Yüzlərlə intihar cəhdinə hansı donu geyindirəcəksiz?
İntihar xəbərləri yaşadığımız ölkənin acı reallığına çevrilib. Artıq ölkədə kimisə intihar etməsi, insanların faciəli şəkildə ölümü təəccüb doğurmur. Hökumət isə intiharları doğuran səbəblərlə mübarizə aparmaq əvəzinə, intiharların əsas səbəbini gizlətməyə çalışır. Sirr deyil ki, intiharların əsas səbəbi kimi sosial-iqtisadi vəziyyət önə çıxır. Xüsusən də intihar edənlər arasında kredit borcu olanlar, bank girovuna çevrilənlər üstünlük təşkil edir.
Dünən daha bir intiharın şahidi olduq. Özünü qatarın altına atan Nəsir Əhmədovun həyat yoldaşı Yaqut Əhmədova deyib ki, son vaxtlar ailədə ciddi maddi problemlər olub. Belə ki, qızlarını gəlin köçürən ailə bankdan kredit götürüb, mebel alıblar. Kredit ödənişində problem yaranıb və bankdan bildiriblər ki, ödəniş olmasa qızın mebellərini müsadirə edəcəklər. Əhməd Nəsirov da çıxış yolunu intiharda görüb. Xoşbəxtlikdən Əhməd Nəsirovun həyatını xilas etmək mümkün olub.
Amma dəhşətli olan təkcə vətəndaşın intihara cəhd etməsi deyil, hökumətin bu intihara don geyindirmək istəməsidir. İndi rejim saytlarında intihara cəhd etmiş adamın müsahibəsi yayılıb. Adamın əvvəlki fikirlərini, intiharın səbəblərini yoxa çıxarıb, yeni ssenari yazıblar. Sən demə, Əhməd Nəsirov borca görə yox, başı gicəlləndiyinə görə intihar edirmiş. Öz aləmlərində problemin səbəbini gizlədirlər. Amma belə ucuz təbliğatla nəyi dəyişmək olar? Hər gün intihar hadisəsi qeydə alınır. Belə çıxır ki, hamının başı gicəllənir. Bugün xəbər yayıldı ki, daha bir nəfər özünü qatarın altına atıb. Yəqin ki, bu adamı da başa salcaqlar ki, başgicəllənməsi olduğunu etiraf etsin. Ötən gün Nizami rayonunda bir ailə yanaraq öldü. Faciə baş verəndən sonra aidiyyatı şəxslər hadisə yerinə getdi və vədlər verməyə başladılar. Hansıki, öncədən təhlükənni qarşısı alınsaydı, bu adamların yaşayış şəraiti ilə maraqlansaydılar, nəticə belə olmazdı. Utanmasalar deyərlər ki, bu adamalr özlərini şüurlu şəkildə yandırıb.
Ölkədə intihar bolluğu yaranıb, hökumət isə əsl səbəbi gizlətməklə məşğuldu. Özünü qatarın altına atanların sayı artdığına görə Bakı Metropoliteni vətəndaşlara müraciət edib: “Vətəndaşlar öz həyatları ilə bərabər, maşinistlərin həyatı üçün də təhlükə yaradırlar. Eyni zamanda belə hadisə zamanı metrodan istifadə edən yüzminlərlə sərnişin də böyük narahatlıq keçirir, gecikmələr yaranır”-deyə müraciətdə bildirilir.
Adamlar çətin həyat şəraitindən beziblər, həyatlarına qıyırlar, bunlar isə sərnişinlərin narahat olmasından, maşinistin həyatına təhlükə yaranmasından dəm vururlar.
Demək istəyirlər ki, intihar etmək fikrinə düşsəniz, başqa məkanı seçin. Təsəvvür edin ki, ölümə pənah aparan adama alternativ yollar təklif edirlər. Mədəni şəkildə “gedin başqa yerdə ölün” deyirlər.
Akif