Yarıtmazlıq 312 min nəfəri işsiz qoyub

rus yoxsulHökumətin bütün fəaliyyəti tənəzzülə xidmət edib

Hökumət işsizlik probleminin həll olunmasından danışsa da, ölkə başçısı yoxsulluq səviyyəsinin 5 faiz olduğunu iddia etsə də, statistik rəqəmlər bunun əksini göstərir. Məsələn, bugünlərdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev bildirdi ki, yanvar-sentyabr aylarında 190 min şəxs məşğulluq orqanlarına müraciət edib.  Nazir müavini daha sonra əlavə edib ki, 10 ay ərzində  312,6 min əmək müqaviləsi pozulub. Deməli, bu ilin 10 ayı ərzində 312 min ailə qazancdan məhrum olub. Hətta etiraf olunan rəqəmlər göstərir ki, böhran ölkəni mühasirəyə alıb və buna qarşı heç bir addım atılmayıb. Əksinə, birinci devalvasiyadan sonrakı müddətdə görülən işlər ölkəni daha da ağır vəziyyətə salıb. Bu isə o deməkdir ki, ötən müddət ərzində heç bir iş görülməyib.

Məsələ burasındadır ki, nazir müavini 10 ay ərzində 339 min əmək müqaviləsinin imzalandığını da bəyan edib.  Yəni, 312 min əmək müqaviləsi pozulsa da, 339 min adam işlə təmin olunub.

Reallıq bundan ibarətdir ki, iş yerlərinin  bağlanma səbəbi böhranın ağır təsiridir. Yəni, qiymətlər bahalaşır, alıcılıq qabiliyyəti aşağı düşür, müəssisələr vergi ödəyə bilmir və.s  Necə ola bilər ki, böhran səbəbindən 312 min əmək müqaviləsi pozulur  və eyni vaxtda 339 min əmək müqaviləsi imzalanır? Belə çıxır ki, ölkənin bir hissəsini böhran vurub, o biri hissəsini isə inkişaf dalğası bürüyüb?

Məsələn, bugünlərdə məlum oldu ki, 2700 bank işçisi işini itirib, yaxud hansısa müəssisənin, mağazanın bağlandığı haqqında xəbərlər eşidirik. Yəni, iş yerlərinin bağlanmasıyla bağlı statistikanın nələrə istinad etdiyini bilirik. Amma 339 min iş yerinin harda açıldığını, hansı sahələri əhatə etdiyini bilmirik. Nəinki 339 min, 3000 iş yerinin açılamsı barədə heç bir məlumat yoxdur. Nazirlik açılan iş yerlərinin siyahısını niyə dərc etmir? Niyə, bu haqda mətbuatda məlumat yoxdur?

Səbəb isə budur ki, göstərilən rəqəmlərin reallıqla əlaqəsi yoxdur. Uzaqbaşı müvəqqəti iş yerləri əmələ gəlir və bunu da daimi iş yeri kimi qeydiyyata salırlar. Amma son dövrlər tikinti sektoru da dayanıb və müvəqqəti iş yeri tapmaq da müşkülə çevrilib.  Eyni zamanda hər gün xəbər alırıq ki, hansısa məktəbin müəllimləri aylardı maaş ala bilmir, hansısa Universitetin tələbələri aylardı təqaüd ala bilmir, pensiyalar gecikdirilir və.s

Deməli, indiki şərtlər daxilində 339 min iş yerinin açılması nağıldı. Reallıq isə 10 ay ərzində 312 min əmək müqaviləsinin pozulmasıdır. Qeyri-rəsmi olaraq işləyənləri də bu siyahıya əlavə etsək, daha dəhşətli rəqəmlər ortaya çıxır.

Faktiki olaraq hökumət vətəndaşın vəziyyətini yüngülləşdirmək əvəzinə, vətəndaşı daha ağır vəziyyətə salıb. Neftin qiyməti 120 dollar olanda iş yeri aça bilməyən hökumətin, indiki maliyyə çatışmazlığı şəraitində 339 min iş yeri açması gülünc görünür.

Bir sözlə, hökumətin “böhrandan uğurla çıxmışıq” söylədiyi dövrdə 312 min nəfər iş yerini itirib. 312 min ailə ağır vəziyyətə düşüb və bu proses davam edir.

Bəli, hakimiyyətin ötən 10 ayda gördüyü işlərin nəticəsi bundan ibarətdir. Azərbaycan sürətlə səfillər ölkəsinə çevrilir.

Akif