Korrupsiya dövlətçiliyi – “bərabər imkanlar” ölkəsi

xaliq-bahadirXaliq Bahadır

“Azərbaycan prezidenti” adlanan İlham Əliyev görün nə deyir: “Azərbaycan hər kəs üçün bərabər imkan yaradılan ölkədir”. “Prezident” adı daşıyan adam xalqın gözünün içinə yalan danışır.
Rəsmi statistikaya görə, Azərbaycanda hər ay 1000 ailə (min ailə!) yoxsulluq, dolanışıq dözülməzliyindən dağılır! Bu ilin 6 ayında yüzdən artıq qadın, 30-dək uşaq yoxsulluqdan, dolanışıq dözülməzliyindən özünü öldürüb! Bu ilin 7 ayında 1171 azərbaycanlı qız yoxsulluqdan, dolanışıq dözülməzliyindən başqa ölkə yurddaşlarına ərə gedib! Bu gün təkcə Bakıda yaşı keçən minlərlə gənc işsizlik-yoxsulluq-evsizlik üzündən ailə qura bilmir!
Bütün bunlarla yanaşı, İlham Əliyev 11 yaşlı oğluna Dubayda 44 milyon dollarlıq (hamısı bir yerdə 75 milyon dollarlıq) MÜLK alıb. Bundan başqa o, Rusiyada, Fransada, İngiltərədə, Amerikada milyardlarla dollar dəyərində MÜLKLƏR alıb! Sumqayıtda 17 zavod keçi qiymətinə Əliyevlər ailəsinin adına özəlləşdirildikdən sonra (“Sumqayıt texnologiya parkı”) əlaltı parlamentdən keçirməklə 7 illiyə vergidən yayındırılıb! Daşkəsənin qızıl-gümüş yataqları İ.Əliyevin qızlarının adına özəlləşdirilib! İ.Əliyevin ailəsi milyonlar tökməklə Rusiyada məktəblər, uşaq baxçaları tikdirib təmir etdirir, Yeni il bayramları keçirir. Bundan başqa, dünyanın bir çox yerlərində, başlıcası da Avropada, Əliyevlər ailəsi Petka kilsəsinin, Luvr muzeyinin, Vatikanda katakombaların təmirinə, bir çox başqa belə işlərə milyonlar, milyardlar tökür.
Bütün bunların üstündən ortaya atılan BƏRABƏR İMKANLAR yalanına görə kim cavab verməlidir?! Bu eləcə yalan deyil, bir də Azərbaycan adına, Azərbaycan xalqı adına böhtandır, təhqirdir – başqa cür desək, bugünlərdə müxalifətə qarşı çıxarılan qanunda göstərilənlərin özüdür!
Rüşvət-korrupsiya-oğurluq-soyğunçuluq-monopoliya kimi antidövlət görsənişlərinin, başqa cür desək, dövləti içindən aşındırıb dağıdan görsənişlərin, DÖVLƏT SİYASƏTİNƏ DÖNÜŞDÜYÜ ölkədə nə olur olsun, İMKAN BƏRABƏRLİYİ ola bilməz! Bu yalnız politoloji qanunların deyil, fizika qanunlarının da pozulması demək olardı. Demokratik ilkələrin, dəyərlərin bütünlüklə arxa plana keçirildiyi, SİSTEM dışı edildiyi, ayrıca olaraq qanunçuluğun ayaqlar altına atıldığı, hakimiyətin bütün qollarının korrupsiya-yolsuzluq bataqlığına batdığı ölkədə İMKAN BƏRABƏRLİYİ necə ola bilər?! Axı, burada İMKAN (bizim dildə, olanaq) anlayışı bireyin biliyinə, bacarığına, talantına deyil, korrupsioner rejimə, rejim yetkililərinə hansısa yaxınlığa bağlıdır.
Milli Təhlükəsizlik Nazirliyi, Rabitə, Yüksək Texnologiyalar Nazirliyi ilə bağlı məhkəmə sürəcində nələrin üstü açılır! Nələrisə bilirdik, ancaq, belə də bilməzdik – ortaya çıxan cinayət faktları biz bilənlərdən, biz düşünənlərdən qat-qat artıqdır, mən deyərdim, ağlasığmazdır! Bu faktlar ortada gerçək bir dövlətin deyil, bütünlüklə kriminallaşmış mafiya dövlətinin olduğunu göstərir. Milli təhlüskəsizliyimizi qorumalı olanlar siyasi sistemin suçu üzündən MİLLİ TƏHLÜKƏ faktoruna çevriliblər! Yenə də siyasi sistemin suçu üzündən bu nazirlikdə illərlə cinayət cinayət üstünə qalaqlanıb!
Bəs Rabitə, Yüksək Texnologiyalar Nazirliyində baş verənlər?! İndiyədək bütün nazirliklərdə, bütün dövlət qurumlarında olan, burada məhkəmə predmeti olaraq ortaya çıxan ƏLİYEVÇİ AZƏRBAYCAN PAKET PARKI! Hər ay nazirə (Əli Abbasov) 200-300 min verilirmiş, başqa yetkililərə 30-50 min manat (manatın dollara üstün gəldiyi 2009-2014-cü illərdə). Sözsüz, onda İlham Əliyevin, başqa dövlət yetkililərinin başı milyardlarla neft pullarını bölüşüb mənimsəməyə, dağıtmağa qarışmışdı. Neft ucuzlaşandan, gündəlik “kotyol” yığımları kəskin azalandan sonra “daxili imkanları” eşələməklə “qazan” qazancını artırmaq gərəyi yaranıb. Bir nazirliyin başqa bir nazirliyə (burada Vergilər nazirliyi) milyonlarla (indilikdə 11 milyon) rüşvət verməsi faktı dünyada ANALOQU olmayan görsənişlərdəndir.

… “Azərbaycan hər bir kəs üçün yaradılan bərabər imkanlar ölkəsidir”. Budur, baxın: “2 milyon nazirə, 1,5 milyon müavinə verdim. Mənə cəmi 1,2 milyon qalıb”.