Nardaranda yaddaşımız qanla yuyuldu

tale-bagirzade-azadliqda1Tale Bağırzadə

“Nardaran müsibəti” – 1 il sonra

Əziz bacı və qardaşlarım. Nardaran hadisəsindən bir il keçdi. Düz bir il bundan qabaq, noyabr ayının 26-da Azərbaycan hakimiyyəti Nardaran kəndini Kərbalaya çevirmək və sanki öz zalım xislətini bir daha göstərmək üçün silahlı dəstəni ibadət edən insanların üzərinə göndərdi. Məhz bu gün biz tarixdən oxuduğumuz faciələri real olaraq bir daha yaşadıq.

O gün biz həm də acı bir gerçəyi anladıq. Bu rejim məkrli siyasətini həyata keçirmək üçün öz polisini belə qətlə yetirib, ölüm üzərindən gücə körpü sala biləcək qədər amansız və bütün mənəvi-əxlaqi keyfiyyətlərdən məhrum bir rejimdir. Bəlkə də o gün bizim bir çox “ola bilməz”lərimiz yıxıldı. Məhz o gün bir çox insan anladı ki, necə bir rejimlə üz-üzəyik. Çünki ona qədər biz mübarizənin bu qədər qəddar bir rejimlə aparıldığını düşünə bilmirdik. Bəlkə də ona görə ki, unutqanıq. Bu hakimiyyətin mahiyyətini unudub, jurnalist Elmar Hüseynovun qətlini yaddan çıxarmışdıq. Alim Ziya Bünyadov həqqəti dediyinə görə ağzından vurulmuşdu, bunu unutmuşduq. Yaddaşımızı Nardaranda təzələdilər. 2 polis, 4 dindar qardaşımız öldürməklə bir daha göstərdilər ki, biz təkçə acgöz bir rejimlə deyil, həm də qəddar, mahiyyətində Yezidlik daşıyan bir dəstə ilə üz-üzəyik. Yaddaşımz qanla yuyuldu yenə və bu dəfə “olmaz”larımız birdəfəlik yıxıldı.

Əziz bacı və qardaşlarım! Biz bu anladığımız və gördüklərimizə uyğun da mübarizə aparmalıyıq. Biz siyasətə və idarəetməyə əxlaqsızlıq gətirmiş rejimə qarşı öz mənəviyyat və əxlaqımızla, əzmlə və şahədətdən qorxmadan mübarizə aparmalıyıq. Bu rejim Qarabağı işğal edənlərlə deyil, öz vətəndaşı ilə savaşmağı daha üstün tutur. Nardaran hadisələri bizə anlatdı ki, iqtidar əqidəli, mənəviyyatı təmiz, haqqı tanıyan insanlarla savaşır. Niyə? Çünki ölkədə haqsızlığın, yaramazlığın yolunu açıb, zalımlara çığır hazırlamaq üçün bu məkrli siyasətə əngəl olanları təmizləmək lazımdır. Nardaran qətliyamı bu ölkədə haqqı tapdalayıb məhv etmək, mübarizə əzmini sındırmaq əməliyyatı idi.

Dəyərli bacı və qardaşlarım. Biz indi, Nardaran hadisələrindən bir il sonra bu sualla da özümüzə müraciət etməliyik. Hakimiyyət bunu bacara biləcəkmi? Bizim yaddaşımız və ruhumuzdakı haqq sevdasını qıra, məhv edə bilməyəcəklər. Çünki haqq nahaqdan üstündür. Zalımın zülmü məzlimun cəsarət və inadından aşağıdadır. Bu sətirləri o günlərin acısını, qan qoxusunu andıran divarlar arasından yazıram. Amma acı ilə deyil, qürurla və şəhadət, mübarizə əzminin ən yüksən zirvəsini ruhumda daşıyaraq yazıram. Bizlərin gözü qarşısında qardaşlarımız qətl edildi, döyülərək öldürüldü. Həmin gün döyülərək öldürülən Fərahim qardaşımız son nəfəsində mənim adımı pıçıldadı. Bu pıçıltı bizim ruhumuza böyük bir məsuliyyət yükləmişdir. Həmin gün öldürülən, hələ atasını tanımayacaq qədər kiçik olan qızının ayaq tutub yeriməsini görməyən Sarvan qardaşımızın yarımçıq qalan atalığının kədəri bizim ruhumuza yüklənmişdir. Anasının oğluna toy edib gəlin gətirmək arzularını gerçəkləşdirməyə fürsət tapmayan Əkbərin nakamlıq acısı da bir xalq olaraq bizim yükümüzdür. Heç bir günahı olmadan öldürülən Rafael qardaşımızın yarımçıq qalan ömrünü biz davam etdirməliyik. Bir ildir yataq xəstəsi olan, həmin gün sağlamlığını itirib iflic olan Əbülfəz qardaşımızın hər tərpənişdə duyduğu acılar da bizim acılarımız olmalıdır.

Bu ölkədə haqq deyib zülmə məruz qalanların hər birinin acısı bir toplum olaraq bizim ruhumuzda təcəlli etməyincə, zalıma qarşı birgə dayanmadığımız sürədə bu rejim kimsənin yaşamaq və azad olmaq haqqını ona verməyəcək. Biz bir xalq olaraq birləşib bir olmayınca, ruhumuzdakı əzmə sarılıb haqqa qovuşmaq eşqini yüksəltməyincə bu rejim bizi əzəcək. Biz boynumuzu bükmədik, heç əyilmədik, sınmadıq, dik durduq. Bizə işgəncə verənlərin qarşısında belə Allaha inamımızdan, Haqqa olan sevdamızdan geri çəkilmədik. Hətta bizim üzərimizə yeritdikləri polislərin arasında olan Vüqar və İsmayıl adlı iki vətəndaşımızın da ölümünə eyni şəkildə üzüldük, sağ olsaydılar bizə sağ qalanlar kimi işgəncə verəcəklərini bildiyimiz halda onlara belə, rəhmət oxuduq. Cünki əxlaq və mənəviyyatın mübarizə apardıqlarınkından üstün olmazsa Allah sənə yardım etməz. Biz Allahın dəstəyini və sevgisini qazanmaqla bu rejimin zülmünü dəf edəcəyik. Azərbaycan xilas olacaq. Bu dönəmi də atladıb geridə qoyacaq. Ruhumuz Haqq taxtında oturduğu sürədə bizi kimsə məğlub edə bilməz. Azadlıq və haqq sevdası elə bir gücdür ki, heç durmaz. Su kimi axar və sonda öz istədiyi yerdə torpağa hopar və hopduğu yerdən yeni cücərtilər boy atmağa başlar. Bizim axıdılan qanlarımız da bu torpağa hopmuş və yeni toxumlar cücərdəcəkdir. Buna heç şübhə etməyin! Zalımlar bu gün sizə güclü görünə bilər. Amma belə deyildir və onlar mütləq öz cəzalarını alacaqlar. Müqəddəs Qurani-Kərimdə deyilir: “Cəza ancaq insanlara (haqsız yerə) zülm edənlərə, yer üzündə fitnə-fəsad törədənlərə verilər. Məhz belələrini şiddətli əzab gözləyir!” (Şura surəsi, 42).