Rabitəçilərin işində maraqlı etiraflar: “Ya biz oğurladıq, ya da…”

rabite-nazirliyi-bina“Gördüyümüz iş monopoliya idi, amma biz məcburiyyət qarşısında bunu eləmişik…”

“Düzdü, gördüyümüz iş monopoliya idi, amma biz məcburiyyət qarşısında qalıb bunu eləmişik. Ya vəsaiti biz oğurladıq, ya da oğurlanmasına şərait yaratdıq – eyni şeydi…”

“Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş mühasibi olmuş Anar Mustafayev noyabrın 30-da məhkəmədə ifadə verərkən belə deyib.

“Nazir göstəriş vermişdi ki, xərcləri şişirdin”

Amma onun ifadəsindən əvvəl keçmiş rəisi – “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş.direktoru olmuş Beytulla Hüseynovun dindirməsi davam etdirilib. O, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri olmuş Vidadi Zeynalovun vəkillərinin suallarına cavab olaraq deyib ki, istintaqd verdiyi ifadəsini təsdiqləyir: “Rabitə Nazirliyinin rəhbərliyi nə deyibsə, onu da eləmişəm. Ad çəkmək istəmirəm. Bu barədə daha danışmaq istəmirəm, mənə sual verməyin”.

Vəkillər onun istintaqa ifadəsinin elan olunmasını istəyiblər: “Deyir ki, ifadəmi təsdiqləyirəm. O ifadələrin nədən ibarət olduğu bilinməlidi.

İfadə elan olunub. İfadəsində Beytulla Hüseynov göstərişləri keçmiş nazir Əli Abbasovdan aldığını bildirib: “2009-2015-ci illərdə görülən işlərin, alınan malların qiymətləri 20-25 faiz artırılıb. Bu göstərişi bizə Əli Abbasov vermişdi. Hər ayın sonunda BTRİB-nin baş mühasibi Anar Mustafayev bundan əldə olunan vəsaitin 80 faizini nazirliyə çatdırırdı. Nazir bizə göstəriş vermişdi ki, vəsaiti və hesabatı Vidadi Zeynalova verək. Vidadi Zeynalov da hesabat zamanı ona təqdim olunan məlumatları, əldə olunan vəsaitləri tutuşdururdu. Bir neçə dəfə özüm də nazir Əli Abbasova bu vəsaitlərlə bağlı hesabat vermişəm. Bu vəsaitdən vergi əməkdaşlarına təxminən 11 milyon, nazirin Nadir adlı qrup yoldaşına hər ay 1000 manat pul verilib. Bundan başqa, mənə çatan puldan Avropa Oyunlarına bir milyon manat xərcləmişəm. Ev alması üçün 2 milyon Əli Abbasova, 1,5 milyon isə nazir müavini İltimas Məmmədova vermişəm. Moskva Dövlət Universitetinin Bakı filialının kabelləşməsinə özüm 400 min xərcləmişəm. Hər ay 30 min mənə qalırdı. Ümumilkdə mənə 2,5 milyon pul qalıb. Əli Abbasovun qaynının, Vidadi Zeynalovun şirkətləri ilə iş görmüşük”.

İfadənin elanı başa çatandan sonra Beytulla Hüseynov bir daha onu təsdiqləyib.

“Ya biz oğurladıq, ya da…”

Ardınca onun baş mühasibi olmuş Anar Mustafayev ifadə verib. O istintaqın qərəzli aparılmasından, rəqəmlərin şişirdilməsindən, istintaqın sonunda cinayət işinin materialları ilə tanış olmasına şərait yaradılmamasından şikayətlənib: “İstintaq məni təşkilatçı kimi qələmə verib. Guya, planı mən hazırlamışam. Əgər planı mən yazmışdımsa, belə ağlım, bacarığım vardısa, niyə istintaqın qənaətinə görə, Beytulla Hüseynov və Vidadi Zeynalovun hər birinə 10 milyon vermişəm, özümə isə 567 min manat götütürdüm? Mən bununla günahsız olduğumu demək istəmirəm. Günahımı ilk gündən etiraf etmişəm”.

Anar Mustafayev deyir ki, xərclərin şişirdilməsi nəticəsində əldə olunan vəsaitdən hər ay 7 min manat “paket” əməkhaqqı alması barədə iş materiallarında yazılanlar həqiqətə uyğun deyil. Onun sözlərinə görə, ayda rəsmi maaşdan əlavə 2 min manat pul alıb: “Əməliyyat olunan zaman Beytulla müəllim mənə 8 min, 5 min və 4 min manat pul verib. Ayda 7 min alırdımsa, Beytulla müəllimdən niyə pul alırdım? Düzdür, ayda mənə 7 min verilib, amma cəmi 2 mini mənə çatıb, qalanı müxtəlif məsələlərə, o cümlədən işçilərin xəstəliklərinin müalicəsindən tutmuş, onların övladlarının təhsilinə, bayram tədbirlərinə qədər müxtəlif işlərə xərclənib”.

Anar Mustafayev qeyd edib ki, baş mühasib olduğu quruma daxil olan bütün vəsaitlər təyinatı üzrə tam xərclənib. Yalnız tenderlər vasitəsilə müəyyən vəsaitlər əldə olunub: “Ya vəsaiti biz oğurladıq, ya da oğurlanmasına şərait yaratdıq – eyni şeydi. Hərçənd, bilirdik ki, bir gün qapı döyüləcək, amma eləyirdik. Layihələr hazırlanırdı, onların icrasını inandığımız adamlara həvalə edirdik. Amma onlara əvvəlcədən deyirdik ki, siz qazanc götürməyəcəksiz. O adamlara şişirtmə nəticəsində qalan vəsaitdən “paket” əməkhaqqı verilirdi. Bu baxımdan, biz dövlət əmlakını mənimsəməmişik, Bayram müəllimin, Emin müəllimin, Namazalı müəllimin qazancına girmişik. Dəfələrlə Maliyyə Nazirliyi, Vergilər Nazirliyi yoxlamalar aparıb, heç bir kənarlaşma aşkarlanmayıb. Həqiqətən də ədalətli araşdırılsa, görünər ki, zərrə qədər yayınma yoxdu. Başqa şirkətlərlə işləsəydik, daha baha başa gələcəkdi”.

Anar Mustafayev prokurorun suallarını cavablandırarkən deyib ki, xərclərin şişirdilməsi nəticəsində əldə olunan vəsaiti nazirliyə aparıb: “Nazirliyə apardığım bağlamalarda pul olduğunu bilirdim, amma məbləği bilmirdim. Bağlamaları da Vidadi müəllimə verirdim”.

Məhkəmə prosesi dekabrın 2-də davam edəcək.