Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyi müxalifətin ünvanına ən absurd ittihamlar səsləndirir. Az qala ölkədəki bütün problemlərin baiskarı kimi müxalifəti görür. YAP-ın isə xalqa xidmət göstərdiyini iddia edir. Amma gəlin mediada “rabitə işi” adlandırılan cinayət işidən adı keçən şəxlərin siyasi mənsubiyyətinə diqqət edək. Onlar müxalifətçidirmi? Xeyr. Korrupsiyada ittiham edilərək həbs olunan “Aztelekom” MMC-nin keçmiş direktoru Məhəmməd Məmmədov uzun YAP-ın Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri olub. Bakı Rabitə İstehsalat Birliyinin keçmiş rəisi Beytulla Hüseynov da YAP-çıdır.
Bundan başqa, istintaqa ifadəsində şəxsi xərclərinin aylıq 200-300 min manat təşkil etdiyini deyən keçmiş nazir Əli Abbasov da YAP-ın Siyasi Şurasının üzvü olub. Onun müavinləri Elmir Vəlizadə və İltimas Məmmədov da YAP-çıdır. Onlar da istintaqa ifadələrində “paket” aldıqlarını etiraf ediblər. İndi təsəvvür edin, hansısa müxalifətçi buna oxşar cinayət törədib. Şübhəsiz hakimiyyətin telekanallarında hər gün saatlarla bu barədə materiallar verilərdi, aylarla mövzu gündəmdən düşməz, hakimiyyət müxalif cameədə kütləvi həbslər həyata keçirərdi. Amma indi YAP-çılar susur. Xalqdan üzr istəmək niyyətində belə, görünmürlər. Siyavuş Novruzov, Aydın Mirzəzadə və hakim partiyanın digər sözçüləri özlərini elə aparır ki, sanki korrupsiyaya görə ittiham edilənlərin hakim partiyaya heç bir aidiyyəti yoxdur…