çalışanda Oqtay Əsədov Kondisioner zavodunda usta köməkçisi işləyib. Yəni müəllimlərə dərsdən sonra fəhləlik etmək məsləhəti verən, müharibə əlillərinə yardımların kəsilməsinə çağırış edən, 5-ci beşillikdir deputat mandatına sahiblənən H.Rəcəbli həmişə O.Əsədovdan bir addım öndə olub; vəzifə pilləsində zirvələrə qalxmaq, gəlib-keçmiş bütün hakimiyyətlərlə dil tapmaq baxımından belə. Ancaq indi özündən kiçiyin məsləhətləriylə oturub-durur. Görünür, atalar bu sözü həqiqətən də boşuna deməyib: “Ağıl yaşda deyil, başdadır”…