Əyyub Kərimov: «Prokurorluğun bu məsələlərə aydınlıq gətirməsi bir başa borcudur»
Hazırda “Rabitə işi” çərçivəsində həbsdə olan “Azərpoçt”un baş direktoru Qənbər Bəybalayevin istintaqa verdiyi ifadəsinin bu gün yayılan hissəsində maraqlı bir detal var.
Aşağıda yer alan ifadənin bu hissəsində adı çəkilən Sübhan Kazımov təsadüfi adam deyil.
O, YAP-ın icra katibi və baş nazirin müavini Əli Əhmədovun doğma bacısının oğludur. Hazırda da “Azərpoçt”da baş direktorun müavini olmaqla, eyni zamanda, baş direktor vəzifəsini icra edir.
İndisə Qənbər Bəybalayevin Əli Əhmədovun bacısı oğlunun və nazir Ramin Quluzadənin hələ də etimad göstərdiyi Sübhan Kazımovla bağlı istintaqa verdiyi ifadəyə qayıdaq.
“Azərpoçt” MMC-yə ayrılmış pul vəsaitinin 35 faiz hissəsinin nağdılaşdırılması və onun müvafiq qaydada bölünməsi ilə bağlı keçmiş baş direktor ifadəsində deyib ki, Vidadi Zeynalov bu puldan ona da pay çatdığını yalandan deyir. Çünki vəsaitdən ona hər hansı məbləğdə pul qalmayıb:
“Mən, ümumiyyətlə, iş görən şirkətlərlə faiz məsləsində müzakirənin aparılmasında, bununla bağlı razılığın əldə olunmasında iştirak etməmişəm. Həmin şirkətlərin nümayəndələri ilə hər hansı ünsiyyətim olmayıb.
Vidadi Zeynalovun tapşırığına uyğun olaraq şirkətlərin nümayəndələri Sübhan Kazımovla əlaqə saxlayıb və ona hansısa məbləğdə pul vəsaiti verib, ya da birbaşa Vidadi Zeynalovun özü ilə əlaqə saxlayıb pulu ona verirdilər. Sübhan da pulu qəbul etdiyi kimi, yəni açıq şəkildə deyil, bağlamada Vidadi Zeynalova çatdırmaq üçün ona və ya Vüqar Əfəndiyevə verirdi. Mən özüm də pulları bu cür bağlamada Vidadi Zeynalova çatdırmışam”. (Mia.az)
Bu işlə bağlı eyni zamanda xeyli sirli məqamlar var. Prokurorluğun Əli Abbasovun qalmaqallı açıqlamaları ilə bağlı tədbir görməməsi, keçmiş nazirin iki müavinin verdiyi fiaədələrə və ortada olan faktlara baxmayaraq hələ də vəzifəsində qalması bir çox suallar yaranır.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hazırda həbsdə olan yüksək vəzifəli şəxslərinin işi üzrə istintaq materialları bu nazirlikdə illər boyu mövcud olmuş, dəqiq mexanizmə malik korrupsiya sisteminin necə işlədiyini bütün detalları ilə üzə çıxarır.
Bu korrupsiya sistemi nazirliyin strukturuna daxil olan müəssisələrin hər ay xərclərin azı 35 faiz şişirdilməsi yolu ilə ayrılan vəsaitlərdən topladıqları “otkat”ı rəhbərliyə təhvil verməsini, yığılan pullardan isə hər ay nazir Əli Abbasov başda olmaqla vəzifəlilərə “paket”lərin verilməsini, habelə nazirliyə “krışalıq” edən MTN-nin generallarına aylıq haqqın ödənilməsini nəzərdə tuturdu.
Xəbər verdiyimiz kimi bu sistemdə nazir Əli Abbasovun aylıq “paketi” 300-400 min manat, nazir müavinlərinin “paketi” isə 30-50 min manat arasında olub. Habelə nazirliyin strukturunda olan müəssisələrin rəhbərləri, digər vəzifələrilər də bol sıfırlı “paketlər” alıblar.
Ekspert Əyyub Kərimov hesab edir ki, «rabitə işi» ilə bağlı ortada olan faktları əsas tutaraq müvafiq addımların atılmaması sadəcə olaraq biyabırçılıqdır: «Prokurorluq bu məsələyə aydınlıq gətirməlidir. Bu məsələyə aydınlıq gətirilmədikcə, şaiələr baş alıb gedir. Prokurorluğun bu məsələyə aydınlıq gətirməsi bir başa onun borcudur. Ya aydınlıq gətirməlidir ki, prokurorluq bu məsələni araşdırıb və burada cinayət tərkibi görmür. Ya da məlumat verilməlidir ki, yoxlama davam edir və ictimaiyyətə əlavə məlumat veriləcək. Bunlardan ikisindən biri hökmən olmalıdır. Yoxsa ictimaiyyət belə bir məsələdə çaş-baş qalır».
Ə.Kərimov eyni zamanda onu da bildirdi ki, V.Zeynalov və vəkilləri də bu məsələyə aydınlıq gətirməlidir.
Hikmət