41 manata başa gələn qaz əhaliyə 200 manata satılır

isiq-qaz-pulu

Nemət Əliyev: «SOCAR maya dəyəri çox aşağı olan təbii qazı əhaliyə yüksək qiymətlərlə satır»

2015-ci ildə 1 ton neftin istehsal maya dəyəri 94,74 manat təşkil edib və keçən ilin müvafiq dövrü ilə müqayisədə 3,11 manat və ya 3,4% artıb.
SOCAR-ın 2015-ci il üçün illik hesabatında qeyd olunur ki, neft məhsullarının maya dəyərinin 85-90%-ni xam neftin alınmasına çəkilən xərclər təşkil edir. Buna görə də neftin və qazın maya dəyərinin təhlili böyük əhəmiyyət kəsb edir. Maya dəyəri yalnız SOCAR tərkibində olan neft-qazçıxarma idarələri üzrə araşdırılıb.
Şirkət üzrə neftin hasilatına çəkilən cəmi istehsal xərclərinin tərkibində material xərclərinin xüsusi çəkisi – 4,3%, əmək haqqı xərcləri – 14,6%, sosial ehtiyaclara ayırmalar – 2,9%, amortizasiya ayırmaları – 17,5%, təmir xərcləri 10,4%, əsas vəsaitlərə texniki xidmət – 2,1%, nəqliyyat xərcləri – 18,6%, mədən vergisi – 10,7% və s. təşkil edir.
2015-ci ildə 1000 m3 qazın faktiki istehsal maya dəyəri 39,74 manat təşkil edib ki, bu da keçən illə müqayisədə 2,55 manat və ya 6,8% artıb. Şirkət üzrə qaz hasilatına çəkilən cəmi xərclərin tərkibində material xərclərinin xüsusi çəkisi -3,5%, əmək haqqı xərcləri – 9,9%, sosial sığorta ayırmaları – 2,0%, amortizasiya ayırmaları– 31,1%, təmir xərcləri – 9,0%, əsas vəsaitlərə texniki xidmət – 1,8%, nəqliyyat xərcləri – 17,2%, mədən vergisi – 14,9% və s. təşkil edir. Şirkət üzrə 1000 m3 əmtəəlik qazın maya dəyəri 2014-ci illə müqayisədə 2,55 manat (6,8%) artıb. Bununla əlaqədar olaraq, cədvəl üzrə əmtəəlik məhsul vahidinin maya dəyərinin (mədən vergisiz) göstəricisini müqayisə edək.
Hesabatda deyilir ki, SOCAR üzrə neftin və qazın maya dəyərləri artıb. Neftin maya dəyərinin artması keçən ilə nisbətən əsas vəsaitlərin amortizasiyası, nəqliyyat xərcləri, digər vergilər, digər xidmətlər və digər xərclərin artması hesabına baş verib. Belə ki, əsas vəsaitlərin amortizasiyası üzrə xərclər 19888 min manat (19,4%), əsas vəsaitlərə texniki xidmət xərcləri 333 min manat (2,3%), nəqliyyat xərcləri 18487 min manat (16,7%), digər vergilər üzrə 6047 min manat (20,6%), digər xidmətlər 4819 min manat (15,6%) və digər xərclər üzrə – 12326 min manat (49,1%) artıb.
Qazın maya dəyərinin artması keçən ilə nisbətən əsas vəsaitlərin amortizasiyası, nəqliyyat xərcləri, mühafizə xərcləri, digər vergilər və digər xərclərin artması hesabına baş verib. Belə ki, əsas vəsaitlərin amortizasiyası üzrə xərclər 3295 min manat (4,6%), nəqliyyat xərcləri 1280 min manat (3,2%), mühafizə xərcləri 748 min manat (22,0%), digər vergilər üzrə 1642 min manat (20,0%) və digər xərclər üzrə – 629 min manat (13,4%) artıb.

Samir Şərifov: “Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin”

samir-serifov1

“Qazın qiymətinin artırılmasına SOCAR rəhbəri Rövnəq Abdullayev və onun əməkdaşları aydınlıq gətirməlidir”.
Modern.az–ın xəbərinə görə, bunu maliyyə naziri Samir Şərifov 2017-ci il büdcə layihəsinin müzakirəsi zamanı deputatların qaldırdığı fikirlərə mövqeyini açıqlayarkən deyib.
O qeyd edib: “SOCAR hesab edir ki, qaz hasilatının 50 faizini onlar, yerdə qalanını isə pay bölgüsünə uyğun olaraq xarici şirkətlərdən xarici valyuta ilə alırlar. Manatın ucuzlaşması fonunda qazın maya dayəri bahalaşır və şirkətin gəlirləri azalır. Bu gün SOCAR ancaq öz xərclərini güclə ödəyir. Manatın ucuzlaşması fonunda qiymətin artımını labüd edir”.
Bütün bunlar bir sıra suallar yaradır. Birincisi, nəyə görə 1000 kubmetri təxminən 41 manata başa gələn təbii qaz əhaliyə 100 manata satılır. Qiymət artımından sonra bu göstərici bir qədər də artacaq. İkinci məqam isə S.Şərifovun məsuliyyətdən yayınan açıqlamasıdır. SOCAR rəhbərliyi həqiqətənmi özbaşına qərar qəbul edərək, qazın qiymətini bahalaşdırıb.

nemet-eliyev

İqtisadçı Nemət Əliyevin fikrincə, SOCAR rəhbərliyi özbaşına deyil ki, bu cür addım atsın. Rəsmilərin açıqlamaları da sadəcə olaraq məsuliyyətdən yayınmaq cəhdidir: «SOCAR yuxarıdan gələn göstərişlə hərəkət edir. Yoxsa özbaşına addım şirkət rəhbərliyinin sonu olardı. SOCAR-da dövlətin payı var. Neft və qaz da xalqa məxsus sərvətdir. Deməli SOCAR xalqa məxsus sərvəti ona güzəştli qiymətlərlə satmalıdır. Bu şirkətin siyasətində prioritet istiqamət olmalıydı. Amma nə SOCAR bu prinsipə əməl edir, nə də Azərbaycan hökuməti vətəndaşın maraqlarından çıxış edir. Hökumət xalqla təmiz kommersiya dilində danışır. Hökumət gərək sosial ədalət prinsipini itirməsin. Ancaq təəssüflər olsun ki, Azərbaycanda bu qaydalar illərdir ki, pozulub. SOCAR maya dəyəri çox aşağı olan təbii qazı əhaliyə yüksək qiymətlərlə satır».
N.Əliyev onu da vurğuladı ki, SOCAR özünün inhisarçı mövqeyindən açıq şəkildə istifadə edir. N.Əliyevin sözlərinə görə, sual doğuran məqam odur ki, SOCAR dövlət şirkətidir və baş verənlərdə dövlət kimin tərəfindədir: «Dövlət kommersiya maraqlarının, yoxsa xalqın tərəfində durub. Hökumət xalqdan ayrı düşdüyünə görə çox rahat şəkildə belə davrana bilir. ABƏŞ-lə hökumət arasında bağlanan müqaviləyə görə onların istehsal etdiyi səmt qazı Azərbaycana pulsuz verilir. O zaman nəyə görə pulsuz verilən bu yanacağı hökumət elə pulsuz və ya cüzi ödənişlə vətəndaşlara vermir. SOCAR korrupsiyanın ən geniş yayıldığı sahədir. İstər elektrik enerjisinin, təbii qazın istehsalında o qədər şişirdilmiş məbləğlər göstərir ki, sadəcə olaraq təəccüblənməmək mümkün deyil. Məsələn, bu yaxınlarda məlum oldu ki, elektrik enerjisinin istehsalında yalnız sərf olunan yanacaq resurslarının həcmi 360 mindən çox artsa da, elektrik enerjisinin istehsalı aşağı düşüb. Bu onun görsənişidir ki, burada ciddi yeyintilər var. İllərdir bu mövzuda fikir mübadilələri olsa da, bu istiqamətdə nəticəsi olan sonluğa gəlib çıxıla bilməyib».
S.Şərifovun söylədiklərinə gəlincə isə, N.Əliyev bildirdi ki, nazir baş verənlərdlə bağlı məsuliyyəti üzərindən ata bilməz: «Samir Şərifov dövlət maliyyə vəsaitlərinin öz təyinatlarından yayındırılmasına görə, məsuliyyət daşıyır. Maliyyə Nazirliyi SOCAR-da baş verən pozuntuları ciddi şəkildə araşdırıb, üzə çıxarmalı idi. Ona görə maliyyə nazirinin bu məsələdən yayınması yerinə düşmür. Əslində iqtisadiyyatın bu vəziyyətə düşməsinə görə məsuliyyət daşıyan adamdan bundan artıq açıqlama gözləmək də mənasızdır».

Xəyal