bahalasma

İşıq və qaz daha nələri “yandıracaq”?

bahalasma

İqtisadçılar Tarif Şurasının qərarının hansı nəticələr doğuracağını təhlil etdilər

Tarif (qiymət) Şurasının 28 noyabr iclasında verilən qərar ilə Azərbaycanda qaz və işıq pulu bahalaşdı. Tarif Şurası təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının satışı tariflərinə baxılıb və müvafiq tarif tənzimlənməsi aparılıb.
Təbii qazın qiyməti Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında artırılıb. SOCAR bir sıra “səbəblər” sadalayandan sonra Tarif Şurasından təbii qazın min kubmetrinin bütün istehlakçılar üçün 180 manat müəyyən edilməsini istəyib.
İşıqpulu isə “Azərenerji” ASC və “Azərişıq” ASC-nin müraciətləri əsasında artırılıb. Müraciətdə göstərilib ki, elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi təbii qaz üzrə tarif artımı nəzərə alınmadan 1,6 qəpik, pərakəndə satış üzrə marja 2,8 qəpik artırılmalıdır.
Tarif Şurasının qərarı ilə təbii qazın pərakəndə satış qiyməti əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.
Elektrik enerjisi istehsalı müəssisələri üzrə təbii qazın qiyməti min kubmetr üçün 120 manat, qeyri-əhali istehlakçı qrupu üzrə isə 200 manat səviyyəsində təsdiq edilib.
Təbii qazın əhali istehlakçı qrupu üzrə tarifləri 2017-ci il yanvarın 1-dən, qeyri-əhali qrupu üçün isə 2016-cı ilin 1 dekabr tarixindən tətbiq olunacaq.
Elektrik enerjisinin isə bir kilovat-saat üçün topdansatış qiyməti 5,7 qəpik təsdiq edilib. Pərakəndə satış qiyməti əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.
Şuranın qərarı ilə qeyri-əhali qrupu üzrə elektrik enerjisinin pərakəndə satış qiyməti 9 qəpik səviyyəsində təsdiq edilib.

Qəbul olunan qərarın iqtisadiyyatın bütün sahələrində bahalaşmaya səbəb olacağı aydın məsələdir. Hökumətin isə bu istiqamətdə nəsə addım atacağı inandırıcı deyil.
Çörək də bahalaşacaq

Corek

Qazın və işığın bahalaşması çörəyin də qiymətlərinə təsirsiz ötüşməyəcək. Bakıdakı çörək istehsalı ilə məşğul olan şirkətlərdən fins.az-a verilən məlumata görə, un məmulatları, o cümlədən çörək bahalaşacaq. “Nur” çörək zavodunun satış müdiri Saməddin Məmmədxanov fins.az-a bildirib ki, kommunal xərclərin artması çörəyə iki şəkildə təsir göstərə bilər: “Ya çörəyin çəkisi dəyişə bilər, ya da qiymətlər artacaq. Amma hələlik bununla bağlı nəsə demək tezdir. Çörəyin bahalaşması yeni ildən baş verə bilər”.

“Dəmir yollarında da qiymət qalxacaq”

demir yolu
«Azərbaycanda dəmir yollarında da qiymətlər artacaq». Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dəmiryolları QSC-nin sədri Cavid Qurbanov deyib. O bildirib ki, dəmir yollarında da qiymətlər qalxacaq: ”Hər ay dəmir yolları işığa görə 1 milyon 300 min manat pul ödəyir. İşığın qiyməti qalxıbsa, dəmir yollarında da qiymət artımı olacaq”.
Digər tərəfdən bahalaşma Metropolitendə də yaşana bilər. Çünki Metropolitenə verilən dotasiya kəskin şəkildə azaldılıb.
Eyni zamanda kənd təsərrüfatı məhsullarının qiyməti də qalxması qaçılmazdır. Çörək sexlərinin də xərcləri bu qərardan sonra artacaq. Bu da çörəyin qiymətinin qalxa biləcəyini deməyə əsas verir.
İqtisadçılar qəbul olunan qərarın iqtisadiyyatda hansı dəyişikliklərə səbəb olcağını analiz ediblər.

Nemət Əliyev: «Bu qiymət artımları çox böyük bahalaşma yaradacaq»

nemet-eliyev

İqtisadçı Nemət Əliyevin fikrincə, TŞ qərarı həm əhaliyə, həm də istehsala, qeyri-ərzaq sahələrinə öz təsirini göstərəcək. Təbii qazın qeyri-əhali istehlak qrupuna satışının bahalaşmasının ciddi fəsadlar yaradacağını deyən N.Əliyev vurğuladı ki, burada iki dəfədən çox artım yaşanır: «Bu qiymət artımları çox böyük bahalaşma yaradacaq. Reaktiv yanacağın, soba mazutunun qiymətləri də kəskin şəkildə artırılıb. Bu yanacaq növləri istehsal olunan məhsulun maya dəyərində oturur. Ona görə maya dəyərlərinin şişməsi qaçılmazdır. Belə olan halda baş verənlər qiymət bahalaşmasına öz təsirini göstərəcək. Eyni zamanda bu ticarət sferasında, xidmət sahələrində özünü göstərəcək. Yanacaqla işləyən bütün istehsal, qeyri-istehsal sahələrinə öz təsirini göstərəcək. Əgər qiymətlər manatın dəyər itirməsinin fonunda qalxırdısa, artıq bu siyahıya başqa amillər də daxil oldu. Yanacağın qiymətinin artması, həm də manatın dəyər itirməsi hesabına bazarlarda qiymət artımı çox böyük sürətlə qalxacaq. Tarif Şurası bəyan edir ki, guya təbii qazdan istifadə edən əhalinin 62 faizi aylıq 125, illik isə 1500 kubmetrə qədər qaz istifadə edir. Belə çıxır ki, 38 faizi qiymət artımı təsirinə alır. Amma bu təsnifat, bu cür yanaşma yanlışdır. Çünki əhali istiliyə olan tələbatını sobalarda təbii qazdan istifadə etməklə qarşılayır. Ona görə 125 kubmetr isthlak həcmi real gerçəkliyə uyğun gəlmir. Ona görə o təəssürat yaranmasın ki, bu qiymət artımı xüsusilə qış aylarında yalnız 38 faizə təsr edəcək. Bu 80 faiz əhalini təsiri altına alacaq».
N.Əliyev vurğuladı ki, eyni zamanda istiliyə görə alınan məbləğ də qalxacaq. Çünki bu istiliyin alınmasında təbii qazdan istifadə edirlər: «Bu sahədə daha böyük qiymət artımı gözlənilir. Bəlkə də ona görədir ki, Azəristiliyə bu il qiyməti özü müəyyənləşdirmə səlahiyyəti verildi. O zaman bu cür qiymət artımı həm elektrik enerjisi, həm də təbii qaz üzrə əhalinin vəziyyətinin kəskin pisləşməsinə səbəb olacaq. Artıq bundan sonra bahalaşmanın qarşısını almaq heç cür mümkün olmayacaq».
N.Əliyev onu da bildirdi ki, belə məlum olur ki, hökumət 2014-cu ildən sonra qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində heç bir real addım atmayıb: «Belə çıxır ki, büdcədə yaranmış boşluğu doldurmaqdan ötrü qeyri-neft sektorunun potensialından yararlanmaq, o sahəni inkişaf etdirmək mümkün olmayıb. Hökumət bunu bacarmadı. Ona görə də əhalinin sossial vəziyyətinin pisləşməsini nəzərə almadan belə qərar qəbul edib».

Bəs baş verənlər kənd təsərrüfatına necə təsir edəcək?
Vahid Məhərrəmov: «Tarif Şurasının qərarı bütün kənd təsərrüfatı məhsullarında qiymət artımına səbəb olacaq»

vahid-meherremov1

Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov bildirdi ki, kənd təsərrüfatı məhsullarının istehsal, istehlak qiymətləri bahalaşacaq: «Çörəkdən başlayaraq, bütün kənd təsərrüfatı məhsullarının qiyməti qalxacaq. Çörəyin istehsalında qazdan istifadə olunur. Eyni zamanda istixanada yetişdirilən tərəvəz məhsullarının qiyməti qalxacaq. Suvarma sistemində artezian quyulardan, nasoslardan istifadə olunur. Bütün bunların hamısı elektrik enerjisi istifadə edir. İstehsal olunan məhsulların soyuducu anbarlarda saxlanılması da elektrik enerjisi tələb edir. Elə bir mal-məhsul yoxdur ki, onun istehsalında elektrik enerjisindən, qazdan istifadə olunmasın. Ona görə də istehsalçılar kənd təsərrüfatı məhsullarının qiymətini artırmaqla ziyanlarını kompensasiya etməli olacaqlar. Tarif Şurasının qərarı bütün kənd təsərrüfatı məhsullarında qiymət artımına səbəb olacaq».
Qubad İbadoğlu: «Tezliklə su, benzin və digər yanacaq məhsulları da bahalaşacaq»

qubad-ibadoglu

İqtisadçı Qubad İbadoğlu da bu mövzu ilə bağlı status paylaşıb.

Qiymətlər nə qədər bahalaşıb?

Q.İbadoğlu vurğulayıb ki, artıq əhali qazın hər 1 kubuna görə 10 qəpik deyil, 20 qəpik ödəyəcəklər. Əgər hər hansı bir istehlakçı istifadə etdiyi qaza görə hər ay orta hesabla 20 manat, ildə 240 manat xərcləyirdisə, yanvarın 1-dən sonra o ayda 7 manat 50 qəpik, ildə isə 90 manat çox, bütövlükdə isə 1 il üçün 330 manat ödəyəcək: «Başqa bir istehlakçı istifadə etdiyi qaza görə hər ay 30 manat, ildə 360 manat xərcləyirdisə, yanvarın 1-dən sonra ildə o ayda 17 manat 50 qəpik, ildə isə 210 manat çox, bütövlükdə isə 1 il üçün 570 manat ödəyəcək.
Əhali üzrə işığın qiymətinə gəlincə, aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatdan çox olan istehlakçılar əlavə hər 1 kilovat-saata görə əvvəlki kimi 7 qəpik deyil, 1,6 dəfə çox – 11 qəpik ödəyəcəklər. Əgər hər hansı bir isehlakçı istifadə etdiyi işığa görə hər ay orta hesabla 21 manat, ildə 252 manat xərcləyirdisə, dekabrın 1-dən sonra o ayda 26 manat 50 qəpik, ildə 318 manat ödəyəcək.
Göründüyü kimi, illik 1500 kub metrdən çox qaz, 3000 kilovat-saatdan çox işıq istehlak edənlər üçün qiymətlər əhəmiyyətli dərəcədə bahalaşır».

Qiymətlərin bahalaşması nə ilə əsaslandırılıb?

Q.İbadoğul vurğulayıb ki, Tarif Şurasının açıqlamasına görə, qiymətlər Dövlət Neft Şirkətinin və “Azərenerji” ASC və “Azərişıq” ASC-nin müraciətləri əsasında bahalaşdırılıb. Dövlət Neft Şirkəti bunu zəruri edən səbəb kimi son illərdə şirkət tərəfindən investisiyanın qoyulması, xidmətin keyfiyyətinin artırılması, satdığı qazın bir hissəsinin əməliyyat şirkətlərindən ABŞ dolları ilə alınmasını əsas göstərib: «Eyni zamanda, təklif edib ki, bütün istehlakçılar üçün təbii qaz tarifi hər min kubmetr üçün 180 manata qaldırılsın. “Azərenerji” ASC və “Azərişıq” ASC-nin müraciətlərində də sərmayə qoyuluşunu artırdığına görə, elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifinin təbii qaz üzrə tarif artımı nəzərə alınmadan 1,6 qəpik, pərakəndə satış üzrə marjanın 2,8 qəpik qaldırmağı təklif edib. Tarif Şurası da əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi məqsədilə, yeni tarif tənzimlənməsində diferensial tarif yanaşmasına qərar verib».
Q.İbadoğlunun qənaətincə, bu şirkətlərin əsaslandırmaları əsassızdır, çünki, qaz təchizatı sahəsində xidmətin keyfiyyəti barədə danışmağa dəyməz, əməliyyat şirkətlərindən alınan qazın qiyməti də neftin qiymətinə konvertasiya olunduğundan istənilən halda ucuzlaşmalı idi. Sərmayə qoyuluşuna gəlincə, qaz indiyədək pulsuz verilməyib ki, onun satışından yığılan pullar investisiya qoyuluşlarının maliyyələşdirilməsinə gedib. Eyni məntiqlə elektrik enerjisi istehsalı və təchizatına da sərmayə qoyuluşu satışdan gələn gəlirlər hesabına maliyyələşdirilib.

Bu qərarın hansı bazarlara təsirləri ola bilər?

Ekspertin fikrincə, bu qərarın həm psixoloji və həm də iqtisadi təsirləri olacaq: «Psixoloji təsirlər qısa, iqtisadi təsirlər isə uzunmüddətli və davamlıdır. Belə ki, maya dəyərində elektrik və qaz istehlakı xərcləri olan bütün məhsul və xidmətlərdə bahalaşma müşahidə olunacaq. Daha çox təsirə məruz qalan çörəkbişirmə sənayesi, elektrik enerjisi və qazla işləyən nəqliyyat vasitələri olacaq. Beləliklə də, qiymətlərin artımının yeni dalğası başlayacaq.
Çox güman ki, tezliklə su, benzin və digər qiymətləri tənzimlənən yanacaq məhsullarının bahalaşmasına dair növbəti qərarlar veriləcək».

Rövşən Ağayev: «Qiymət artımını əsaslandıran absurd arqument»

rovshen agayev

İqtisadçı Rövşən Ağayev kommunal tariflərin artımını əsaslandırmaq üçün bütün arqumentləri kənara qoyub əhalinin israfçılıqdan çəkinəcəyi ilə bağlı bir vacib məqamı vurğulayıb. İqtisadçının sözlərinə görə, rəsmi statistikaya görə, hazırda Azərbaycanda 1.9 mln. ev təsərrüfatı təxminən 2.8 mlrd. kubmetr təbii qaz istehlak edir. Bu, bir ev təsərrüfatına ayda təxminən 120 kubmetr təbii qaz istehlakı deməkdir. Bizim rəsmi statistika “orta statistki ailə” dedikdə orta hesabla hər 100 ailəyə 450 nəfər nəzərdə tutur. Bu rəqəmdən çıxış etsək, bir nəfər üçün orta aylıq istehlak 27 kub edir. Nazirlər Kabinetinin təsdiq elədiyi minimum kommunal xidmət normativinə görə isə, bir nəfərin minimal aylıq istehlakı 21 kub təşkil etməlidir: «Rəsmi statistikaya görə, hazırda Azərbaycanda 2.3 mln. ev təsərrüfatı təxminən 8 mlrd. kV-saat elektrik enerjisi istehlak edir. Bu, bir ev təsərrüfatına ayda təxminən 290 kV-saat elektrik istehlakı deməkdir. Yenə də rəsmi statistikanın “orta hesabla hər 100 ailəyə 450 nəfər” rəqəmindən çıxış etsək, bir nəfər üçün orta aylıq istehlak 64 kV-saat təşkil edir.
Nazirlər Kabinetinin təsdiq elədiyi minimum kommunal xidmət normativinə görə isə, bir nəfərin minimal aylıq istehlakı 50 kV-saat elektrik enerjisi təşkil etməlidir. Yəni, həm təbii qaz, həm də elektrik enerjisinin faktiki ietehlak səviyyəsi hökumətin rəsmi təsdiq elədiyi minimum səviyyəyə yaxındırsa, burda israfçılıqdan danışmağın yeri qalmır. Müqayisə üçün deyim ki, Azərbaycanda adambaşına elektrik enerjisi istehlak səviyyəsi inkişaf etmiş ölklərlə müqayisədə təxminən 2 dəfə azdır. İnkişaf etməkdə olan ölkələrlə isə eyni səviyyədədir».
R.Ağayev bildirib ki, hazırda orta hesabla dünyada 1 ev təsərrüfatına elektrik enerjisi istehlakı 3.5 min kV-saat ətrafındadı. Azərbaycanda da bu qədərdir. Böyük Britaniya, Fransa və ABŞ-da 6.5-7 min kV-saat ətrafındadı: «Bu baxımdan bizim ev təsərrüfatlarını istehlak səviyəsi “israfçı” standartına uyğun deyil… Hələ onu demirəm ki, inkişaf etmiş ölkədə ev təsərrüfatları 150-180 vatt elektrik enerjisi almağı kimsə ağlına belə gətirmir».

Xəyal