“Biz yemişik, siz ödəyin…”

saadet-cahangir-koseSəadət Cahangir

Hökumətimiz çox ayıq siyasət yürüdür. Özü çalıb-çapıb, yeyib taladığı xəzinənin hesabını bədbəxt xalqa ödətdirmək üçün çeşidli planlar düzüb qoşur. Yeni cərimələr, qiymət artımları, vergilər, rüsumlar. Xülasə, məsələ “biz yemişik, siz ödəyin” məsələsidir. Bütün oyunlar da xalqın cibinə girmək üçün planlanır. Həm də lap ağını çıxarırlar. Son kommunal xidmət artımları ilə hesablasaq, aylıq qazancı 300 manat olan bir ailə o haqları ödəyəcək durumda belə olmayacaq. Başdakıların da dünya vecinə belə deyil, yük altda ikiqat olanların canı çıxsın. Hələ başabəla deputatlar MM-də oturub maaş davası döyürlər. Amma elə arada irəli düşən də onlar oldu, bu vurhavurda dirəşib maaşlarını da artırdılar. Bu qazancın müqabilində də məclisdə qırmızı-qırmızı üzə durub deyirlər ki, bu qiymət artımları xalqın rifahına hesablanıb. Gəl, indi belələrinə söz anlat görüm, necə anladırsan…

İndi uşaq da anlayır ki,  büdcə boşalıb, durum pisdir, nə olursa-olsun hökumət oyun-oyuncağa xərclədiyi milyonların yerini xalqdan qoparıb doldurmaq istəyir. Mən də deyirəm ki, gərək, ölkənin bu ağır günündə hər kəs boşalmış xəzinəyə öz töhfəsini versin. Öz payıma tarixdən örnəklər verərək, bu təkliflərin üzərində düşünülməsini təklif edirəm. Məsələn,  1867-ci ildə Uruqvayda kişilərdən bığ vergisi alınır, verginin dərəcələri bığın hər santimetrinə görə dəyişirdi. Bizdə ola bilməzmi? Yaxud İngiltərə kralı  İ. Henri ölkənin gəlir qaynağını artırmaq üçün döyüş zamanı geri çəkilən və ya kral üçün savaşmayanlardan vergi almağa göstəriş vermişdi. Bununla xəzinəyə 300% artım gəldiyi, hətta savaş olmayan zamanlarda əsgərlərdən döyüşmədiklərinə görə vergi alındığı söylənir. Bizdə də ola bilməzmi? Bundan başqa, 1784- 1811-ci illərdə İngiltərədə şapka vergisi tətbiq edilirdi. Şapka geyən adamların ödəmək məcburiyyətində qaldığı bu vergi növü hər şəxsin gəlirinə mütənasib müəyyən edilirdi, yəni geydiyi şapkanın dəyərinə uyğun. 15-ci əsrdə Venesiyada parik vergisi vardı ki, bu da  keçəl insanların parik taxmasından ortaya çıxmışdı. Rus çarlığında da saqqaldan vergi alınırdı. Bunlar da bizdə ola bilməzmi? Görün, bunlar tətbiq olunacağı halda, büdcəyə nə qədər fayda vermiş olarıq?

Dəlinin yadına daş salıram deyə, məni daşlamağa tələsməyin. Guya günbəgün üstünüzə yüklənən qiymət artımları, kredit faizləri, ağılalmaz cərimələr bu vergi növlərindən yüngüldür ki? Guya oyunlara, əyləncələrə, yarışlara xərclənən milyonlar sizin cibinizdən, payınızdan, canınızdan oğurlanan pullar deyilmi? Məgər talanıb  ünvanı məlum olmayan istiqamətlərə gedən, indi məhkəmə qarşısında dayanan yüksək rütbəli məmurların başının altından çıxan böyük milyonlar sizin yeyilmiş haqqınız deyilmi? Ölkədən çıxarılaraq ilim-ilim itirilən 95 milyard milli sərvətdən sizə düşən pay deyildimi? Hara getdi bu pullar, heç hesab sordunuzmu ki? Bu qədər oğurluq, talan, israfçılıq qarşısında qəzəbinizi yumruqlayıb, on minlər olaraq küçələrə çıxdınızmı bircə dəfə? Bu torpaqlarda zəngin, azad, xoşbəxt yaşamaq haqqınız olduğunu düşündünüzmü heç? Bəlkə də çox düşündünüz, çox qəzəbləndiniz, dizinizə-başınıza çox vurdunuz, amma bircə yol əməlli-başlı ətəyinizi çirməyib ortaya çıxmadınız. Çıxmadığınız üçün də ortadakı acı gerçəklərə qatlanmaq zorundayıq bu gün. Hələ hökumət siqnal verir ki, daha betəri qarşıdan gəlir. Nə deyim, bu seçim özünüzündür, nə yazıq ki. Nə yazıq ki, arada qurunun oduna yaş da yanır…