Və ya qozbeli düzəldəcək qəbir kim olmalıdır?
Dünən axşam məlum “şad” xəbəri hamılıqla aldıq. Qazın qiyməti 100 faiz, işığın qiyməti isə nə az, nə çox – 57 faiz bahalaşdı. Adətən belə hallarda parlament nümayəndələri açıqlamaya gecikəndə onlardan nigaran qalmağa başlayırıq. Açıqlamar da ki, nə açıqlama. Hökumətin sosial şəbəkələrdəki “troll”larınının gətirdiyi arqumentlərin eynisi. Heç bir məntiqi əsası olmayan, sadəcə danışmaq xətrinə deyilən söz yığını.
Deputat olmaqlarının haqqını verirlər. Canfəşanlıq edirlər ki, baxın, biz buradayıq, hər cür anti-xalq addımınıza necə istəsəniz, elə də don geyindirə bilərik.
Ölkədə baş verən bu qədər hadislərin fonunda Milli Məclisin iclasında tamam ayrı məsələlərə, yalnız hansısa qanuna dəyişikliyə baxılır. Təbii ki, başqa gözləntimiz yoxdur. Xalqımız bilməlidir ki, bu baş verənlər onun öz səsinə sahib çıxacağı günə qədər davam edəcək.
Dünyanın heç bir ölkəsində elə parlament yoxdur ki, imitasiya naminə də olsa, xalqın çətinliklərini dilə gətirməsin. Bizdə isə Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev özünü ildırım sürətilə çatdıraraq bildirib ki, “istər rayonlarda, istərsə də Bakıda sakinlərin böyük əksəriyyəti “kombi” istilik sistemindən istifadə etmir; Bu artımın imkansız və aztəminatlı ailələrə zərbəsi dəyməyəcək”. Hətta deputat dərin “analiz” edərək onu da bildirib ki, qazın və elektrik enerjisinin bahalaşması dövlət büdcəsinə əlavə maliyyə gətirəcək – ARDNŞ-ə, “Azəriqaz” və “Azərişıq”a pul gələcək, vergilərdə artım müşahidə olunacaq. Təzə deputatlardan Araz Əlizadə də deyib ki, qiymət artımı normaldır.
Absurd açıqlamalar çoxdur, amma hamısını yazmağa ehtiyac da yoxdur. Hamısının mahiyyəti eynidir. Kökündə təyin olunaraq oturduqları “kreslo”nun “haqq”ını vermək dayanır. Ən faciəlisi isə odur ki, bu açıqlamanı verən şəxslər Milli Məclisdə xalqın adından çıxış edirlər.
Deputatlar ağız-ağıza verir ki, bu bahalaşmanı əhalinin xeyli hissəsi hiss etməyəcək. Ama həm də deputat olan “Azərbaycan Dövlət Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov əhaliyə növbəti zərbənin anonsunu verib. Deyib ki, bu bahalaşma dəmir yollarında sərnişindaşıma və yükdaşıma qiymətlərinə təsir göstərəcək. Bu bahalaşmanı xalq necə hiss etməyəcək ki, artıq çörək zavodlarından bahalaşma ilə bağlı ilkin açıqlamalar gəlməkdədir.
Məsələ təkcə bununla bitmir. Metroda gedişhaqqının bahalaşacağı hələ dünənki bahalaşmadan öncə gündəmi zəbt etmişdi. Elektrik enerjisi ilə işləyən metroda güman ki, qiymət artımının baş verməsi özünü çox gözlətməyəcək.
İstixanalar məgər odunla işləyir? Bazarda istixana məhsullarında ciddi şəkildə bahalaşma baş verəcək.
Bir sözlə, bahalaşma insanların gündəlik həyat səviyyəsində özünü təmtəraqlı şəkildə göstərəcək.
Bəzən informasiyadan məhrum etdikləri xalqı özlərinin yalan maşını kimi işləyən televiziyaları ilə aldatmağa çalışırlar. Deyirlər ki, dünyada böhrandır, ona görə də müvəqqəti çətinliklərdən keçirik. Yalan deyirlər! Dünyada heç bir böhran yoxdur. Böhran yalnız neftdən, qazdan gələn pulları mənimsəyən, ölkənin iqtisadiyyatını neft-qaz pullarından asılı salan bacarıqsız hakimiyyətlərin olduğu ölkələrdədir.
Əslində bu bahalaşmalar hökumətin çöküşüdür. Bilirlər ki, bu bahalaşmalar yoxsul xalqı daha da qəzəbləndirir, narazılıqları daha da artırır. Amma bununla belə o bahalaşmaları etməyə məcburdular. Çünki ölkəni talayıblar, nə varsa hamısını çıxarıb aparıblar ofşor zonalara. Neftin səfasını özləri çəkdi, cəfasını isə xalqa çəkdirirlər. Qətiyyən islahatlar haqqında düşünmürlər. Öz gəlirlərinə toxunmaq heç ağıllarının ucundan da keçmir. Xalqın səssizliyindən, susqunluğundan, “eybi yoxdur, birtəhər dolanırırq, əsas odur ki, ölkədə sakitlikdir” tipli fikirlərindən yararlanırlar, nəticədə qiymət artımı ölkədə tüğyan etməklə məşğuldur.
Fikir verin, ölkədə kasıb təbəqənin dolanışığı üçün nəfəslik ola biləcək bütün sahələr məmurlara xidmət edir. Xalqın son qəpiyini əlindən alarlar, amma özlərinin bir qəpiklərini güzəştə getməzlər. Acgözlük fövqəladə vəziyyətlərdə belə öz işini dayandırmır. Atalar yaxşı deyib, qozbeli qəbir düzəldər. O “qəbir” qiymət artımına, bahalaşmaya, talançılığa ölkədə dur deyə biləcək qüvvə olan xalqın özüdür.
Aqil Məhərrəmov