Ata-analımız nə gündə, yetimimiz nə gündə?

saadet-cahangir-koseSəadət Cahangir

Hörmətli vəkilimiz Bəhruz Bayramov səhifəsində maraqlı bir yazı paylaşıb: ” Bu gün bir xanım mənə uşağın övladlığa götürülməsi ilə bağlı müraciət etdi. Həyat yoldaşını da neçə illərdir tanıyıram. Hər ikisi işləyir, mədəni, normal insanlardır. Uşaq evinə müraciət ediblər ki, “övladlığa uşaq götürmək istəyirik.” Bildiriblər ki, “olar, amma cəmi 7000 manat xərci var, məhkəmə işini də özümüz həll edəcəyik…” Ölkədə  uşaq övladlığa götürmək sahəsində əngəllər illərdir bu qaydada davam edir. Hələ əvvəllər durum bundan yaxşı, qiymətlər də aşağı idi. Yadımdadır, hardasa 7-8 il bundan əvvəl xarici QHT-lərdən birinin rəhbəri Bakıda uşaq övladlığa götürmək istəyirdi. Uzun-uzadı süründürməçilikdən, yazışmalardan, sənədləşmələrdən sonra istəyinə nail oldu. Kifayət qədər imkanlı, mədəni adamlar idi və xanım illər uzunu kimsəsiz uşaqlarla işlədiyinə görə, onların “dilini” də gözəl anlayırdı. Sonra layihələri bitdi, yığışıb ana vətənlərinə -Almaniyaya getdilər. Uşağın sonrakı taleyi ilə maraqlandım. Keçmiş iş yoldaşlarımızla yazışmalarından və fotolardan öyrəndim ki, uşaq əsl ailə qayğısı tapıb və gözəl məktəblərin birində də oxumağa başlayıb. Şübhəsiz, ölkədə ata-ana qayğısından məhrum olmuş uşaqların böyüyüb normal şəkildə cəmiyyətə adaptasiya olunması üçün yetərli qayğı olsaydı, onların xaricə çıxarılmasına etiraz edərdim. Amma halımız hamıya məlum. Ölkədəki 23 illik yarıtmaz idarəçilik üzündən hər kəs atalı-analı yetim gününə qalıb. “Dövlət baba” böyükdən-kiçiyə hamını taleyin ümidinə buraxıb. Ailə, uşaq, ana problemləri ilə bağlı bir normal dövlət proqramı yox ortada. Hökumətin tibbi qayğı, qidalanma, sağlamlıq məsələləri istiqamətində də hər hansı bir uğura imza atdığı yox. Ailə olaraq indiki durumda hər kəs sağlam, normal övlad böyütməyin çətinliklərini gözəl bilir. İndi görün, ailələrin yaşadığı bu çətinliklər uşaq evlərində necə yaşanır və hansı travmalar bahasına başa gəlir…

Övladlığa uşaq götürmək ciddi məsələdir, bəli. Hər yetənə necə gəldi uşaq etibar da etmək olmaz. Amma bizdə bu məsələni bürokratik bir süründürməçiliyə çeviriblər və üstəlik işin həllini gətirib böyük bir məbləğə bağlayıblar. Qanunda o uşaqların övladlığa götürülməsi üçün pulmu tələb olunur? Yox, təbii. O zaman məsələni gətirib alverə bağlamaq hansı vicdana və əxlaqa sığır, özünüz deyin. Bu alverlə “uşaq ticarəti” deyilən cinayət arasında çoxmu böyük fərq qalır, sizcə?  Heç kimsə atılmış uşaqların o evlərdə xoşbəxt olduğunu söyləyə bilməz. Azərbaycan reallığında isə bunun daha acı tərəfləri var. Ölkənin, cəmiyyətin, insanların yaşadığı bütün naqisliklər özünü mütləq mənada o evlərə də yansıdır. Bəlkə də, bu cəmiyyətin çəkdiyi hüquqsuzluq, dəyərsizlik, ehtiyac, yoxsulluq, mərhəmətsizlik kimi sancıların ən ağır travması elə o kimsəsiz uşaqlara dəyir. Axı niyə orda yetimlik yaşayan bir körpənin gözündən bir övladsız ailənin ocağına işıq düşməsini əngəlləyirsiniz ki? Niyə qəddarlıqlarla dolu bu məmləkətdə  ocaq istisi görməyən bir körpəyə uzanan mərhəmət əlini geri çevirirsiniz? Bu işə olan süni əngəllər aradan qalxsa, bəlkə yüzlərlə adam o uşaqları himayəyə götürmək fikrinə düşəcək elə? Bundan qazanc götürəcək qədərmi ruhsuz və zalım olacaqdınız sonunda?..

Əvvəllər işimlə bağlı uşaq evlərinə və kimsəsiz uşaqlar üçün keçirilən tədbirlərə çox gedərdim. İndi də ara-sıra xeyriyyə kampaniyalarına qoşuluram, amma oralara getməyə ürəyim gəlmir. Bu sahibsiz, kimsəsiz, bəxtsiz ölkənin ata-analısı nə gündədir ki, yetimi də nə gündə olsun?