Sərmayə harda cəmlənirsə, inkişaf üçün zəmin də orda yaranır. Para harda toplanırsa, həmin ərazi nasos kimi yaxın-uzaq ətrafdakı bütün insanları sorub götürür.
Son 15 ildə ölkə ərazisinin cəmi 5%-ni təşkil edən Abşeron yarımadasının (Bakı və Sumqayıt şəhərləri+Abşeron rayonu) timsalında bunu aydın gördük.
Bilirsiniz ki, bu gün iqtisadiyyat üzrə milli gəlirin təxminən 80%-i, vergi gəlirlərinin 95%-i, ixracın az 96%-i, investisiyaların 70%-i bu coğrafiyanın payına düşür.
Amma problem təkcə ölkənin bütün iqtisadi potensialın az qala 90%-nin onun cəmi 5%-lik ərazisində formalaşması ilə də bitmir.
Abşeron yarımadasının çox kiçik sahəsinin da daxilində “periferiya-mərkəz” problemi kəskindir. Rəsmi statstikanın məlumatına görə Səbail, Nərimanov və Nəsimi rayonları Bakı şəhəri ərazisinin cəmi 3%-ni təşkil edir. Amma 2015-ci ildə paytaxt iqtisadiyatına qoyulan 11.5 milyard manat investisiyanın 75%-i (8.5 milyard manat) həmin 3%-lik əraziyə yönəlib.
Sərmayə təkcə inkişaf yaratmır – bu cür qeyri-bərabər bölünəndə fəsadlar da törədir. Məsələn, hər gün şəhərin mərkəzində insanlarını ömrünü qısaldan tıxaclar kimi. Yağış normal yağanda faydalıdır – quraqlıq yaranmağa qoymur, canlı təbiətin suya tələbatını qarşılayır. Amma selə çevriləndə dağıntılar yaradır.
Sərmayələri bütün ərazilərə tarazlı paylaşdırmaqla inkişafı da bütün ölkəyə yaymağa nail olmaq gərəkdi. Hökumətin hazırlanmaqda olan Yol Xəritəsinin ana xəttini tarazlı bölgə inkişafı təşkil etməli idi. Sektorial inkişaf isə bölgə inkişafının ətrafında alt istiqamətlər kimi hədəflənməliydi.
Məlumat üçün deyim ki, inkişaf etmiş ölkələrdə artıq son 30-40 ildə iqtisadiyyatda sektorial inkişaf prioritetini tarazlı ərazi inkişafı əvəzləyib. Azərbaycanda nə zamansa peşəkar hökumət qurulanda ölkənin böhrandan çıxarıb davamlı inkişaf yoluna çıxmaq üçün əsas resept bu olacaq. Dünyanın 70-80 il əvvəl getdiyi, son 30-40 ildə imtina etdiyi yolu biz indi seçirik. Hələ o yolu hansı keyfiyyətlə gedəcəyimiz də bir ayrı mövzudur.
İndiki hakimiyyət bu yolu seçə bilməz- təkcə ona görə yox ki, korrupsiya maraqları indiki idaretmə mexanizmlərini dəyişmək üçün əngəldir. Həm də o səbəbdən ki, qeyd elədiyim prioritetin seçilməsi siyasi və kapital təmərküzləşməsindən imtinanı tələb edir. Halbuki indiki siyasi sistemin mövcudluğu yüsək siyasi mərkəziyyətə (həmçinin onun doğurduğu kapital təmərküzləşməsinə) əsaslanır.
Yazı iqtisadçı-ekspertin facebook səhifəsindən götürülüb