Hökumətin pambıq və barama nağılı da bitir

aliyev_musavire2Yenə də göydən 3 alma düşmədi

Ölkənin mənzərəsini hamımız aydın görürük. Faktiki olaraq 9 milyon əhali hökumətsizlikdən əziyyət çəkir. Ölkəni bir komanda idarə edir, amma bu komanda “hökumət” anlayışına uyğun deyil.
Bu komandanın bütün addımları özünütəkzib, özünüifşa üzərində qurulub. Bütün vədlər, sərəncamlar, yaradılan qurumlar sabun köpüyünə çevrilib. Məsələn, anti-böhran tədbiri kimi “Dayanıqlı İnkişaf Şurası” və “Maliyyə Sabitliyi Şurası” yaradıldı və ölkədə vəziyyət daha da pisləşdi. Nə maliyyədə sabitlik oldu, nə də inkişafda dayanıqlılıq müşahidə edildi.
Amma yazımızın əsas məqsədi hökumətin “sahibkarlara yardım” təbliğatına diqqət yönəltməkdir. Bildiyiniz kimi əzəmətli hökumətimiz əjdaha boyda böhranın qarşısını pambıqla, baram ilə, tut tingiylə, fındıqla almaq istəyir. Ona görə də kənd təsərrüfatına ciddi dəstək verəcəklərini, bu sahələrlə məşğul olanlara maliyyə yardımı edilcəyini bildirdilər. Hətta ölkə başçısı müxtəlif rayonlara səfərləri zamanı birmənalı şəkildə bildirdi ki, ixracyönümlü iqtisadiyyat qururuq, yerli fermerlərə ciddi dəstək veriləcək, sahibkarlara münbit şərait yaradılacaq və.s
Amma bu vədlərin, bəyanatların səsi qulağımızdan getməmiş, yeni təkliflər ortaya çıxdı. Belə ki, Hesablama Palatası Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) maliyyələşdirilməsinin dayandırılmasını təklif edir. Bunu belə izah ediblər ki, Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) güzəştli kreditlərə yönəlmiş vəsaitlərinin vaxtında geri qaytarılmasında problemlər daha da dərinləşib.
Göründüyü kimi hökumətin bəh-bəhli vədləri, dadsız çıxmağa başlayıb. Yəqin ki, Hesablama Palatasının bu “müdrik” təklifi yekdilliklə qəbul olunacaq. Çünki, hökumətin sahibkarlığa dəstək üçün ayırmağa pulu yoxdur. Maliyyəni Formula-1 yarışlarına, Avropa Oyunlarına , İslam Həməryliyi Oyunlarına, Beynəlxalq Ordu Oynularına, Avropa çempionatına, Bolqarıstanda, Serbiyada, Vatikanda xeyriyyə tədbiləri keçirməyə xərcləyirlər. Priritet olan sahələr bunlardı. Sahibkarlıq isə sonuncu dərəcəli məsələdir və bu sahənin maliyyələşdirilməsini “tormozlamaq” lazımdır.
Sözümüzün mustafası budur ki, pambıqçılıq, tütünçülük, baramaçılıq, fındıqçılıq nağılları da sona yetməmkdədir. Yenə də göydən 3 alma düşmədi. Göydən, özünütəkzib, özünüifşa və vətəndaşın səfaləti düşdü.
Həmişəki kimi dedilər, saxta təsəlli verdilər və vaz keçdilər. Yeni təsəlli yalanları eşitmək ümidi ilə yaşamağa davam edirik.

İlham