Nemət Əliyev: «Pensiyanerlərin vəziyyəti gələn il daha da ağırlaşacaq»
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2017-ci il büdcəsinin gəlir və xərcləri 3 400,0 mln. manat həcmində proqnozlaşdırılır.
Bunu fondun gələn ilki büdcəsi haqqında məlumat verən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.
Fondun xərclərinin 37,4%-i və ya 1 270,0 mln. manatı dövlət büdcəsindən birbaşa transfert, 62,6%-i və ya 2 130,0 mln. manatı məcburi dövlət sosial sığorta haqları və sair daxilolmalar hesabına örtüləcək.
Artım 2.5 faiz olacaq
Əmək pensiyalarının ödənilməsinə gələn il 3 213,82 mln. manat ayrılması nəzərdə tutulub. Sənədə əsasən, pensiya xərcləri bu illə müqayisədə 2,5% və yaxud 77,72 mln. manat artacaq.
Layihədə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət xərcləri 1,5% və yaxud 1,55 mln. manat artırılaraq 104,4 mln. manata, o cümlədən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə xərclər 2,7% və yaxud 600 min manat artırılaraq 22,6 mln. manata, hamiləliyə və doğuşa görə xərclər 2,2% və yaxud 600 min manat artırılaraq 28,1 mln. manata, uşağın anadan olmasına görə xərclər 7,5% və yaxud 580 min manat azaldılaraq 7,2 mln. manata, 3 yaşına qədər uşaqlara qulluqla əlaqədar xərclər 2,3% və yaxud 300 min manat artırılaraq 13,4 mln. manata, dəfn üçün xərclər 9,9% və yaxud 1,7 mln. manat azaldılaraq 15,5 mln. manata, işsizliyə görə xərclər isə 15,3% və yaxud 2,33 mln. manat artırılaraq 17,6 mln. manata çatdırılıb.
Bununla yanaşı, “2017-ci il üçün yaşayış minimumu haqqında” və “2017-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihərinin Milli Məclisin komitələrinin birgə iclasında müzakirə olunub.
“2017-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində Azərbaycanda gələn ildən yaşayış minimumunun 155 manat olması təklif edilir. Xatırladaq ki, bu il üçün yaşayış minimumu 136 manatdır. Başqa sözlə, sözügedən göstərici 14% və yaxud 19 manat artırılır.
Layihədə yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 12,7% və yaxud 18,5 manat artırılaraq 164,5 manata, pensiyaçılar üçün 13,2% və yaxud 15,2 manat artırılaraq 130,2 manata, uşaqlar üçün isə 16,8% və yaxud 19,6 manat artırılaraq 136,6 manata çatdırılıb.
Gələn il Azərbaycanda ehtiyac meyarının isə builki 105 manatdan 116-a manata qaldırılması təklif edilir. Bu, “2017-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində nəzərdə tutulub.
İndeksləşdirməyə 127 milyon manat
Gələn il əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsinə sərf olunacaq vəsaitin həcmi məlum olub. “APA-Economics”in məlumatına görə, Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət komitələrinin birgə iclasında 2017-ci il üzrə dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib ki, “Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi”ndə proqnozların tərtibi zamanı gələn il əmək pensiyalarının sığorta hissəsinin 2016-cı ilin yekunlarına görə indeksləşdirilməsi nəzərə alınıb.
Nazir əlavə edib ki, gələn il əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsinə 127 mln. manatın sərf olunacağı nəzərdə tutulur.
Pensiyalara edilən Tarif Şurasının qərarından sonra əhaliyə dəyən ziyandan 2 dəfədən çox azdır. Üç yüz milyon gəlir əldə edəcək büdcə pensiyaçılara buna görə, 127 milyon kompensasiya ödəyəcək.
İqtisadçı Nemət Əliyev bildirdi ki, elektrik enerjisinin və təbii qazın qiymətinin artmasının bütün istehlak mallarının dəyərinə təsir göstərəcək. Gələn il qiymətlərin artım səviyyəsinin çox böyük olacağını deyən N.Əliyev vurğuladı ki, bu il ərzində iki rəqəmli inflyasiyadan qaçmaq mümkün olmadı: «Növbəti il qiymətlər bu ilki ilə müqayisədə ən azı iki dəfə yüksək olacaq. Çünki qiymətlərin artımı həm milli valyutanın ucuzlaşması, həm də Tarif Şurasının qiymət artımı hesabına baş verəcək. Ona görə pensiyaların, əmək haqlarının səviyyəsi heç olmasa 50 faiz artırılmalıdır. Bu addım atılmalıdır ki, bahalaşmanın təsirindən qaçmaq mümkün olsun.Ancaq belə çıxır ki, ölkə üzrə pensiya xərclərinin 77 milyon manat artırılmasından söhbət gedir. Elektrikin və qazın qiymət artımından ilkin cəhddə 300 milyon manat gəlir əldə olunacaq. Ancaq pensiya xərclərinin qarşılanması məqsədilə 77 milyon manat pul ayrılacaq. Axı qiymətlərin artımı böyük sürət alırsa, o zaman əhalinin və pensiyanerlərin alıcılıq qabiliyyəti kəskin şəkildə aşağı düşür. Amma hökumətin əsas vəzifəsi alıcılıq qabiliyyətinin pisləşməsinin qarşısını almaqdan ibarət olmalıdır. Biz görürük ki, əhalinin həyat səviyyəsinin pisləşməsinin qarşısının alınması istiqamətində real addım atılmır. Hələ bu gün verilən pensiya məbləğləri işə yaramır. Bu da xarici valyuta ilə 104-105 dollar edir. Məmurların ayaqabısının dəyəri qədər pensiya verilmir».
N.Əliyevin fikrincə, pensiyanerlərin vəziyyəti gələn il daha da ağırlaşacaq. N.Əliyevin sözlərinə görə, ərzaq məhsullarının və xidmət haqqının kəskin bahalaşması nəzərə alınarsa, 35-40 faiz həcmində pensiyanerlərin vəziyyəti ağırlaşacaq.
Xəyal