Pensiyalar nə qədər artırılmalıdır?

iqtisadi-felaketNemət Əliyev: «Pensiyaların səviyyəsindən danışırıqsa, hazırkı reallıqlar onların 35-40 faiz həcmində artırılmasını vacib edir»

Gələn il Azərbaycanda minimum əmək haqqının, pensiyaların minimum məbləğinin və yaşayış minimumunun həddinin tədricən artırılması nəzərdə tutulur.

Bu barədə Milli Məclisə təqdim olunmuş “Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası”nın layihəsində deyilir.

Layihədə qeyd olunub ki, gələn il həmçinin əlilliyə, ailə başçısının itirilməsinə, sağlamlıq imkanları məhdud uşaqlara, əmək xəsarəti nəticəsində şəxslərə aylıq (və birdəfəlik borc) ödənclərinin, şəhid, müharibə əlilləri, Çernobıl əlilləri, müddətli hərbi qulluqçu və bir yaşına qədər uşağı olan ailələrin aylıq müavinətlərinin, xalq, əməkdar fəxri adları olanların, fərdi təqaüdlərin, Milli Qəhrəmanların, 20 yanvar və digər kateqoriyalardan olan şəhid ailələrinin və müharibə əlillərinin, Prezident təqaüdünün, şəhid ailə üzvlərinə, müharibə veteranlarının aylıq, uşağın doğulması və radiasiya qəzası nəticəsində zərər çəkərək əlil olan şəxslərə birdəfəlik müavinətlərin artırılması istiqamətində tədbirlər həyata keçiriləcək. (Trend)

Amma artımın nə qədər olacağı qeyd olunmayıb. Digər tərəfdən Azərbaycan təcrübəsi onu deməyə əsas verir ki, pensiyalarda olacaq artım reallıqla səsləşmir. Rəsmi inflyasiya cüzi olduğu halda, müstəqil ekspertlərin inflyasiya ilə bağlı açıqladığı rəqəmlər Statistika Komitəsinin açıqladığı göstəricilərdən bir neçə dəfə fərqlənir. Bəs, reallıqda pensiyalara artım nə qədər olmalıdır ki, bu iki devalvasiyanı, hər ötən gün bahalaşan ərzaq məhsullarına xərclənən vəsaiti qarşılasın?

İqtisadçı Nemət Əliyev bildirdi ki, pensiyaların artımı ilə bağlı məsələ çətin duruma düşən problemlərdəndir. Azərbaycanda pensiyaların orta məbləği təxminən 173-175 manat arasında dəyişir. Əgər alıcılıq qabiliyyətini nəzərə alsaq bu məbləğ 102-103 dollar arasında dəyişir: «Bu ömrünü istehsalatda, müəllimlikdə keçirən şəxsə verilən vəsaitdir. Bu vəsait hesabına insanın yaşayışı üçün gərəkən ərzaqların alınması mümkün deyil. Burada kommunal xərcləri, digər ərzaq məhsullarına olan tələbatı da nəzərə almaq gərəkdir. Azərbaycan pensiyaçısı çox rəzil duruma salınıb. Onun dollanması həddindən artıq ağır duruma düşüb. Azərbaycan hökumətinin pensiyanerlərə arşı ögey münasibəti var. Pensiyalar qiymətlərin artmasına uyğun olaraq artırılmır. Əgər qiymətlər 30-40 faiz qalxdığı halda, hökumət 3-5 faizlik bahalaşma göstərərək, pensiyaları bu göstəriciyə uyğun olaraq artırır. Əhalinin alıcılıq qabiliyyətini, ölkə gəlirlərini nəzərə almaqla bir il əvvəlki dövrlə müqayisə etsək, o zaman görəcəyik ki, 35-40 faiz həcmində pensiyalar, orta aylıq əmək haqqları, gəlirlər kəskin şəkildə alıcılıq qabiliyyətini itirib. Pensiyaların səviyyəsindən danışırıqsa, onların 35-40 faiz həcmində artırılması çox vacibdir. Heç olmasa bundan sonra təqaüdçülər dünən almaq istədiklərini bu günləri rahatlıqla ala bilsinlər. Hələ biz hər ötən gün manatın dəyər itirməsini nəzərə almırıq. Ona görə hətta 35-40 faizlik artım özü də çox cüzidir».

Hələ hökumətin pensiyaları faktiki olaraq artırmadığını deyən N.Əliyev vurğuladı ki, orta aylıq əmək haqqı 5-6 faiz artıbsa, rəsmi inflyasiya səviyyəsi 11 faiz ətrafında dəyişir: «Belə baxanda əhalinin vəziyyəti hətta hökumətin açıqladığı rəqəmlərlə müqayisə etdikdə də çox ağırlaşıb. Ona görə maaşların, təqaüdlərin ən azı 35-40 faiz artırılması zəruridir. Yalnız bu halda əhalinin vəziyyətinin daha da ağırlaşmasının qarşısını almaq olar».

Xəyal