Azərbaycanda Siyasi Məhbusların Vahid Siyahısının hazırlanması üzrə İşçi Qrup növbəti toplantısında həm Qrup üzvlərinin öz təşəbbüsü ilə, həm də 2016-cı ilin noyabr ayının əvvəllərinə qədər daxil olan müraciətləri araşdıraraq siyahının yenilənmiş variantını ictimaiyyətə təqdim edir.
Yenilənmiş siyahıya 144 nəfərin (bu ilin oktyabr ayında elan olunan siyahıda 139 nəfər idi) adı salınıb.
Siyahıda İşçi Qrupun apardığı araşdırmalar nəticəsində cinayət təqibində siyasi motivlərin olduğu müəyyən olunan Siyasi məhbuslar bölməsindəki şəxslərin sayı 119-dur (94). Onlardan 6-sı jurnalist və bloger (6), 2-si şair və yazar (2), 1-i hüquq müdafiəçisi (1), 5-i gənc fəal (5), 5-i siyasətçi (5), 86-sı inanclı fəal (61), 3-ü isə ömürlük həbs olunma cəzasına məhkum olunmuş (3) məhbuslardır. 11 şəxs (11) isə yuxarıdakı kateqoriyaların heç birinə aid olmadığı üçün digər siyasi motivlə həbs olunan şəxslər qrupuna aid edilib.
İşçi Qrupun potensial siyasi məhbus kimi tanıdığı, lakin sənədlərinə çatımlıqda çətinliklər yaranması səbəbindən işləri barədə məlumatları tam olmayan məhbuslar İşləri monitorinq altında olanlar bölməsinə salınıb. Bunların sayı 25-dir. Oktyabr ayında açıqlanan siyahıda onların sayı 45 idi. İşçi Qrup həmin şəxslərin işlərini araşdıraraq onlardan 23-nü siyasi məhbus kimi tanıyıb. Həmçinin işləri monitorinq altında olan şəxslərin siyahısına daha 3 şəxsin adı salınıb. İşçi Qrup bu ilin dekabr ayının sonunda monitorinq altında olan digər işlər üzrə araşdırmaları da yekunlaşdırmağı və bu barədə qərarını ictimaiyyətə açıqlamağı nəzərdə tutur.
Hesabatla bu linkə daxil olmaqla tanış ola bilərsiniz: http://bit.ly/2fZdI5J
Siyasi Məhbusların Vahid Siyahısı ilə bağlı ümumi məlumat
Siyasi Məhbusların Vahid Siyahısının hazırlanmasında məqsəd siyasi motivlərlə həbs olunmuş şəxslər barədə ümumi ictimai mövqenin ortaya qoyulması, bununla da onların azad edilməsi üçün ölkə daxilində və beynəlxalq qurumlarda səyləri artırmaqdır.
Vahid siyahı öncəki siyahıların yenilənməsi üzərində işləyən İşçi Qrupuna kütləvi informasiya vasitələrindən, ictimai və siyasi təşkilatlardan, həbs olunan şəxslərin vəkillərindən və yaxınlarından daxil olan məlumatlar və sənədlər əsasında aparılan araşdırmaların yekunu olaraq tərtib edilib.
İşçi Qrup şəxsin siyasi məhbus sayılması barədə qərar verərkən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 3 oktyabr 2012-ci il 1900 saylı Qətnaməsində qeyd edilən aşağıdakı meyarlara əsaslanıb:
– həbs İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya və onun protokollarında təsbit olunmuş fundamental təminatlardan biri, xüsusilə fikir, vicdan və din azadlığı, ifadə və informasiya azadlığı, toplaşma və birləşmə azadlığı pozulmaqla həyata keçirilibsə;
– həbs heç bir cinayətlə əlaqəsi olmadan sırf siyasi səbəblərdən həyata keçirilibsə;
– siyasi səbəblərdən, saxlanmanın müddəti və ya onun şərtləri şəxsin şübhəli və ya təqsirkar sayıldığı cinayətə aydın şəkildə proporsional deyilsə;
– şəxs başqa şəxslərlə müqayisədə siyasi səbəblərdən ayrı-seçkilik şəraitində saxlanılırsa;
– həbs aydın şəkildə ədalətsiz məhkəmə proseslərinin nəticəsidirsə və bu, hakimiyyətin siyasi motivləri ilə bağlıdırsa.
İşçi Qrup siyasi məhbus kimi tanıdığı şəxslərin işləri üzrə qərarları uzun müzakirələrdən sonra qəbul edib. Tutulmanın siyasi motivli olması həbs barədə məhkəmə qərarlarından, o cümlədən hüquq mühafizə orqanlarının bəyanatlarından, dövlət rəsmilərinin çıxışlarından aşkar göründüyü halda, İşçi Qrup mahiyyət üzrə məhkəmə qərarlarını gözləmədən də şəxsin siyasi məhbus sayılması barədə qərar qəbul edib.
İşçi Qrupu Siyahının hazırlanmasında göstərdikləri dəstəyə, həm də bəzi müdafiəsiz qalan məhbuslara göstərdikləri hüquqi yardıma görə İQ ilə əməkdaşlıq edən vəkillərin səylərini yüksək qiymətləndirir.
İşçi Qrup həmçinin təəssüflə vurğulayır ki, ölkədə siyasi məhbusların sayının qat-qat çox olduğu qənaətindədir. Lakin ölkədə hökm sürən repressiv mühit həbs olunan çox sayda insanları işlərinin ictimailəşdirilməsindən çəkindirir. Digər problem hüquqi məlumatsızlıq, vəkillərin azlığı, xüsusilə də regionlarda müdafiə mexanizmlərinin olmaması ucbatından müdafiənin təmin edilməməsidir.
İşçi Qrup ömürlük azadlıqdan məhrum edilən məhbuslarla bağlı məsələyə də aydınlıq gətirməyi vacib sayır. Adları öncəki və bəzi indiki siyasi məhbus siyahılarında gedən 16 belə məhbusdan 1-i ötən il vəfat edib, digər 12 nəfərin siyasi məhbus olmadığı barədə Avropa Şurasının ekspertləri rəy verib. Bu amilləri nəzərə alaraq İşçi Qrup geniş müzakirələrdən sonra həmin məhbuslardan 3-nün adının Siyahıya salınması barədə qərar verib, lakin bütün ömürlük məhbusların cəzasının bəlli müddətli həbsə dəyişdirilməsi barədə ictimai səylərə dəstəyini davam etdirəcək.
Siyahını ölkənin tanınmış hüquq müdafiəçiləri, media, QHT və digər vətəndaş cəmiyyəti qurumlarının təmsiçiləri imzalayıb.
Mətbuat nümayəndələri əlavə suallarla İşçi Qrupun əlaqələndiriciləri Rəsul Cəfərova və İntiqam Əliyevə müraciət edə bilərlər (resul.j@gmail.com, intigamaliyev@yahoo.com) .
Azərbaycanda Siyasi Məhbusların Vahid Siyahısının hazırlanması üzrə İşçi Qrup