Putin Avropanı demokratiyanın deqradasiyasında ittiham etdi

Avropa Parlamentinin Rusiyanın propaqanda fəaliyyətinə qarşı qətnamə qəbul etməsindən sonra Rusiya prezidenti Vladimir Putin RT telekanalı və Sputnik agentliyinin əməkdaşlarını səmərəli işlərinə görə təbrik edib.

Onun fikrincə, Avropa Birliyinin qərarında adı keçən jurnalistlər “tamamilə aktiv, səmərəli və qabiliyyətli iş həyata keçirirlər”. Putin ümidini ifadə edib ki, qətnamənin qəbulundan sonra KİV üçün real məhdudiyyətlər gətirilməyəcək. O, güman edir ki, “sağlam düşüncə qalib gələcək”.

Putin bildirib ki, Qərb ölkələri “Rusiyaya demokratiya öyrətməyə” cəhd edir, ancaq özləri “demokratik prinsip və normalara uyğun gəlməyən” qadağalara qaçırlar. “Açıq müzakirə həmişə ən yaxşı yol olub. Belə bir qərar qərb ictimaiyyətində demokratiya haqda təsəvvürlərin deqradasiyasını göstərir”, – Putin qeyd edib.

Qətnamə müəlliflərinin fikrincə, RT telekanalı, Sputnik informasiya agentliyi, “Russkiy Mir” fondu və Rossotrudniçestvo agentliyi Avropa Birliyi üçün informasiya təhdidi təşkil edir.