120 milyardı talan edənlərin xalqa verdiyi yeni “təsəlli”
Hökumətimiz xalqa quru vədlərdən, kövrək təsəllilərdən, boş ümiddən başqa heç nə verə bilmir. Vətəndaş gündən-günə ağırlaşan həyat şəraitinin qarşılığında müsbət addımlar görmək istəsə də, hökumət sözdən əmələ keçə bilmir.
“Növbəti 15-20 il ərzində neftin qiymətindən asılı olaraq, Azərbaycan Dövlət Neft Fonduna (DNF) bütün neft-qaz sazişlərindən 100 milyard dollar vəsait daxil ola bilər”. Bunu Dövlət Neft Fondun icraçı direktoru Şahmar Mövsümov noyabrın 24-də bank forumundakı çıxışında deyib.
Göründüyü kimi vətəndaşa növbəti dəfə təsəlli paylamaqla məşğuldular. Bu təsəlli təxminən Molla Nəsrəddinin borclu olduğu adama verdiyi proqnoza bənzəyir. Əgər neftin qiyməti qalxarsa, 15-20 il ərzində ölkəyə 100 milyard gələ bilər. Bəli, böhran ölkəni ağuşuna alıb, hökumət isə neftin qiyməti ilə bağlı xəyallar qurub, xalqa quru söz yedizdirir.
Şahmar Mövsümovun proqnozunun nə qədər real olduğunu şərh etmək istəmirik. Bu məsələni iqtisadçıların öhdəsinə buraxırıq.
Reallıq isə budur ki, Azərbaycanın bu qədər ağır vəziyyətə düşməsi neftin qiymətinin aşağı düşməsiylə bağlı deyil. Guya, ötən 20 il ərzində ölkəyə 120 milyard yox, 220 milyard gəlsəydi nə olacaqdı? Əgər korrupsiya varsa, hüquqsuzluq hökm sürürsə, məmur dövlətə gəlir gətirən obyekt kimi baxırsa, ölkəyə nə qədər pulun gəlməsinin əhəmiyyəti varmı?
120 milyard neft pulundan sonra xarici borcumuz 25 milyarda yaxınlaşıbsa, əhalinin yarısı bank girovuna çevrilibsə, səhiyyə, təhsil, hüquq sistemi iflic vəziyyətə düşübsə, minimum əməkhaqqı 120 manatdan yuxarı qalxmayıbsa, yerli istehsal yoxdursa, iş adamları ölkəni sürətlə tərk edirsə, milli valyuta 110 faiz dəyər itiribsə, bank sektoru sıradan çıxıbsa, insanlar intihar həddinə çatıbsa, 100 milyard gəlsə nə dəyişəcək? 120 milyarddan vətəndaşa heç nə çatmayıbsa, bu qədər vəsait ölkənin çiçəklənməsinə xidmət etməyibsə, 100 milyardla nəyə nail olmaq mümkündür?
Əgər ölkədə şəffaflıq olsaydı, korrupsiya dövlət siyasətinə çevrilməsəydi, ölkə iri məmurlar tərəfindən ata malı kimi bölünməsəydi, nəinki 120 milyard, hətta 60 milyardla da xeyli işlər görmək olardı. Gözümüzün qarşısında kiçik və kasıb Gürcüstan dövləti var. Hansıki, bu ölkənin büdcəsi, Azərbyacanın neftsiz büdcəsindən çoxdur. Bu ölkədə minimum əməkhaqqı, Azərbyacandan çoxdur. Bu ölkənin iqtisadi göstəriciləri, Azərbaycandan yüksəkdir. Hətta, heç bir sərvəti olmayan Ermənistanda da iqtisadi göstəricilər Azərbaycandan yaxşıdır.
Deməli, əsas idarəçilikdi, dövlət malına xəyanət etməməkdi. Əgər Gürcüstan məhdud potensialla böyük uğurlar əldə edibsə, Azərbaycan 120 milyard dollarla tarix yazmalıydı. Amma 21-ci əsrdə Azərbaycan əhalisi qazsızlıqdan, yolsuzluqdan, kanalizasiya ssiteminin olmamasından əziyyət çəkir. Kortofdan tutmuş, diş çöpünə qədər idxaldan asılı vəziyyətdəyik. Elə bir sahə yoxdur ki, “bu sahədə vəziyyət normaldır” deyə bilək.
Əksinə zaman göstərdi ki, Azərbaycana böyük pullar gəldikcə, ölkəni böyük bəlalar bürüdü. 120 milyard neft pulu ölkənin qurulmasına yox, dağıdılmasına xidmət etdi. Bir qrup adam milyarderə çevrildi və milyonlarla insanın tlaeyi üzərində oyun oynadı.
Ona görə də 15-20 il ərzində ölkəyə 100 milyard gələcəyi ilə bağlı proqnoz doğru olsa belə, acınacaqlı vəziyyəti dəyişmir. Bu ölkəyə ədalət, şəffaflıq, demokratiya gəlməyənə qədər heç nə düzəlməyəcək. 120 milyardı udanlar, 100 milyardı da həzm etməyin yollarını axtaracaqlar.
İlham