«Manatı yaxın aylarda xeyli çətinliklər gözləyir»

 

mehemmed talibliMəhəmməd Talıblı: «Manatın dollar qarşısında dəyər itirməsi növbəti ayların əsas mövzusu olacaq»

Manatın dəyər itirməsi davam etməkdədir. Təkcə noyabrda manat 7 faiz ucuzlaşıb. Manatın dollar qarşısında geri çəkilməsi hələ bir müddət də davam edəcək. Ekspertlərin fikrincə, neftin dəyər itirməsi də manata təzyiqi artıran faktordur. Mərkəzi Bankın bazara növbəti müdaxiləsinin gözlənildiyi barədə məlumatlar var. Proseslər nə vəd edir? İlin sonuna qədər manatın aqibəti necə olacaq?

İqtisadçı Məhəmməd Talıblının fikrincə,  dollar qıtlığının yaşanması təkcə manatın dəyərdən düşməsi ilə baş verməyib. Həm də ölkədə ABŞ dolları və avronun satışında da azalmalar baş verib: «Əgər bu ilin 9 aylıq göstəriciləri üzrə müqayisələr aparsaq, məlum olacaq ötən ilin müvafiq dövrü ilə müqayisədə dolların satıs əməliyyatı 2,8 dəfə, avronunku isə 2,7 dəfə azalıb. Demək hər iki valyuta üzrə tələbin hələ yüksək olmadığı bu ilki dövrdə, xüsusilə istehlakın azalması fonunda əməliyyatlar belə azalıbsa, görün iqtisadiyyatın özündə güclü hərarətlənmə olsaydı, nə baş verərdi. Bu dövr ərzində əməliyyatların isə 85 faizi ABŞ dolları ilə aparılıb».

M.Talıblı onu da vurğuladı ki, dollarla əməliyyatlara maraq bir tərəfdən artıb, digər tərəfdən isə dollarla ölkəyə daxil olan kanallar zəifləyib: «Söhbət Mərkəzi Bank, Neft Fondu və SOCAR-ın əldə etdiyi vəsaitlərin daxilolmasından gedir. Bu dövlət səviyyəsində dollarla yığım imkanlarından gedir. Buna paralel olaraq dollarla yığım aparan və oliqarxlara məxsus biznes əməliyyatlarında iştirak edənlərində davranışlara dolların tələb-təklif rəqsinə təsir göstərib. Yəni, ölkədəki investisiya iqlimi üçün yaranmış qorxunc hesab olunan qeyri-müəyyən vəziyyət və istintaq altında olan şəxslərin dollarla paketləşmiş sərvətlərinin salxana vasitəsi kimi hərəkətsizliyindən gedir. Iri sərvət sahiblərinin həbsi, bir çoxlarının istintaq altında saxlanılmasının da bu prosesdə rolu var. Sanki, iqtisadiyyatın qan-damar sistemində yaranmış “tromp” davamlı qan tənzimlənməsini əngəlləyir. Çoxsaylı amillər milli valyutanın dönərli valyuta olaraq dəyər qazanmasını çətinləşdirir. Hədəflənmiş islahat addımları da bu proseslərə yön vermək iqtidarında deyil. Ona görə, manatı yaxın aylarda xeyli çətinliklər gözləyir. Manatın dollar qarşısında dəyər itirməsi növbəti ayların əsas mövzusu olacaq. Bu proses elə çoxvektorlu olacaq ki, pulu olanda, olmayanda bu mövzuda danışacaq. Çünki, bu təlatümlər bütün ailələri silkələyəcək».

Xəyal