Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov deyib ki, “Azərbaycan son dövrlərdə iqtisadi böhranın baş verdiyi şəraitdə belə iqtisadiyyatını inkişaf etdirə bilib”. Heç üstündən bir gün keçməmiş, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Aydın Hüseynov bildirib ki, dünyada ciddi böhran hökm sürür, amma bu, Azərbaycanda ciddi hiss olunmur.
Məlumdur ki, təyinatla parlamentdə oyuranları xalqın güzəranı maraqlandırmır. Xalqın içində olurlarmı ki, onun güzəranı ilə də maraqlanalar? Böhranın olub-olmadığını öz ətraflarının yaşayış tərzi ilə müqayisə edib rəy verən deputatların belə fikirlər səsləndirməsi bizi təəccübləndirməməlidir. Onlar bu açıqlamaları verməyə borcludular. Bu açıqlamaları vermək üçün təyinatla orada oturublar.
Əgər ölkədə inkişaf göz qamaşdırırsa, niyə deputat yoldaşlarınız 2500 manatla dolanmağın yaratdığı çətinliklərdən danışırlar? Onlar 2500 manatla dolana bilmirsə, 150 manat təqaüd, 300 manat əmək haqqı alanlar necə dolansın? Bu qədər ağ yalan danışanda düşünmürsünüzmü ki, bunu oxuyanlar sizə lənət yağdıracaq? Axı sizin yalançı inkişaf nağıllarınızın ömrü soyuducunun qapısını açana qədərdir. Dövlət büdcəsinin hansı vəziyyətə düşməsindən məgər xəbərsizsiniz? Normal ölkələrdə parlamentdə büdcə müzakirələri üçün dinləmələr keçirilir. Görünür sizlərin işi-gücü parlamentə yalandan gedib-gəlmək, başqalarının yerinə düymə basıb səs verməkdən ibarətdir. Mövzudan yayınmamaq, sifarişli qanunları bir göz qırpımında təsdiqləmək üçün etdiyiniz canfəşanlığı bir kənara qoyuram. Qayıdaq büdcənin yesir günə salınan halına.
2017-ci ilin dövlət büdcəsi o qədər balacalaşıb ki, neftdən əvvəlki dövrə qayıdıb – “əriyərək” təxminən 10 milyard dollar səviyyəsinə enib. Əgər dövlət büdcəsi 2013-cü illə müqayisədə 15 milyard dollar azalıbsa, hanı burada inkişaf? Necə olur ki, ölkənin bu gününü “92-93”(AXC-Müsavat hakimiyyəti) ilə müqayisə edə bilirsiniz, 3 il öncəyə baxanda gözlərinizi tor örtür?
Bəlkə inkişaf o qədər fontan vurub ki, 33 rayonu kefinizdən dotasiyasız qoymusunuz?
İllərdir Qarabağ kartından faydalanırsınız. Neft pullarının qaz vurub qazan dolduran zamanında öyünürdünüz ki, hərbi büdcəmiz Ermənistanın ümumi büdcəsindən çoxdur. Kefinizdənmi büdcədən müdafiə xərclərini 1,666 milyon manat azaldaraq arxasına sığındığınız arqumentinizi mişarlamısınız?
Ölkədə 2,5 milyon əhalinin kredit borcu var. Onun da 10 faizi problemli kreditlərin payına düşür. Bu qədər insan kefindənmi kredit yükü altına girir?
Son üç ildə 17 min tələbənin təhsil haqqını ödəyə bilmədiyi üçün universitetlərdən qovulmağını da yazın nəfəs almadan inkişaf edən iqtisadiyyatımızın ayağına.
Məlum olub ki, dövlətin xarici borcu 12,402 milyon manat təşkil edir. Hamısı da dövlət zəmanəti ilə götürülüb. Bununla bitmir məsələ. Dünya İnkişaf Bankının, Beynəlxalq Valyuta Fondunun, Aropa, Asiya İnkişaf Bankının qapısında yeni kreditlər üçün ayaq döyürük. Böhranın təsir etmədiyi ölkə, dayanmadan marafon qaçırcasına inkişafa doğru sürətlə gedən ölkə niyə xarici kreditlərin ümidinə qalıb? Yoxsa havalanmışıq, kefimizdən kredit axtarırıq?
Normalda güclü iqtisadiyyatı olan ölkənin milli valyutası hər gün bir az daha ölümlə pəncələşməz. Güclü iqtisadiyyatı olan ölkədə hər gün ölkəyə gətirilən məhsulların qiyməti artmaz. Bir çöp belə istehsal edə bilməyən bir ölkədə gərək inkişafın adı qadağan edilsin. Amma görünür, nəyi istehsal edə bilməsək də, yalanlar tirajlayan, öz yaşayışını xalqın faciəsi hesbına təmin edən məmurları, deputatları istehsal edib ortaya çıxarmağı yaxşı bacarırırq.
Məharət dolların 0,78 qəpik olduğu zamanlarda büdcəni dollarla ifadə edib şişirtmək deyil, ölkəni düşdüyü bu vəziyyətdən çıxarmağın yollarını axtarmaq, onun tətbiq etməkdir. Nəzərə alsaq ki, ölkəni bu vəziyyətə məhz sizin talançı, ölkəyə sezonluq obyekt kimi baxmaq siyasətiniz salıb, sizdən hansısa bir faydalı addım gözləmək də ağıla, məntiqə tərs mütənasib gəlir.