Nemət Əliyev: «Beynəlxalq Bankın satışa çıxarılması böhranlı durumdan çıxmaq məqsədi daşıyır, amma bu çıxış yolu deyil»
Azərbaycan Beynəlxalq Bankının (ABB) 2017-ci ilin ilk yarısında idarə oluna bilən səviyyəyə gətirilərək özəlləşdirməyə hazır olmasına çalışırıq.
“Report”un verdiyi xəbərə görə, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı bu gün Bakıda keçirilən bank forumunda çıxışında bildirib.
“Sektorun 40%-nə malik olan bankın bazarda qalmasını təhdid hesab edirik. Bu, bank sektoru üçün təhdid yaratmayacaq səviyyəyə çatmalıdır”, – deyə R.Aslanlı qeyd edib.
Maraqlıdır ki, məhz bankın kapitallarından səriştəsiz idarəetməyə görə 10 milyard dollar ziyana düşən Beynəlxalq Bank daha sonra dövlət hesabına sağlamlaşdırılır. Bunun üçün büdcədən milyardlarla vəsait ayrılır ki, bankın toksit aktivləri sağlamlaşdırılsın. Və daha sonra dövlət hesabına ayağa qaldırılan bank özəlləşdirməyə çıxarılır.
R.Aslanlının daha bir açıqlaması Azərbaycanda bank rəhbərlərinin səriştəsiz fəaliyyətə görə hətta cinayət məsuliyyəti daşıya biləcəyini söyləyib.
O qeyd edib ki, bu məqsədlə xüsusi hüquqi platforma hazırlanıb: “Qanun layihəsi artıq hazırdır. Layihə bank menecmentləri üçün maliyyə, cinayət və inzibati məsuliyyəti nəzərdə tutur”.
İqtisadçı Nemət Əliyev hesab edir ki, Beynəlxalq Bankın satışa çıxarılması heç də həmin bankın maddi vəziyyətinin pisləşməsiylə bağlı deyil. Bu daha çox dövlətin tədiyyə balansında problemlərin yaranmasıyla bağlıdır. Son zamanlar Azərbaycana valyuta axınının kəskin şəkildə azaldığını deyən N.Əliyev vurğuladı ki, bu azalmanın fonunda ölkənin gəlirləri kəskin şəkildə düşüb. Ölkənin bank sektoru çöküb: «Azərbaycanın tədiyyə balansındakı kəsiri qarşılamaq üçün ya ölkənin qeyri-neft sektorunun inkişaf etdirilməsi hesabına ölkəyə valyuta cəlbinə nail olasan, ya da həmin kəsiri qarşılamaqdan ötrü ölkədə gözə gəlimli aktivləri satmalısan. Burada söhbət iri aktivləri xarici ölkələrə satmaqdan gedir. Düşünürəm ki, Beynəlxalq Bankın satışa çıxarılması bununla bağlıdır. Amma Beynəlxalq Bankın satılması ilə iş bitmir. İtkinin miqyası çox böyükdür. Ona görə biz energetika sektorundan da satışların şahidi ola bilərik».
Bank rəhbərləri barəsində bundan sonra cinayət işinin qaldırıla biləcəyinə gəlincə isə, N.Əliyev onu da bildirdi ki, əgər bankların fəaliyyətində cinayət tərkibi varsa, belə addım atılmalıdır. Rabitə və MTN işlərinin buna misal olduğunu deyən N.Əliyev bildirdi ki, bu məhkəmələrdə dövlət vəsaitlərinin talan edilməsi ilə bağlı kifayət qədər faktlar üzə çıxıb. Bu tip tendensiyaların banklardan da yan keçmədiyini söyləyən N.Əliyev vurğuladı ki, amma banklarla bağlı cinayət işi açılmalıdırsa, bu istiqamətdə Beynəlxalq Bank işinin ətraflı araşdırılmasına ehtiyac var. Bu işdə yalnız Cahangir Hacıyevin sorğulanması yanlışdır. Bankın digər məsul şəxsləri barəsində ciddi araşdırma aparılmalıdır».
Xəyal